“Əslində, Minsk qrupunun həmsədrlik institutu bir format kimi çoxdan çürüyüb” Siyasət

“Əslində, Minsk qrupunun həmsədrlik institutu bir format kimi çoxdan çürüyüb”

Azər Verdiyev: "Mandatından isə bir fayda yoxdur ki, ona kimsə bir xələl yetirsin"

"Minsk qrupu həmsədrləri ilk dəfə deyil ki, Volter və Markoviçin hesabatlarına qarşı çıxır". Bu fikirləri Azərbaycan-slavyan Gəncləri Assosiasiyası Analitik Təhlil Mərkəzinin rəhbəri, icmalçı Azər Verdiyev Avropa Şurası Parlament Assambleyası (AŞPA) məruzəçiləri Robert Volter və Militsa Markoviçin hazırladıqları hesabatlara ATƏT-in Minsk qrupu həmsədrlərinin sərt mövqe bildirməsi, AŞPA-nı bu münaqişəyə qarışmamağa çağırması məsələsinə münasibət bildirərkən deyib.
O bildirib ki, ATƏT-in Minsk qrupunun həmsədrləri Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həllinin tapılması səylərini alqışlayır və sülh yolu ilə həllə sadiq tərəflərlə birlikdə işləməyə hazır olduqlarını bəyan edirlər: "Bu mövqe ATƏT-in Minsk qrupunun həmsədrləri amerikalı Ceyms Uorlik, rusiyalı İqor Popov və fransalı Pyer Andryunun dünən yaydıqları birgə bəyanatında da deyildi. Eyni zamanda bəyanatda AŞPA-nın yaxın vaxtlarda münaqişə ilə bağlı qətnamə qəbul edə biləcəyi qeyd olunur. Minsk qrupu həmsədrləri ilk dəfə deyil ki, Volter və Markoviçin hesabatlarına qarşı çıxır, AŞPA-nın Dağlıq Qarabağ münaqişəsinə "müdaxiləsi"ni az qala yolverilməz sayır, ATƏT-in Minsk qrupunun "yeganə format" olduğu xatırladır və hansısa kənar qüvvə və qurumun bu münaqişəyə marağının Minsk qrupunun mandatına xələl gətirəcəyindən dəm vururlar. Əslində, Minsk qrupunun həmsədrlik institutu bir format kimi çoxdan çürüyüb, mandatından isə bir fayda yoxdur ki, ona kimsə bir xələl yetirsin. Hər halda, uzun illərdir vasitəçilik işində bir qarış olsun belə məsafə qət etməyən ATƏT-in Minsk qrupu özünü çoxdan bacarıqsız bir qurum kimi təsdiq edib. İşğal nəticəsində bir milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb, Dağlıq Qarabağda etnik təmizləmə həyata keçirilib, Xocalı soyqırımı törədilib. Bu faktları görməmək, ədalətli qiymət verməmək onların öz vəzifə borclarına kifayət qədər ədalətli yanaşmamasından irəli gəlir. O ki qaldı onların bugünkü mənfi mövqeyinə, bu, qərəzli və ikili standartlardan başqa bir şey deyil. Əslində onlar özləri də maraqlı olmalıdırlar ki, işğalçı dövlət konstruktiv mövqeyə yaxınlaşsın".
Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin üzvü, millət vəkili Qənirə Paşayeva isə deyib ki, ATƏT-in Minsk qrupunun həmsədrləri amerikalı Ceyms Uorlik, rusiyalı İqor Popov və fransalı Pyer Andryunun yaydığı son bəyanat Avropa Şurası Parlament Assambleyasına təzyiq və həftənin 2-ci günü qurumda müzakirə olunacaq iki önəmli qətnamə layihəsinə əngəl olmaq məqsədi daşıyır.
Q.Paşayeva bildirib ki, obyektiv olmaları gərəkən həmsədrlərin müzakirələrdən 3-4 gün öncə bu açıqlamanı verməsini Ermənistanın maraqlarının müdafiəsi kimi dəyərləndirir: "Çünki Ermənistan nümayəndə heyətnin müzakirələrə və sənədlərin qəbul olunmasına qarşı səsləndirdiyi arqumentlərin bəziləri ilə həmsədrləin arqumentləri üst-üstə düşür. Bir beynəlxalq təşkilatın digər bir beynəlxalq təşkilata və orada aparılacaq müzakirələrə qarşı hədə dili ilə danışması isə etikadan kənar bir addım kimi qiymətləndirilməlidir".
Deputat hesab edir ki, bu günə qədər Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarını azad etməsi istiqamətində heç bir ciddi addım atmayan həmsədrlərin bu məsələnin AŞPA-da geniş şəkildə müzakirəsinin və qəbul olunacaq sənədlərin guya problemin həllinə mane olması istiqamətində yanaşmaları, açıqlamaları obyektivlikdən çox uzaq, yanlış yanaşmadır və bununla işğalçı Ermənistanın himayədarı olduqlarını bir daha sübut edirlər: "Həmsədrlərin məhz bu cür mövqelərinə və açıqlamalarına görə indiyədək probleblemin həlli istiqamətində heç bir irəliləyiş əldə etmək mümkün olmayıb. Çünki bu cür açıqlamalar işğalçını cəsarətləndirməkdən başqa heç bir işə yaramır və həmsədrlərin son açıqlaması da təssüf ki, məhz elə buna xidmət edir. Ümid edirik ki, AŞPA-da bir sıra obyektiv mövqeli həmkarlarımız Minsk Qrupu həmsədrlərinin bu cür ədalətsiz açıqlamasının gerçək mahiyyətini tamamilə anlayacaq və onların çağırışlarına məhəl qoymadan ədalətin yanında olacaqlar".