“Dağlıq Qarabağ münaqişəsinin həlli Fransa prezidenti üçün prioritet olmalıdır” Siyasət

“Dağlıq Qarabağ münaqişəsinin həlli Fransa prezidenti üçün prioritet olmalıdır”

Fransa Senatının üzvü: "Münaqişə ocağı, Avropa İttifaqının qonşuluğunda yerləşən regionun siyasi və iqtisadi sabitliyinə təsir göstərir"

Fransa Senatının üzvü, Fransa-Qafqaz Dostluq Qrupunun sədri Andre Rişar Fransa prezidentinin xarici siyasət sahəsində prioritetləri ilə bağlı növbəti dəfə fikirlərini paylaşıb.
Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) Fransa nümayəndəliyinə daxil olan məlumata görə, senatorun imzası ilə dərc olunan məqalə Fransanın 15 min tirajla buraxılan "La Revue du Trombinoscope" adlı siyasi jurnalda yer alıb. TEAS-dan bildirilib ki, jurnalın mart nömrəsi Fransa prezidentliyinə namizədlərə, rəsmi Parisin gələcək xarici siyasətinə dair tövsiyələrə həsr olunub.
Andre Rişar məqaləsində qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli növbəti Fransa prezidenti üçün prioritet olmalıdır. O vurğulayıb ki, Fransa və Azərbaycan arasında 25 il davam edən diplomatik əməkdaşlıq nəticəsində müxtəlif sahələrdə, xüsusilə, kollektiv təhlükəsizlik, enerji və iqtisadi əməkdaşlıq məsələləri daim yüksələn xətt üzrə inkişaf edib.
Senator qeyd edib ki, bu cür yaxşı münasibətlərin olmasına və Fransanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlarda vasitəçilik missiyasını həyata keçirən ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi statusunu daşımasına baxmayaraq, müəyyən güclü lobbilərin təsiri ucbatından Azərbaycan mövqeyini Fransa ictimaiyyətinə çatdırmaqda böyük çətinliklərlə üzləşir.
Bunu nəzərə alaraq, o, növbəti Fransa prezidentini bu sahədə "nümunəvi obyektivlik" nümayiş etdirməyə çağırır. Vurğulayır ki, bu münaqişə mümkün qədər tez bir zamanda sülh yolu ilə həll olunmalıdır. Ona görə ki, münaqişə ocağı, Avropa İttifaqının qonşuluğunda yerləşən regionun siyasi və iqtisadi sabitliyinə təsir göstərir.
Senator bildirib ki, bu münaqişə Azərbaycanda dərin izlər qoyub. Dağlıq Qarabağ və yeddi ətraf rayon Ermənistan tərəfindən işğal olunduğuna görə ölkə bir milyona yaxın qaçqın və məcburi köçkün problemi ilə üzləşib. Bu insanların yeganə ümidi torpaqlarına qayıtmaq və əvvəlki kimi qonşuları ilə sülh şəraitində yaşamaqdır.
Andre Rişar məqaləsini yekunlaşdırarkən təklif irəli sürüb ki, danışıqlarda tərəqqiyə nail olmaq üçün Fransa Senatında Ermənistan və Azərbaycan tərəfləri arasında parlamentlərarası müzakirələrin təşkilinə cəhd göstərilməlidir. Bu təklif bu ilin martında Azərbaycan prezidenti İlham Əliyevin Fransaya rəsmi səfəri çərçivəsində səsləndirilib.