Sərkisyanın Qarabağa səfərində gizli məqsəd Siyasət

Sərkisyanın Qarabağa səfərində gizli məqsəd

İrəvanın müharibə ritorikasına baxmayaraq, yaxın vaxtlarda Ermənistanda siyasi etirazlar xeyli kəskinləşəcək, hətta siyasi zəmində qarşıdurmalar istisna edilmir.
Bunu sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. Ermənistanda vəziyyətin kifayət qədər ağır olduğunu bildirən politoloqun sözlərinə görə, yerli ermənilərlə Qarabağdan gəlmə ermənilər arasında çox ciddi uçurum var:
"Çünki iqtisadiyyat və siyasətə hökmranlıq edən Qarabağ müharibəsinin səhra komandirləridir. Onların intellektual səviyyələri və ölkədə populyarlıqları çox aşağıdır. Sərkisyan bunu yaxşı görür və dəyərləndirir. Ermənistan prezidenti bilir ki, hakimiyyətdən getdikdən sonra onun üçün çox ağır olacaq. Ona görə də Sərkisyan ölkənin siyasi sistemini dəyişərək parlament idarəetmə sisteminə keçir. Məqsəd gələcəkdə parlamentdə yerlərin əksəriyyətini qazanıb baş nazir olmaqdır. Bu fonda Sərkisyanın təbliğat addımları xeyli artıb. Bugünlərdə Xankəndiyə səfər edib orada Karapetyanla görüşən erməni rəhbər əsgərlər qarşısında çıxış edərkən çox radikal şüarlar səsləndirib. Görünür, Sərkisyan Azərbaycanı təhdid etməklə Ermənistanda millətçilərin diqqətini ölkənin real problemlərindən yayındırmağa çalışır. Son zamanlar Rusiyanın Ermənistana xeyli silah ötürməsi və birləşmiş qoşun heyətinin yaradılması Sərkisyanın əlinə işləyən kozırlardan biridir".
Politoloq bildirib ki, bütün bunların fonunda müxalif düşərgədə də ciddi dəyişikliklər hiss olunmaqdadır:
"Məsələn, keçmiş prezident Levon Ter-Petrosyan bəyan edib ki, indiki rejimlə mübarizəyə hazırdır. Görünür, yaşının yuxarı olmasına baxmayaraq, Petrosyan siyasi mübarizəyə qoşulmaq və başçılıq etdiyi Ermənistan Ümummilli Hərəkatına parlamentdə böyük yerlər əldə etmək niyyətindədir. Bundan başqa, daha üç partiya Ermənistanda birləşərək vahid seçki bloku yaradıb. Gələcəkdə bu bloka Petrosyanın da qoşulma ehtimalı var. Çünki partiyalar daha böyük sosial blok yaratmaqla əhalinin səslərinin çoxunu qazanmaq və Sərkisyanı hakimiyyətdən uzaqlaşdırmaq istəyirlər".
Politoloq hesab edir ki, İrəvanın müharibə ritorikasına baxmayaraq, yaxın vaxtlarda Ermənistanda siyasi etirazlar xeyli kəskinləşəcək:
"Ermənistan bütün suveren hüquqlarını itirib və qərarlar Moskva tərəfindən verilir. Sərkisyan və onun komandası yalnız İrəvanda Kremldən verilən qərarları icra edir. Buna görə də ölkədə siyasi zəmində qarşıdurmalar istisna edilmir. Bu isə deməkdir ki, Ermənistan əhalisi Sərkisyan və soyğunçu komandası ilə vidalaşmaq niyyətindədir".