“Yeni silah və hərbi texnika şəxsi heyətin döyüş imkanlarının daha da güclənməsini təmin edəcək” Siyasət

“Yeni silah və hərbi texnika şəxsi heyətin döyüş imkanlarının daha da güclənməsini təmin edəcək”

Mirşamil Hadıyev: "Ən yeni texnologiyaların tətbiqi tapşırıqların uğurla yerinə yetirilməsinə öz töhfəsini verəcək"
Azərbaycanla Rusiya arasında imzalanmış hərbi-texniki əməkdaşlıq müqaviləsinə əsasən Rusiyadan ölkəmizə silah-sursat və müxtəlif təyinatlı müasir hərbi texnikanın növbəti partiyası gətirilib. Müdafiə Nazirliyindən verilən məlumata görə, gəmilər vasitəsilə Bakıya çatdırılan hərbi təyinatlı yeni məhsullar ekspertlərin iştirakı ilə təhvil alınaraq aidiyyəti hərbi hissələrə veriləcək.
Həmin silah-sursat və hərbi texnikanın ən qısa zamanda Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinin silahlanmasına daxil edilməsi və döyüş tətbiqinə tam hazır vəziyyətə gətirilməsi təmin ediləcək.
Yeni silah və hərbi texnikanın tətbiqi üzrə mütəxəssislərin hazırlığı rusiyalı təlimatçılar tərəfindən həyata keçiriləcək.
Bundan başqa, istifadədə olan silah və texnikanın ən yeni texnologiyaların tətbiqi ilə mərhələlərlə modernizə edilməsi prosesi də davam etdirilir.
Hərbi ekspert, ehtiyatda olan polkovnik-leytenant Mirşamil Hadıyev deyib ki, Azərbaycanla Rusiya arasında imzalanmış hərbi-texniki əməkdaşlıq müqaviləsinə əsasən, Rusiyadan mərhələli şəkildə ölkəmizə müxtəlif təyinatlı müasir hərbi texnikanın növbəti partiyası gətirilir: "Hesab edirəm ki, aprelin 26-da ictimaiyyətə təqdim edilən bu silah və texnika Müdafiə Nazirliyi tərəfindən alınan silahların hamısı yox, cüzi bir qismidir. Çünki alınan bütün silah və texnikaların hamısının nümayişi təhlükəsizlik baxımından yolverilməzdir. "Əlbəttə, bu silah və texnika paradda nümayiş etdirmək və yaxud da sıra baxışı üçün alınmayıb. Bunlar konkret olaraq, döyüşdə istifadə və düşməni məhv edərək torpaqlarımızın azad edilməsi üçün alınıb. Əminəm ki, aldığımız texnika və silahlar tezliklə bu müqəddəs vəzifənin icrası zamanı istifadə olunacaq. İnanıram ki, alınan yeni silah və hərbi texnikanın tez bir zamanda mütəxəssislər tərəfindən mənimsənilərək döyüş bölgələrində yerləşən bölmələrimizin silahlanmasına verilməklə aktiv döyüşlər zamanı şəxsi heyətin döyüş imkanlarının daha da güclənməsini təmin etmiş olacaq. Bundan başqa hesab edirəm, istifadədə olan silah və texnikanın ən yeni texnologiyaların tətbiqi ilə mərhələlərlə modernizə edilməsi prosesi də Silahlı Qüvvələrimizin qarşısında qoyulan tapşırıqların uğurla yerinə yetirilməsinə öz töhfəsini verəcək. Hər kəs görür ki, Azərbaycan Ordusu həm texniki təchizat, həm döyüş qabiliyyəti baxımından dünya miqyasında güclü ordular sırasında öz yerini inamla tutmaqda davam edir və ordumuz bu yeniliklərin nəticəsi olaraq istənilən hərbi vəzifəni icra edə bilər və edəcək".