“Xalqlarımız güclü iradəyə malikdir” Siyasət

“Xalqlarımız güclü iradəyə malikdir”

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq, qardaşlıq münasibətləri strateji xarakter daşıyır.
Bu fikir avqustun 8-də Azərbaycanın Baş nazirinin müavini Əli Əhmədovun Türkiyənin ölkəmizdəki səfiri İsmayıl Alper Coşqunla görüşündə səsləndirilib.
Türkiyənin müasir tarixində ən böhranlı günlərdən biri olan 15 iyul dövlət çevrilişinə cəhdin qarşısı xalq tərəfindən alındıqdan sonra ölkənin taleyində mühüm dönüş nöqtəsi baş verdiyini xatırladan səfir çətin məqamlarda dost Azərbaycanın yenə də hər zamankı kimi Türkiyənin yanında olmasını məmnunluqla vurğulayıb. Bütün dünyaya nümunə göstərilə biləcək bu həmrəyliyə, ədalətli mövqeyə və həlledici məqamda mühüm dəstəyə görə səfir bütün Türk xalqı adından Azərbaycan xalqına qardaşlıq salamlarını və dərin minnətdarlıq duyğularını çatdırıb.
Baş nazirin müavini Əli Əhmədov ölkələrimiz arasında sarsılmaz dostluq, qardaşlıq münasibətlərinin strateji xarakter kəsb etdiyini deyərək bu əlaqələrin ümumi milli mənəvi kökləri və dərin tarixi bağlarının olduğunu xatırladıb. Xalqlarımızın mənafeyinə uyğun olaraq qarşılıqlı faydalı münasibətlərin gələcəkdə daha da inkişaf edəcəyinə əminliyini bildirən Əli Əhmədov böyük potensiala malik xalqlarımızın və dövlətlərimizin, eyni zamanda, güclü iradəyə və xoş mərama malik olduğunu xüsusi qeyd edib.
Görüş zamanı qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.