“Forum Azərbaycana yalnız müsbət dividentlər gətirəcək” Siyasət

“Forum Azərbaycana yalnız müsbət dividentlər gətirəcək”

İlham İsmayılov: "Biz bunun nəticələrini tezliklə müşahidə edəcəyik"

Aprelin 25-27-də Azərbaycanın ev sahibliyi ilə Bakı şəhərində BMT-nin Sivilizasiyalar Alyansının "İnklüziv cəmiyyətlərdə birgəyaşayış: çağırış və məqsəd" adlı 7-ci Qlobal Forumu keçirildi. 7-ci Bakı Qlobal Forumda dünyanın əksər ölkələrindən çoxlu sayda nümayəndə iştirak etdi. Forumda BMT-nin Sivilizasiyalar Alyansının Dostları Qrupuna daxil olan ölkələrin dövlət və hökumət başçıları, xarici işlər nazirləri və digər yüksək səviyyəli hökumət rəsmiləri, beynəlxalq təşkilatların rəhbər heyətləri, dini liderlər, müxtəlif sahələr üzrə ekspertlər, qeyri-hökumət və vətəndaş cəmiyyəti, biznes dairələri və kütləvi informasiya vasitələrinin nümayəndələri təmsil olundu. Tədbir geniş şəkildə 117 xarici və yerli media tərəfindən işıqlandırıldı. Forumun yekununda qəbul edilən Bakı bəyannaməsi isə xüsusi qeyd edilməlidir. Bu həm də Azəbaycandan dünyaya ünvanlanan sülh, tolerantlıq mesajı idi.
BMT-nin Sivilizasiyalar Alyansının "İnklüziv cəmiyyətlərdə birgəyaşayış: çağırış və məqsəd" adlı 7-ci Qlobal Forumunun nəticələrini qiymətləndirən əksər siyasətçilər, ictimai xadimlər, vətəndaş cəmiyyətinin nümayəndələri onu ölkəmiz üçün xüsusi əhəmiyyətə malik bir hadisə kimi dəyərləndirirlər. Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin sədri İlham İsmayılov deyir ki, BMT-nin Sivilizasiyalar Alyansının "İnklüziv cəmiyyətlərdə birgəyaşayış: çağırış və məqsəd" adlı 7-ci Qlobal Forumu bir neçə parametrləri üzrə Azərbaycana fayda verəcək: "İlk növbədə onu qeyd etmək lazımdır ki, bununla Azərbaycan bir daha dünyanın siyasi səhnəsində xüsusi rola və çəkiyə malik olduğunu sübuta yetirdi. Forumu yüksək səviyyədə təşkil etməklə bu sahədə xüsusi təcrübəyə malik olduğunu da ortaya qoydu. Qeyd etmək yerinə düşər ki, bundan əvvəl də Azərbaycan bir sıra beynəlxalq əhəmiyyətli tədbirlərə evsahibliyi edərək onların uğurla başa çatmasına nail olub. 7-ci Qlobal Forum da məhz belə tədbirlərdən biri oldu. Eyni zamanda 7-ci Qlobal Forumun Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq əhəmiyyətli tədbirlərin, sammit və konqreslərin təşkil olunduğu məkana çevrildiyini təsdiqlədi". ATXƏM sədri deyir ki, forum Azərbaycan tarixi, mədəniyyəti, adət-ənənələri, ən əsası tolerantlıq ə burada mövcud olan multikultural dəyərlərin dünyaya bir daha dünyaya yaxından çatdırılması baxımından mühüm əhəmiyyət daşıdı: "İki gün ərzində Azərbaycanda olan xarici qonaqlar, dövlət və hökumət rəsmiləri, beynəlxalq təşkilatların nümayəndələri qeyd etdiyim müsbət məqamları öz gözləri ilə görüb bu situasiyanın əyani şahidinə çevrildilər. Azərbaycan həqiqətləri, xüsusilə Ermənistanın işğalçılıq siyasəti, torpaqlarımızın işğala məruz qalması faktının beynəlxalq aləmə daha yaxından çatdırılması baxımından da 7-ci Qlobal Forum önəm kəsb edirdi. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev də forumda çıxışı zamanı bu məsələyə geniş yer ayıraraq Ermənistanın işğalçılıq siyasətinin acı nəticələrini açıq-aydın iştirakçıların diqqətinə çatdırdı. Hesab edirəm ki, bundan sonra beynəlxalq aləmdə Dağlıq Qarabağ problemi, ermənilərin təcavüzkar siyasəti barədə daha aydın təsəvvür yaranacaq". İlham İsmayılovun sözlərinə görə, forumu işıqlandırmaq üçün Azərbaycana çoxlu sayda xarici media nümayəndəsi təşrif buyurmuşdu ki, bu da informasiya mübarizəsində ölkəmizin xeyrinə işləyən amillərdəndir: "İstər forumun keçirildiyi günlərdə, istərsə də ondan sonrakı günlərdə müxtəlif ölkələrin KİV-ləri, televiziya kanallarında Azərbaycandan bəhs edildi. Bu da öz-özlüyündə ölkəmizin təbliğatı baxımından əhəmiyyətlidir. Bütün bunları nəzərə alaraq qeyd edə bilərəm ki, BMT-nin Sivilizasiyalar Alyansının "İnklüziv cəmiyyətlərdə birgəyaşayış: çağırış və məqsəd" adlı 7-ci Qlobal Forumu bütün parametrləri üzrə Azərbaycana yalnız müsbət dividentlər gətirəcək. Biz bunun nəticələrini tezliklə müşahidə edəcəyik".