“Netanyahunun səfəri İsrailin Azərbaycana verdiyi önəmin təsdiqidir“ Siyasət

“Netanyahunun səfəri İsrailin Azərbaycana verdiyi önəmin təsdiqidir“

İsrailin Baş naziri Binyamin Netanyahunun Bakıya səfəri İsrailin Azərbaycana verdiyi önəmin təsdiqi olub.
İsrailin Milli Təhlükəsizlik Araşdırmaları İnstitutunun eksperti Qalliya Lindenştrauss Netanyahunun Bakıya səfərini şərh edərkən belə deyib.
Ekspert İsrail baş nazirinin Bakıya səfərinin iki vacib məqamını qeyd edib: "Birincisi, Azərbaycanın İsraildən 5 milyard dollar məbləğində hərbi silahlar almasıdır. Oxşar rəqəmlər artıq mətbuatda yazılmışdı, amma dövlət başçısının bu rəqəmi açıqlaması vacibdir. İkincisi, Netanyahu Avropaya qaz ixracı baxımından dövlətlər arasında mümkün əməkdaşlıq barədə danışıb. Bu bəyanat öz-özlüyündə vacibdir, çünki Ankara və Təl-Əviv arasında münasibətlərin normallaşması prosesi ilə bağlıdır".
Netanyahunun səfərinə görə Ermənistanın narahatlığından danışan Qalliya Lindenştrauss bildirib ki, bu narahatlıq əbəs yerə deyil, çünki Azərbaycanın hərbi güclənməsi Dağlıq Qarabağ münaqişəsi və bu il baş verən "dördgünlük müharibə" ilə əlaqədardır: "Eyni zamanda, Azərbaycan və İsrailin əlaqələri inkişaf etdirməyə başladığı andan bəri mövcud olan İranın narahatlığı var. Bu baxımdan Netanyahunun səfəri heç bir dəyişiklik barədə siqnal deyil, daha çox regionda mövcud siyasətin davamıdır".