Erməni mer Azərbaycan vətəndaşı olmaq istəyir Siyasət

Erməni mer Azərbaycan vətəndaşı olmaq istəyir

Ermənistanın Eçmiədzin şəhərinin keçmiş meri Raçik Abqaryan Azərbaycan vətəndaşlığı almaq niyyətindədir. Buna səbəb keçmiş merin uzun illər yaşadığı ünvandan qeydiyyatdan xəbərsiz çıxarılmasıdır.
Bu barədə Ermənistan mətbuatına Raçik Abqaryan özü məlumat verib. O, yenidən şəhər meri olmaq üçün namizədliyini vermək istəyərkən öyrənib. Məlum olub ki, Raçik Abqaryanı 2014-cü ildə yaşadığı ünvanda qeydiyyatını ləğv ediblər.
"Qeydiyyatdan çıxmaq üçün ailə üzvlərimizdən heç biri müraciət etməyib. Bu absurddur. Çünki bu şəhərdə 53 ildir yaşayıram. Mən bununla bağlı inzibati məhkəməyə müraciət etmişəm, amma məhkəmə mənim müraciətimi rədd edib", - deyə keçmiş mer bildirib.
Abqaryan qeyd edib ki, bir halda ki, 8 min nəfər vətəndaş onun üçün imza toplayıb, yenidən mer olmaq niyyətindədir. Qeydiyyatının ləğvində hazırkı mer general Manvel Qriqoryanın oğlunun əli varmı sualına gəlincə isə bildirib ki, heç kəsdən şübhələnmək istəmir, ancaq tamamilə aydın görünür ki, Ermənistanda heç bir qanun işləmir.
"Görünür, mən vətəndaşlıqdan çıxıb Azərbaycan vətəndaşlığını qəbul etməliyəm", - deyə keçmiş mer bildirib.