“Bank sektoru sağlamlaşdırılmalıdır” Siyasət

“Bank sektoru sağlamlaşdırılmalıdır”

Zahid Oruc: "Manat sabitləşsə, əhali və investorlar saxladıqları pulları ortaya çıxaracaq"

Azərbaycanda kommunal xidmət göstərən dövlət qurumlarının özəlləşdirilməsinə ehtiyac var. Millət vəkili Fərəc Quliyev Milli Məclisin dünən keçirilən iclasında çıxışı zamanı belə deyib.
O qeyd edib ki, bu müəssisələrin özəlləşdirilməsi dövlət büdcəsinin yükünü xeyli azaltmış olar: "İndi dövlət büdcəsindən həmin qurumlara vəsait ayrılır. Ancaq həmin müəssisələr özəlləşdirilsə, nəinki onlara pul ayrılmayacaq, hətta onlar özləri dövlət büdcəsinə vəsait verəcək".
Deputat Fəzail Ağamalı isə bildirib ki, maliyyə çatışmazlığı üzündən gələn il bir neçə səfirliyin bağlanılması gözlənilir. O qeyd edib ki, gələn ilin dövlət büdcəsindən Xarici İşlər Nazirliyinə 220 milyon manat vəsait ayrılıb: "Bu vəsait kifayət qədər azdır. Ancaq mənzil kommunal təsərrüfatı birliklərinə 300 milyon manat vəsait ayrılıb. Bizim üçün səfirliklər daha əsasdır, yoxsa mənzil kommunal təsərrüfat birlikləri? Bunu kim izah edə bilər?". Deputat eyni zamanda rayonların ləğv olunmasını təklif edib. O qeyd edib ki, quberniya tipli çevik idarəçilik sisteminə keçilməlidir.
Deputat Qənirə Paşayeva diqqəti mənzil probleminə yönəldib. İpoteka kreditlərindən yararlanmanın kateqoriyaları olduğunu deyən millət vəkili qeyd edib ki, güzəştli kateqoriyalara müəllimlər də əlavə edilməlidir: "Bu gün ən ciddi məsələlərdən biri mənzil problemidir və dövlətin diqqət mərkəzindədir. İndiki halda müəllimlərin maaşları azdır. Biz müəllimləri güzəştli kateqoriyaya əlavə etməklə onlara dəstək ola bilərik. Bu, həmçinin gənclərin bu sahəyə marağını artırar".
Qənirə Paşayeva gənclər üçün sosial mənzillərin tikilməsi layihəsini dəstəklədiyini bildirib.
Sənədsiz evlərin sənədləşməsi məsələsinə də toxunan deputat bu problemin aradan qaldırılmasının vacibliyini vurğulayıb.
Bank sistemində vəziyyətə toxunan millət vəkili Zahid Oruc həmkarı Qüdrət Həsənquliyevin ARDNF-in vəsaitlərinin bir hissəsinin ölkəyə gətirilməsi ilə bağlı təklifini dəstəklədiyini deyib: "Bu gün problemli kreditə görə 200 min vətəndaş məhkəmə ilə üz-üzə qalıb və bu gərgin vəziyyət qalmaqdadır. Bank-maliyyə sisteminin ölkənin qan-damar sistemi olduğunu qəbul edirik. ARDNF-in vəsaitlərinin 1 milyard dolları ölkəyə gətirilməlidir. Elman Rüstəmov deyir ki, banklarımız bu vəsaiti uda bilməyəcək. Onda bu vəsait vətəndaşlara verilməlidir ki, kreditlərin qaytarılması mümkün olsun. Bizim millətdə belə bir düşüncə formalaşıb ki, manat sabitdirsə, vəziyyət yaxşılaşacaq. Buna görə də düşünürəm ki, maliyyə sabitliyinin təmin olunması üçün ciddi addımlar atılmalıdır. Manat sabitləşsə, əhali və investorlar saxladıqları pulları ortaya çıxaracaq. Bank sektoru sağlamlaşdırılmalıdır".