“Gürcüstanda ərazi bütövlüyü prinsipinə dəstək elan olunacaq” Siyasət

“Gürcüstanda ərazi bütövlüyü prinsipinə dəstək elan olunacaq”

Mübariz Əhmədoğlu: "Əgər burada Dağlıq Qarabağ məsələsini ayıracaqlarsa, o zaman Avropa elə ermənilərindir"


"Hesab edirəm ki, noyabrın 26-27-də Tbilisidə keçiriləcək 6-cı Qeyri-Formal Şərq Tərəfdaşlığı Dialoqu prinspial tədbir olacaq". Bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu deyib. Mərkəz sədrinin sözlərinə görə, Gürcüstanda keçirilən bütün beynəlxalq tədbirlərdə Tbilisiyə gələn bütün xarici rəsmilər bu ölkənin ərazi bütövlüyü prinsipinə dəstək bildirirlər: "Onlar Abxaziya və Cənubi Osetiyanın Gürcüstanın tərkib hissəsi olduğunu qeyd edirlər. Rusiyadan tələb edirlər ki, Abxaziya və Cənubi Osetiyanın tanımaqla bağlı qərarını ləğv etsin. Bu məsələlər həmişə aktual olub. Gürcüstanla əlaqəli bu məsələlərlə bağlı ya sənədlər qəbul olunur, ya da bəyanatlar verilir, fikirlər səsləndirilir. İndi Gürcüstanda ərazi bütövlüyü prinsipinə dəstək elan olunacaq. Əgər burada Dağlıq Qarabağ məsələsini ayıracaqlarsa, o zaman Avropa elə ermənilərindir".
M.Əhmədoğlu əlavə edib ki, Avropada siyasəti müəyyən edən qruplar ermənilərə daha çox bağlıdır: "Yox əgər Şərq Tərəfdaşlığı ölkələrinin hamısının ərazi bütövlüyünə dəstək veriləcəksə, bu artıq obyektivlikdir. Bu mənada Gürcüstandakı tədbir Qarabağ məsələsinə Avropanın münasibətini müəyyənləşdirmək üçün vacib bir tədbir olacaq. O da nəzərə alınmalıdır ki, Avropa İttifaqının Riqa sammiti Şərq Tərəfdaşlığı ölkələrinin ərazi bütövlüyünə dəstək verdi və rəsmi sənəd qəbul olundu. Almaniya kansleri Angela Merkel o sənədi Ermənistan prezidenti Serj Sarkisyana imzalatdırdı".