“Azərbaycana təzyiq cəhdi əsassız və mənasızdır” Siyasət

“Azərbaycana təzyiq cəhdi əsassız və mənasızdır”

BAXCP sədri: "Lapşin Ermənistan girovluğundakı 3 azərbaycanlı ilə dəyişdirilsin"

"Hazırda erməni girovluğunda saxlanılan Dilqəm Əsgərov Rusiya vətəndaşıdır. O, uzun müddətdir ki, erməni girovluğundadır. Dilqəm Əsgərov, Şahbaz Quliyev və Həsən Həsənov Qarabağa öz dədə-baba yurdlarını, əzizlərinin qəbirlərini ziyarət etmək üçün getmişdilər. Dilqəm Əsgərov Rusiya vətəndaşı olsa da, Kreml bununla bağlı səsini çıxarmır. Rusiya Ermənistandan tələb etmir ki, Qarabağa getməyə görə, adamı həbs etməzlər. Lakin, Rusiya bloqqer Aleksandr Lapşinin Azərbaycana ekstradisiya olunmasına etiraz edir".
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, deputat Qüdrət Həsənquliyev belə deyib.
O bildirib ki, Lapşin Azərbaycan qanunlarını kobud şəkildə pozub və rəsmi Bakının razılığı olmadan işğal altındakı torpaqlarımıza səfər edib.
Qüdrət Həsənquliyev hesab edir ki, bu baxımdan Rusiyanın Lapşinə görə, Azərbaycana təzyiq etmək cəhdi əsassız və mənasızdır. Partiya sədri onu da qeyd edib ki, Lapşin Azərbaycanın istintaq orqanlarında öz təqsirini etiraf edərsə, bu halda məhkəmə ona daha yüngül cəza verə bilər.
Deputat bununla belə vurğulayıb ki, Lapşin Ermənistanın girovluğunda olan Dilqəm Əsgərov, Şahbaz Quliyev və Elnur Hüseynzadə ilə dəyişdirilməlidir.
"Azərbaycan üçün daha faydalı olardı ki, Lapşini sonda erməni girovluğunda olan 3 vətəndaşımızla dəyişərdi. Lapşinin həmin girovlarla dəyişdirilməsi daha məqsədəuyğun olardı. Düşünürəm ki, bu istiqamətdə diplomatik danışıqlar aparılacaq",-deyə Qüdrət Həsənquliyev söyləyib.