“Gəlin, Azərbaycanda görüşək” Siyasət

“Gəlin, Azərbaycanda görüşək”

"Ermənistan hakimiyyəti Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları arasında görüşün keçirilməsinə imkan vermir".
Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyinin rəhbəri, Şuşa rayon icra hakimiyyətinin başçısı Bayram Səfərov belə deyib.
İcma rəhbəri bildirib ki, Dağlıq Qarabağ erməniləri hazırkı Ermənistan rəhbərliyini təzyiqi altındadır: "Sarkisyan rejimi Dağlıq Qarabağın erməni icmasının nümayəndələri ilə görüşümüzə imkan vermir. Biz onlara görüşmək üçün bir neçə dəfə təklif irəli sürmüşük. Şəxsən mən Qarabağda yaşayan ermənilərlə görüşməyə hər zaman hazıram. Çünki, həmin ermənilərlə birlikdə işləmişik, aramızda salam olub. Kriminal rejim bizim görüşümüzə imkan vermir".
Bayram Səfərovun fikrincə, icmaların görüşündə beynəlxalq ictimaiyyət də maraqlı deyil: "Biz dəfələrlə beynəlxalq ictimaiyyətin diqqətinə, Avropa İttifaqının nümayəndələrindən, ATƏT-in Minsk Qrupunun həmsədrlərindən, xarici səfirliklərin nümayəndələrindən və digər rəsmilərdən xahiş etmişik ki, icmaların görüşünü təşkil etməyə bizə kömək etsinlər".
İcra rəhbəri Qarabağ ermənilərinə səslənərək, onları görüşə çağırıb: "Biz indi də Dağlıq Qarabağ erməniləri ilə görüşə hazırıq. Gəlsinlər Azərbaycana, burada görüşəcək, yox əgər istəmirlərsə, üçüncü ölkədə görüş keçirək. Amma heç kim bu görüşün baş tutmasına maraqlı deyil".