“Sarkisyanın Azəraycanı hədələməsi öz ölkəsində də gülüş hədəfinə çevrilib” Siyasət

“Sarkisyanın Azəraycanı hədələməsi öz ölkəsində də gülüş hədəfinə çevrilib”

Zahid Oruc: "Neft buruqlarını vuracağını bəyan etməsi Azərbaycanı qorxuda bilməz"

Aydın Mirzəzadə: "Sarkisyan hələ də böyük Ermənistan iddiası altında yaşayır"

Azər Həsrət: "Onlar Azərbaycanı hədələyəndə yalnız gülüş hədəfi olacaqlarını anlamalıdırlar"

Martın 25-də Ermənistan prezidenti Serj Sarkisyan işğal altında olan Dağlıq Qarabağa səfər edib və Azəraycanı hədələyən bəyanatlarla çıxış edib. Onun bu cür bəyanatları nəinki Azərbaycanda, elə öz ölkəsində də qeyri-ciddi qarşılanıb və gülüş hədəfinə çevrilib. Ermənistan KİV-ləri bu bəyanatları qeyri-ciddi fonda təqdim ediblər.
Millət vəkili Zahid Oruc bildirib ki, Azərbaycan, işğal altında olduğuna görə Qarabağa nəzarət edə bilmir: "Ona görə də Serj Sarksiyan Qarabağa səfərlər həyata keçirdir". O əlavə edib ki, bunun beynəlxalq təşkilatlarla müzakirə edilib qarşısının alınması da qeyri-mümkündür: "Tək çıxış yolu həmin əraziləri işğaldan azad edərək, süveren hüquqları bərpa etməkdir. Bu halda nəyinki düşmən ölkənin rəhbərləri, heç bir arzuolunmaz şəxslər Qarabağa səfər edə bilməzlər. Ayrı-ayrı dövlətlərdə də müharibələr gedir. Orada da bu cür qeyri-qanuni səfərlər keçirilməkdədir. Bilirsiniz ki, Lapşin məsələsi necə böyük siyasi qalmaqala çevrildi. Hələ də Belarusiya ətrafında bu məsələni müzakirə edənlər var. Bunu Belarusiya prezidentinin bəyanatlarında görməmək mümkün deyil. Azərbaycan Lapşin kimi bütün Qarabağa gedən şəxsləri həbs etməyib. Gördüyünüz kimi bu söz-söhbətdən bəhrələnən dairələr var".
Zahid Orucun sözlərinə görə, çox yaxşı haldır ki, Ermənistanda seçki ərəfəsində öz rəhbərlərinin bu cür mənasız bəyanatına reaksiya bildirənlər var: "Hətta dövlət başçılarının bu cür açıqlamalarını ironiya ilə qarşılayanlar da var. Həqiqətən də "İsgəndər" raketi özünün texniki taktiki praktikasına görə kifayət qədər dağıdıcı gücə malikdir. Belə olan halda bunu tank mərmisi ilə eyniləşdirmək də düzgün deyil. Minumum 350 kilometrdən hədəfi vurmaq gücünə malik olan və kütləvi qırğınlar törədə biləcək silahın guya Bakıya tuşlanması, müharibənin İrəvan-Bakı ərazisində aparılacağı ilə bağlı bəyanatların verilməsi, aşkar şəkildə belə miqyasda məsələləri düşünə bilməmək anlamına gəlir. Həqiqətən də müharibə belə ağır silahlarla aparılacaqsa, bu bölgənin bütövlükdə partlamasına və bütün region dövlətlərin zərər çəkməsinə səbəb olacaq. Aprel döyüşlərində və eləcə də ötən əsrin 90-cı illərində də Azərbaycan-Ermənistan tərəfindən atılan silahların bir qismi İran sərhədinə düşürdü. Bu isə o deməkdir ki, belə bir addım atılacağı təqdirdə müharibə Türkiyəni, Rusiyanı və İranı da əhatə edə bilər.
Sarksiyanın Bakını hədələməsi, neft buruqlarını vuracağını bəyan etməsi Azərbaycanı qorxuda bilməz. Cəmiyyət olaraq bütün bunlara qarşı bizdə dirəniş gücü formalaşmaqdadır. Hər bir silahı zərərsizləşdirən müdafiə qurğularımız var. Ona görə də məsələni Qarabağın lokal səviyyəsindən çıxararaq, onu geniş miqyaslı Gədəbəyin, Tovuzun sərhədlərində başlayıb, Naxşıvanda bitən müharibəyə çevrilməsi, İrəvanın bütövlükdə xəritədən silinməsi ilə nəticələnə bilər. Çünki, Azərbaycanın malik olduğu silah kütləsi bir düymə ilə idarə olunur. Bu artıq 90-cı illər deyil. Səngər döyüşləri bir qədər köhnəlmiş görünür. Uzaqdan idarə olunan silahlar işə düşəcəyi təqdirdə, söhbət təkcə Xankəndindən, Şuşadan deyil, on minlərlə insan məhv ola bilər. Ermənistan tərəfi bunun fərqindədir".
