“Ermənistan məndən Lapşini istəməyib“ Siyasət

“Ermənistan məndən Lapşini istəməyib“

Aleksandr Lukaşenko: "İnanmıram ki, bu gün Dağlıq Qarabağda insanlar yaxşı və layiqincə yaşayırlar"

"Biz yaxın xalqlarıq, belə də qalacağıq. Ermənistan Azərbaycana qarşı müxtəlif cür yanaşır, amma onlarda bizə yaxın xalqdır. Niyə biz Azərbaycan və Ermənistanla mübahisə etməliyik? Bəlkə biz Azərbaycana və Ermənistana nə vaxtsa lazım olacağıq. Axı mənə aidiyyəti olan işə niyə girişməliyəm?".
Bunu Belarus prezidenti Aleksandr Lukaşenko Ermənistanın Belarusdakı səfiri Armen Xaçatryanla görüşündə deyib.
Belarus prezidenti bloqqer Aleksandr Lapşinin Azərbaycana ekstradisiyası məsələsinə də toxunub: "Lapşini xatırlayırsınız. Qulaq asın, burada Ermənistanlıq nə var? Ermənistana mənə Lapşin barədə heç vaxt heç nə deməyib. O, Azərbaycan tərəfindən axtarışa verilib. Onu burada saxlayanda mən nə üçün burada saxlanılıdığını soruşdum? Kaş o, istədiyi yerə gedərdi. Lakin saxlanılmışdı. İnterpol bunu bilirdi. Biz prosedur qaydalarına uyğun olaraq xəbər verdik. Biz Lapşini axtarışa verənlərə qaytarmalı idik".
Lukaşenko səfirlə söhbətində Qarabağdan da danışıb. Belorus prezidentinin qənaətinə görə, Ermənistan və Azərbaycan masa arxasına oturmalı və Dağlıq Qarabağ münaqişəsini vasitəçi olmadan həll etməlidirlər.
O bildirib ki, bu məsələnin həlli ilə münaqişə tərəfləri məşğul olmalıdır:
"Bu bizim, mənim məsələm deyil. Bizim edə biləcəyimiz heç nə yoxdur. Amma Ermənistan prezidenti və ya Ermənistanda, həmçinin Azərbaycanda mənim mövqeyimi soruşanda, harada olmağımdan asılı olmayaraq deyirəm ki, insanlar ləyaqətli yaşamağa layiqdirlər. İnanmıram ki, bu gün Dağlıq Qarabağda insanlar yaxşı və layiqincə yaşayırlar. Ona görə də bizim mövqeyimiz bundan ibarətdir ki, Ermənistan və Azərbaycan heç bir vasitəçi olmadan masa arxasına oturmalı, məsələni həll etməlidir. Əgər onlar kimisə zamin kimi görmək istəyirlərsə, özləri qərar verməlidir".
Belarus liderinin sözlərinə görə, insanların həlak olmasından və yoxsulluqdan əziyyət çəkməsindən siyasətdə vasitə kimi yararlanmaq olmaz: "Bu bizim bütün münaqişələrlə bağlı dəyişməz mövqeyimizdir".