“Tarixən islam dövlətləri arasında siyasi ziddiyyətlər bu böyük coğrafiyanın həmrəy olmasına imkan vermir” Siyasət

“Tarixən islam dövlətləri arasında siyasi ziddiyyətlər bu böyük coğrafiyanın həmrəy olmasına imkan vermir”

Zaur Məmmədov: "Yarışların mütamadi olaraq təşkili isə, onlar arasında inteqrasiyanın dərinləşməsinə səbəb olan amildir"

IV İslam Həmrəylik Oyunları başa çatdı. Azərbaycan birinci, Türkiyə isə ikinci yeri tutdu. Ekspertlər hesab edir ki, yarışın Azərbaycanda baş tutması və yüksək səviyyədə keçirilməsi ölkəmiz üçün önəmli hadisədir.
Politoloq Zaur Məmmədov deyib ki, idmanın 21 növü üzrə 57 dövlətin 6 000 -ə yaxın idmançısının mübarizə apardığı IV İslam həmrəylik Oyunları bundan əvvəlki oyunlardan öz miqyasına görə daha geniş idi: "Məsələn, İndoneziyada və Səudiyyə Ərəbistanında idmanın 18 növü üzrə müvafiq olaraq 41 və 53 dövlətin iştirakı ilə yarışlar keçirilmişdi". Onun sözlərinə görə, tarixən islam dövlətləri arasında siyasi ziddiyyətlər bu böyük coğrafiyanın həmrəy olmasına imkan vermir: "Yarışların mütamadi olaraq təşkili isə, onlar arasında inteqrasiyanın dərinləşməsinə səbəb olan amildir. Oyunların Azərbaycanda keçirilməsinin ölkəmiz üçün bir çox əhəmiyyəti vardır.
Birincisi, Azərbaycan kiçik ölkə olmasına baxmayaraq dördüncü İslam Oyunlarını keçirməklə İslam dünyasında vacib ölkələrdən biri olduğunu göstərir. Ölkə islam xalqları arasında təbliğ olunur. (tarixi, mədəniyyəti, turistik potensialı).
Bu gün mədəniyyət, idman kimi yüksək, lakin daha kəsərli güc-nüfuz vasitələri ön plana çıxmaqdadır. Biz İslam dünyasının siyasi, iqtisadi-ticarət, elmi, mədəni, hərbi sistemində mühüm rol oynamış, öz sözünü deyib iz buraxmış bir xalqıq. Uzun əsrlər boyu Azərbaycan İslam sivilizasiyasının mərkəzlərindən biri olub.
İkincisi, Azərbaycan erməni terrorizmindən əziyyət çəkən dövlət kimi İslam dövlətlərinə vacib bir mesaj verir. Bildiyiniz kimi, bəzi islam ölkələri islam həmrəyliyinə zidd olaraq Ermənistan ilə müxtəlif səviyyələrdə əlaqələr qurublar. Beləcə, Azərbaycan bu dövlətlərə tərs sillə vurmuş olur.
Üçüncüsü, Azərbaycan ard – arda bu cür beynəlxalq idman tədbirlərini keçirərək, adına xal qazanır. Bu isə, sonrakı illərdə Yay Olimpiya Oyunlarının Bakıda keçirilməsinə gətirib çıxaracaq".
Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının sədri Səbuhi Abbasov vurğulayıb ki, IV İslam Həmrəyliyi Oyunları başa çatdı: "Hətta bəzi anti-Azərbaycan, anti-islam qüvvələri bu oyunların baş tutmayacağını iddia edirdilər. Nəticə isə göz qabağındadır". Onun sözlərinə görə, İslam Oyunları yüksək səviyyədə reallaşdı: "Həm açılış, həm gedişat, həm də bağlanış bütün dünya ölkələri tərəfindən izlənildi. Sözün hər mənasında hər kəs heyran olmuşdu. Təşkilatçılıq, təhlükəsizlik ən yüksək səviyyədə təmin olunmuşdur. Ümumiyyətlə, Azərbaycan son 10 ildə beynəlxalq tədbirlərin keçirildiyi platformaya çevrilib. Həm siyasi, həm iqtisadi, həm mədəni, həm də idman sahəsində keçirilən beynəlxalq tədbirlər nəticəsində ölkəmiz haqqında tarixi həqiqətlər dünyaya yayılmağa başladı. Turizm imkanları azı 10 dəfə genişləndi. Hesab edirəm bu çox vacib məqamlardandı. İkinci bir tərəfdən isə beynəlxalq tədbirlərin keçirilməsi ölkədəki siyasi sabitlikdən xəbər verir".

Əli