
“Prezident İlham Əliyevin sədrliyi ilə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramına həsr olunmuş müşavirədə səsləndirilən fikirlər Azərbaycanın iqtisadi inkişaf gündəliyində yeni və strateji mərhələnin formalaşdığını göstərir. Burada söhbət yalnız yeni mədənlərin istismarından və xammal hasilatının artırılmasından getmir. Əsas hədəf Azərbaycanın təbii resurslarını daha yüksək əlavə dəyərə çevirmək, xammalın ölkə daxilində emalını genişləndirmək və bunun əsasında yeni sənaye zəncirləri yaratmaqdır. Azərbaycan uzun illər enerji sektorunda böyük layihələr həyata keçirərək iqtisadi imkanlarını genişləndirib. İndi isə həmin təcrübənin qeyri-neft sektorunda, xüsusilə dağ-mədən və metallurgiya sahəsində yeni sənaye modelinin qurulmasına tətbiqi qarşıda duran əsas məsələlərdən biridir. Dövlət Proqramının məhz 2027–2030-cu illəri əhatə etməsi və konkret maliyyə, investisiya, istehsal və ixrac hədəflərinin müəyyənləşdirilməsi bu sahəyə epizodik deyil, sistemli yanaşmanın ortaya qoyulduğunu göstərir”.
Bu sözləri xalqcebhesi.az-a açıqlamasında politoloq Tural İsmayılov deyib.
T.İsmayılov qeyd edib ki, proqramın mühüm tərəflərindən biri onun yalnız hasilat sektorunu deyil, bütöv dəyər zəncirini nəzərdə tutmasıdır: “Dəmir filizi, alüminium, mis və qızıl üzrə mövcud imkanların genişləndirilməsi, yeni yataqların iqtisadi dövriyyəyə cəlb edilməsi və emal güclərinin artırılması Azərbaycanın mineral resurslarının ölkə daxilində daha çox iqtisadi dəyər yaratmasına şərait yarada bilər. Bu yanaşmanın mahiyyəti sadədir: xammalı yalnız çıxarmaq deyil, onu mümkün qədər ölkə daxilində emal edib daha yüksək gəlir gətirən məhsula çevirmək. Rəqəmlər də proqramın miqyasını göstərir. 2027–2030-cu illərdə sektor üzrə ümumilikdə 5,3 milyard manat investisiya nəzərdə tutulur. Rəsmi təqdimata əsasən, bu investisiyanın təxminən 80 faizi qeyri-büdcə mənbələrindən formalaşmalıdır. Eyni zamanda, 2030-cu ilədək sektorun ÜDM-ə töhfəsinin 700 milyon manatdan 1,8 milyard manata, illik ixrac potensialının isə 1,3 milyard manatdan 3,4 milyard manata yüksəldilməsi hədəflənir. Burada diqqət çəkən digər məqam məşğulluq məsələsidir. Prezident İlham Əliyevin də vurğuladığı kimi, proqram çərçivəsində 5 mindən çox daimi iş yerinin yaradılması nəzərdə tutulur. Bu, xüsusilə Qarabağ və Şərqi Zəngəzurun iqtisadi reinteqrasiyası baxımından əhəmiyyətlidir. Çünki həmin ərazilərdə yeni sənaye müəssisələrinin, istehsal və emal sahələrinin yaradılması yalnız iş yerlərinin sayını artırmır, eyni zamanda yerli xidmət sektorunun, logistikanın, tikintinin, nəqliyyatın və kiçik sahibkarlığın inkişafına əlavə impuls verir”.
Politoloqun fikirlərinə görə, dağ-mədən sənayesinin başqa bir mühüm üstünlüyü onun çoxsaylı sahələri eyni vaxtda hərəkətə gətirməsidir: “Mədən fəaliyyəti genişləndikcə nəqliyyat və logistika xidmətlərinə, texniki avadanlıqlara, podratçı şirkətlərə, mühəndislik xidmətlərinə və ixtisaslı kadrlara tələbat artır. Yəni bir mədən layihəsinin iqtisadi effekti yalnız həmin müəssisənin daxilində yaranan gəlirlə ölçülmür. Onun ətrafında formalaşan iqtisadi ekosistem də yeni dəyər yaradır. Məncə, Dövlət Proqramının ən mühüm strateji cəhətlərindən biri Azərbaycanın xammal ixrac edən ölkə olmaqdan daha çox, emal və sənaye zəncirlərini öz daxilində formalaşdıran ölkəyə çevrilməsi istiqamətində yeni imkanlar açmasıdır. Əgər mineral resurslar daha yüksək əlavə dəyər yaradan məhsullara çevrilirsə, burada həm ixrac gəlirlərinin artması, həm büdcə daxilolmalarının genişlənməsi, həm də sənaye kompetensiyalarının formalaşması üçün daha geniş imkan yaranır. Proqramın Qarabağ və Şərqi Zəngəzur üçün əhəmiyyəti də ayrıca qeyd edilməlidir. İşğaldan azad edilmiş ərazilərdə geoloji kəşfiyyatın genişləndirilməsi və mövcud resursların iqtisadi dövriyyəyə cəlb olunması həmin ərazilərin yalnız bərpa olunan coğrafiya kimi deyil, gələcəkdə Azərbaycanın yeni sənaye və istehsal məkanlarından biri kimi formalaşmasına xidmət edə bilər. Bu baxımdan dağ-mədən və metallurgiya layihələri Böyük Qayıdış prosesinin iqtisadi komponentini gücləndirən istiqamətlərdən biri kimi çıxış edir”.
O söyləyib ki, digər tərəfdən, bu proqram Azərbaycanın investisiya siyasəti baxımından da mühüm mesajdır: “Dövlətin burada əsas rolu yalnız maliyyələşdirən tərəf olmaq deyil, hüquqi və institusional mühiti formalaşdırmaq, infrastruktur yaratmaq və özəl kapitalın prosesə qoşulmasını təmin etməkdir. Proqramda dövlət müəssisələri ilə yanaşı, özəl sektorun və xarici investorların imkanlarından istifadə olunmasının nəzərdə tutulması da məhz bu yanaşmanın göstəricisidir. Prezidentin müşavirədə səsləndirdiyi illik bir milyard manatdan çox müsbət maliyyə təsiri gözləntisi də proqramın iqtisadi miqyasını ortaya qoyur. Burada söhbət milyardlarla manat səviyyəsində layihələrdən gedir və bu, Azərbaycanın qeyri-neft sənayesində daha iri kapital tutumlu layihələrə keçid etdiyini göstərir. Əsas məsələ isə bu investisiyaların uzunmüddətli istehsal, ixrac və məşğulluq nəticələrinə çevrilməsidir. Ümumilikdə, dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramını Azərbaycanın iqtisadi şaxələndirmə siyasətinin yeni mərhələsi kimi qiymətləndirmək olar. Qarşıdakı dörd il ərzində əsas nəticə təkcə nə qədər filiz və metal hasil edilməsi ilə deyil, bu resursların nə qədərinin ölkə daxilində emal olunması, nə qədər əlavə dəyər yaratması, neçə yeni istehsal zənciri formalaşdırması və regionların iqtisadi həyatına hansı dinamikanı gətirməsi ilə ölçüləcək. Bu baxımdan proqramın uğuru Azərbaycanın yeraltı sərvətlərinin sadəcə resurs deyil, uzunmüddətli sənaye kapitalına çevrilməsi ilə müəyyənləşəcək”.
Röya İsrafilova