“Ermənistan hakimiyyəti artıq qorxmağa başlayır ki...” Siyasət

“Ermənistan hakimiyyəti artıq qorxmağa başlayır ki...”

Elxan Şahinoğlu: "Ölkəsində bu cür düşünənlər az deyil və onlar da gələcəkdə Bakıya gələn ermənilərə qoşula bilərlər"

Erməni fəalların iştirakı ilə Bakıda keçirilən konfrans Azərbaycanın uğurlu piar-gedişidir. Ermənilərin Bakıya gəlişi İrəvanın uzun illərdir formalaşdırmağa çalışdığı bütün stereotipləri dağıtdı.
Bunu politoloq Elxan Şhinoğlu yazıb. Onun sözlərinə görə, 3 erməni fəalın Bakıya gələrək konfransda çıxış etmələri İrəvana o dərəcədə təsir edib ki, Ermənistanın heç bir mediası bu haqda xəbər yaymayıb:
"Ermənilərin Bakıya gələrək "Dağlıq Qarabağ əvvəllər olduğu kimi Azərbaycanın tərkibində olmalıdır və bununla da iki dövlət normal münasibətlər qurmalıdır" açıqlması Ermənistan siyasi dairələrində şok effekti yaradıb. Ermənistan hakimiyyəti artıq qorxmağa başlayır ki, ölkəsində bu cür düşünənlər az deyil və onlar da gələcəkdə Bakıya gələn ermənilərə qoşula bilərlər. Ermənistanda başqa ermənilər də var ki, Dağlıq Qarabağın Azərbaycanın tərkibində varlığını mümkün sayırlar, sadəcə, repressiyaya uğrayacaqlarından bunu açıq deməyə qorxular".
Politoloq hesab edir ki, rəsmi Bakı bu siyasəti genişləndirməlidir:
"Ermənistanda Sərkisyana qatı müxalif olan fəallar çoxdur. Dağlıq Qarabağın Ermənistana yük olduğunu dərk edən həmin fəallarla da dialoq qurmağa ehtiyac var. Doğrudur, həmin ermənilər Dağlıq Qarabağla bağlı qəti fikir söyləməkdə çətinlik çəkirlər, ancaq onlar da bilirlər ki, Azərbaycanla müharibə şəratində yaşamaq Ermənistanı uçuruma aparır. Bakıya gələn ermənilərin açıqlamaları beynəlxalq aləmə və həmsədr dövlətlərə də ciddi mesajdır ki, Dağlıq Qarabağda yaşayan ermənilər separatçıların hərbi-siyasi təzyiqi altında olmasalar, onlar Azərbaycanın tərkibində yaşamağa hazırdırlar. Hazırkı şərtlər daxilində Dağlıq Qarabağda referendum keçirmək mümkün deyil. Çünki separatçıların nəzarəti altında keçirilən referendumda ermənilərin sərbəst fikir bildirmələri onların həyatı üçün risklidir".
Qeyd edək ki, Milli QHT Forumunun prezidenti Rauf Zeyni Bakıda "Ermənistan, Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi: əsas maneələr və nizamlama perspektivləri: Ermənistan və Azərbaycandan baxış" mövzusunda beynəlxalq konfrana erməni yazıçı-publisist, ictimai xadim Vahe Avetyan və Ermənistan "Milli Azadlıq Hərəkatı" təşkilatının rəhbəri Vaan Martirosyanı dəvət edib. Avetyan və Martirosyanla yanaşı, Bakıya gələn "Meridian" qeyri-hökumət təşkilatının sədr müavini, jurnalist Suzanna Caqinyan Qarabağdakı cinayətlərə görə erməni xalqı adından Azərbaycan xalqından üzr istəyib, Sərkisyan rejiminə qarşı sərt bəyanat verib.