“Bu, namərdcəsinə törədilmiş bir cinayətdir” Siyasət

“Bu, namərdcəsinə törədilmiş bir cinayətdir”

Qüdrət Həsənquliyev: "Tarix boyu ən qəddar dövlət başçıları belə elçilərə əl qaldırmayıb"

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev Rusiyanın Türkiyədəki səfirinin qətlə yetirilməsini şərh edib: "Təcrübə göstərir ki, zorakılıq, qəddarlıq adekvat olaraq zorakılıq doğurur. Təbii ki, Rusiyanın Suriyadakı davranışları və mülki əhaliyə qarşı sərgilədiyi amansızlıq bütün beynəlxalq ictimaiyyət tərəfindən qınanılırdı. Biz görürdük ki, rus uçaqlarının bombardmanları nəticəsində minlərlə dinc insan həlak olurdu. Rusiya Suriyada hərbi əməliyyatlara başlayarkən əslində İŞİD-ə qarşı döyüşəcəyini bəyan edirdi. Amma faktiki olaraq Əsəd rejiminə qarşı vuruşan müxalif qüvvələrə qarşı divantutma əməliyyatları aparıldı. Hələbdə isə sözün həqiqi mənasında qətliam törədildi. Əlbəttə, bu siyasəti pisləmək və hətta Rusiyadan bu əməliyyatların dayandırılmasını tələb etmək olar. Amma elçi elə bir toxunulmaz personadır ki, tarix boyu ən qəddar dövlət başçıları belə onlara əl qaldırmayıb. Rusiya səfirinin də o cür güllələnməsinə heç cür haqq qazandırmaq olmaz. Düşünürəm ki, bu, qorxaqcasına, namərdcəsinə törədilmiş bir cinayətdir. Hər iki dövlət kifayət qədər gücə malikdir ki, bu cinayətin digər iştirakçılarının da tapılıb məsuliyyətə cəlb edilməsi təmin edilsin. Amma onu da etiraf etmək lazımdır ki, nə qədər bağışlanılmaz və xaincəsinə, alçaqcasına törədilmiş bir cinayət olsa belə Rusiyanın Yaxın Şərq siyasətindəki davranışları gec-tez bu cür fəsadları törətməliyidi. Burada yaranmış münbit situasiyadan ayrı-ayrı dövlətlərin xüsusi xidmət orqanları da, ekstremist qruplar da istifadə edə bilərdi. Hətta o da ola bilər ki, həmin qatil heç kimdən sifariş almadan təkbaşına qərar qəbul edərək Rusiyadan bu cür qisas almağı qarşıya məqsəd qoysun, əvvəlcədən buna ciddi hazırlaşsın. Baxmayaraq ki, istər Putin, istərsə də Ərdoğan bu qətli təxribat kimi qiymətləndirib, amma indidən birmənalı nəticə çıxarmaq hələ tezdir. Bu qətl deyildiyi kimi Türkiyə-Rusiya münasibətlərini pozmaq istəyən qüvvələrin təxribatı da ola bilər, eyni zamanda o da mümkündür ki, rəsmi Ankaranın artıq ölkədəki vəziyyətə nəzarəti itirdiyi görüntüsünü yaratmaq üçün atılmış bir addım da ola bilər. Hər halda ümid etmək olar ki, tezliklə istintaq çoxsaylı suallara cavab tapa biləcək və səfirin qanı doğrudan da yerdə qalmayacaq".