Deputat Aydın Mirzəzadə deyib ki, Sarkisyanın Dağlıq Qarabağda müharibə ritorikası ilə çıxışlar etməsi onun reallıqda deyil, hələ də böyük Ermənistan iddiası altında yaşadığını göstərir. Sarkisyanın özünün uydurduğu dünyada yaşadığını deyən deputat söyləyib ki, Ermənistan prezidentinin erməni millətçiləri ilə apardığı siyasət erməni xalqının min ildən sonra təsadüfən qazandığı dövlət müstəqilliyini böyük təhlükə altına qoyur: "Sarkisyan anlamır ki, yaranmamışdan Azərbaycana torpaq iddiası edən və özünün də iştirakı ilə torpaqlarımızın bir hissəsinin işğal edilməsi bu gün Ermənistanı hər hansı bir perspektivdən məhrum edir. Ermənistan Azərbaycana dövlətçilik yarışında uduzur. Düşmən ölkə rəhbəri hələ də dərk etmir ki, Azərbaycan 1990-cı ilin əvvəllərindəki vətəndaş müharibəsi təhlükəsi ilə üzləşən, Ulu Öndər Heydər Əliyev hakimiyyətə gələnə qədər daxilində böyük problemlər yaşayan Azərbaycan deyil. Ona görə də, Sarkisyan özünün dəcəl uşaq kimi apararaq gah ölkəmizi hədələyir, gah dünyaya meydan oxuyur, gah da ki, heç bir reallığa uyğun gəlməyən fikirlər bildirir".
A. Mirzəzadə qeyd edib ki, hazırda Azərbaycanın Ermənistana sərt cavab vermək üçün bütün imkanları var: "Çünki, beynəlxalq hüquq Azərbaycan tərəfində olmaqla yanaşı ölkəmiz iqtisadi cəhətdən də qüvvətlidir. Bu gün həm işğal edilmiş zona, həm də Ermənistandakı onların hərbi obyektləri Azərbaycanın silahlı qüvvələrinin birbaşa müşahidəsi altındadır. Sarkisyanın Azərbaycanı hədələməsi onun özünə çox böyük baha başa gələ bilər".
Siyasi şərhçi Azər Həsrət deyib ki, elə onların öz içindən olanlar Sarkisyanın bu açıqlamasını qeyri-ciddi qəbul edir, lağa qoyur. Onun sözlərinə görə, Ermənistanda da ağlı başında olan adamlar var və onlar anlayır ki, o dövlətə başçılıq edən şəxsin belə açıqlamaları yalnız gülüş doğura bilər: "Azərbaycan indi 25 il öncəki zəif, dağınıq, qarmaqarışıq ölkə deyil. İndi Ermənistanın qarşısında güclü ordusu, iqtisadiyyatı, vahid lideri və vahid strategiyası olan bir Azərbaycan var. Ona görə də bu ölkənin rəhbərləri Azərbaycanı hədələyəndə yalnız gülüş hədəfi olacaqlarını anlamalıdır. Anlamırlarsa, bu onların faciəsidir, bizim deyil".
Politoloq Cümşüd Nuriyevin sözlərinə görə, Ermənistan çox qorxur ki, aprel hadisələrinin il dönümündə Azərbaycan hansısa addımı ata bilər: "Bu mənada da həmin addımlar Azərbaycanı arxayın salmaq, Azərbaycanı sakitləşdirmək üçün hesablanmış bir gedişdir. Onlar çox gözəl bilirlər ki, bu baş tutan şey deyil. Amma müasir dövrdə informasiya müharibəsi deyilən bir məsələ var. ATƏT bilir ki, prezidentlərin görüşü heç bir nəticə verməyəcək. Amma təhrik edir ki, prezidentlər görüşsünlər. Azərbaycan Prezidenti İlham Əliyevin də dediyi birmənalı şəkildə düzdür ki, Ermənistan dövlət deyil. Azərbaycan artıq bu məsələlərdə yavaş-yavaş informasiya müharibəsində geriləyir".
Millət vəkili Elşən Musayev bildirib ki, aprelin 2-i Ermənistanda parlament seçkiləridir: "Bu səbəbdən Sərkisyan 2 aydır vurnuxur". O, bildirib ki, Ermənistan prezidenti əməllicə eyforiya yaşayır: "Gah Avropa turnesinə çıxdı, gah sərhəddə növbəti təxribata can atdı, gah Dağlıq Qarabağdan "şirinquş" bəyənatı verdi, gah Beynəlxalq dairələrdəki quyruqbulayanlarının vasitəsilə ciddi lobbi dəstəyi qazanmağa çalışdı - amma variantların heç biri alınmadı ki, alınmadı. Öz də seçki gününün mistikasına baxın: Aprelin 2-i. Azərbaycan ordusunun son zəfərinin ildönümü". Elşən Musayev deyib ki, Sərkisyan hakimiyyətə terrorla gəlib: "Ermənistan Parlamentindəki qətliamdan sonra. Bu fakt bütün ciddi dairələrə və istintaqa məlumdur. Həmin an spikerin güllələnməsi isə Sərkisyanın killerə xüsusi sifarişi olub. Çünki, qarşıdakı siyasi proseslərdə özünə ən böyük rəqib onu görürmüş. Və...budur. Bumeranq fırlanır. Əkilən biçilir. Sarkisyan son günlər öz mühafizəsini düz 5 dəfə gücləndirib. Demək, ciddi təhdid var. Başının üstündə qara buludlar dolanır. Mənim intuisiyam deyir ki, Sərkisyan sui-qəsdin bir addımlığındadır və gəbərib cəhənnəmə vasil olmasına çox az qalıb".

Əli