“Avropa Məhkəməsinin qərarları imperativ ola bilməz” Siyasət

“Avropa Məhkəməsinin qərarları imperativ ola bilməz”

"Avropa İnsan Hüquqları Məhkəməsinin qərarları heç bir ölkə üçün imperativ ola bilməz. Çünki hər ölkənin özünün milli qanunvericiliyi və milli məhkəmə-hüquq sistemi var".
Bunu APA-ya açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Hikmət Babaoğlu AİHM-in bəzi Azərbaycan vətəndaşlarının şikayətləri üzrə qəbul etdiyi qərarlara münasibət bildirərkən deyib. O bildirib ki, milli dövlətlər üçün Avropa strukturları heç bir halda üstqurum deyil və ola bilməz: "Əgər belə olarsa, o zaman milli dövlət və onun daxili strukturları sıradan çıxar və bütövlükdə milli dövlətdən və milli iradədən danışmaq olmaz. Avropalıların istəyi də elə budur. Onlar özlərini qlobal dövlətin subyektləri, yerdə qalan dövlətləri isə obyektləri hesab edirlər və düşünürlər ki, öz maraqlarına cavab verən hər hansı məsələni, o cümlədən məhkəmə qərarlarını milli dövlətə diktə edə bilərlər. Əlbəttə, belə davranış, ilk növbədə, müstəqil dövlətlərə təzyiq kimi başa düşülməlidir".
Hikmət Babaoğlu əlavə edib ki, Rusiya, İngiltərə, Almaniya kimi ölkələrdə Avropa Məhkəməsinin qərarlarının icra mexanizmi ya ümumiyyətlə yoxdur, ya da ləğv edilib: "Bu, çox doğru haldır. Əgər hər hansı bir dövlət Avropa Məhkəməsinin qərarlarını dərhal yerinə yetirərsə, onun özünün məhkəmə-hüquq sistemi çökər. Üstəlik belə vəziyyət vətəndaşların öz ölkəsinin hüquq sistemindən imtina etməsinə qədər gətirib çıxara bilər ki, bu da vətəndaş itaətsizliyi və cəzasız məkan yarada bilər. Ona görə də Avropa Məhkəməsinin qərarları əsla imperativ ola bilməz".
Hikmət Babaoğlunun sözlərinə görə, ikinci başlıca problem odur ki, Avropa Məhkəməsi çox hallarda hüquqi məsələləri siyasi müstəvidə qiymətləndirməklə qərəzli qərarlar çıxarır: "Hələ bəzi hallarda belə qərarların obyektivliyinə avropalıların dini, yaxud irqi mövqeyi də mənfi təsir göstərə bilir. Belə olduqda biz məhkəmə və ədalət sözlərini birlikdə işlədə bilmərik. Ancaq bütün hallarda məhkəmə sözü insanların düşüncəsində ədalət sözü ilə assosiasiya olunur. Avropa Məhkəməsi isə bunu təmin edə bilmir. Ona görə də bu məhkəmənin fəaliyyəti müsbət qiymətləndirilə bilməz".