“İran Azərbaycandan üzr istəməlidir” Siyasət

“İran Azərbaycandan üzr istəməlidir”

Millət vəkili Zahid Oruc İran parlamentinin Xarici Siyasət və Təhlükəsizlik Komissiyasının sədr müavini Mənsur Həqiqətpurun Nardaran hadisələri ilə bağlı açıqlamasına münasibət bildirib. Millət vəkili bildirib ki, əgər belə bir açıqlama olubsa, İran Azərbaycandan üzr istəməlidir: "İran parlamentarilərinin mövqeyini bütövlükdə dövlətin ayağına yazmadığımızdan, həm də həmin ölkədə idarəçilik sistemi xeyli fərqli olduğundan, Ali Dini Şura üzərində ölkə formalaşdığından biz məsələləri münaqişə səviyyəsinə qaldırmağın əleyhinə olmuşuq. Etiraf olunmalıdır ki, İran keçmişdə bəlli şəkildə, dinin eksportu, hədəfi kimi bizim ölkəni görüb. Xüsusən də, Cənubi Azərbaycan amilinə qarşı önləyici tədbirlər görmək, Ermənistanı üstümüzə qaldırmaq kimi xətti izləyib və indi bütün bunlar təəssüflə xatırlanır. O da qeyd olunmalıdır ki, Ruhani dövründə münasibətləri yeni müstəviyə daşımaq, keçmişdə soyuqlaşan sahələrdə əlaqələri yenidən formalaşdırmaq, bir sıra səhvləri etiraf etmək yönündə addımlar atıldı. Bütün bunlar ölkəmizin rəhbərliyi tərəfindən anlayışla qarşılandığından əlaqələr genişləndi. Ona görə biz bunu şəxsi münasibət kimi qəbul etməyə çalışırıq. Bununla yanaşı, ölkəmizdə Nardaran hadisələrindən bəhs edən bir çox dairələr onsuz da qonşu ölkənin dini modeldə bir dövlətə dayanmasını əsas götürüb burada İran izləri axtarıblar. Həqiqətpur fərqindəmidir ki, onun bəyanatı bu iddiaları sanki təsdiqləyir. Bir tərəfdən də o öz ölkəsinin səfirini çətin durumda qoyur. Yəqin ki, İranın Bakıdakı səfirliyi də məsələni hansısa fərqli siyasi mənsubiyyət daşıyan parlamentarinin özfəaliyyəti kimi saya bilməyəcək. Ona görə də bu məsələyə rəsmi münasibət bildirmək, ona aydınlıq gətirmək, gerçəkdən baş veribsə, Azərbaycandan üzr istəmək tələb olunacaq.
Lakin önəmli bir məsələ var. Əslində bu gün istər İranda, istərsə də Azərbaycanda dinin dövlət idarəçiliyinə qədərindən artıq aşınmasının və xüsusən də islamın ekstremizm, fundamentalizmlə, xalis islam anlayışları ilə əlaqələndirilməsinin nə qədər ziyanlı olmasını hamı başa düşməlidir. Bu gün bizim davamız əsl müsəlmanlar, əsl dindarların xeyrinədir.
O ki qaldı homoseksuallar və digər təbəqədən olan insanlar üçün üstün şəraitin yaradılmasına Azərbaycan özünün bütün geyim libasını qurmaq üçün, televiziya proqramlarını hansı formada yaratmaq üçün, o cümlədən xarici əlaqələrinin hamısını İranın müvafiq qüvələri ilə məsləhətləşib etməlidir?
Əvvəla, Azərbaycanda eynicinslərin nikahına icazə verilmir. Bunu böhtan kimi atmağın mənası yoxdur. İrandan da çoxlu səhnələr nümayiş etdirilir. Bəzən virtual şəbəkələrdə həmin o çarşabla bərabər, öz emosiyalarını, düşüncələrini başqa yöndə, dünyagörüşlərində ifadə etdiklərinin şahidi oluruq. Lakin buna görə bütöv İran cəmiyyətinə qiymət vermək olmaz".