“Həmsədrlərin 1997-ci ildə özləri üçün müəyyənləşdirdikləri metodlar günün reallıqlarına cavab vermir” Siyasət

“Həmsədrlərin 1997-ci ildə özləri üçün müəyyənləşdirdikləri metodlar günün reallıqlarına cavab vermir”

Mübariz Əhmədoğlu: "Bu metod regionda iri müharibəni labüd edir"

"Son 20 il ərzində ən az dəyişikliyin olduğu istiqamət məhz Dağlıq Qarabağ probleminin tənzimlənməsidir. Dağlıq Qarabağ münaqişəsi ətrafında geosiyasi, iqtisadi, hərbi proseslərdə isə kifayət qədər ciddi dəyişikliklər baş verib". Bu fikirləri Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu səsələndirib. O əlavə edib ki, Rusiya və ABŞ bütün məsələlər üzrə az qala kəskin qarşıdurma mövqeyindədir. Yalnız Dağlıq Qarabağ məsələsində onların barışıq elan etməsi sadəcə diplomatik ritorikadır: " ABŞ Cənubi Qafqazda mövqeyini gücləndirə bilmir. Gücü yalnız Rusiyanın mövqeyinin güclənməsinin qarşısını almağa çatır. Suriya məsələsi Cənubi Qafqaz regionu üçün kifayət qədər yeni reallıqlar yaradır. Dağlıq Qarabağ tənzimlənməsinə iqtisadi və humanitar elementlər qoşulub. Artıq Azərbaycandan dəfələrlə humanitar təkliflər ortalığa çıxıb. Azərbaycan diplomatik təşəbbüsləri ələ alıb. Diplomatik hücumu yeni səviyyəyə qaldırıb. Bakıya bir neçə erməni ziyalısı gəlib və yenilərinin də gələcəyi gözlənilir. Azərbaycan dəfələrlə Ermənistanla iqtisadi əməkdaşlığa hazır olduğunu bəyan edib. Əsas odur ki, Ermənistanın vəziyyəti əməkdaşlığa imkan versin. Bunun üçün Ermənistan işğal olunmuş bütün əraziləri tərk etməlidir. Ermənistan-Azərbaycan sərhədində və qoşunların təmas xəttində hərbi insidentlərin sayı əvvəlki dövrlərlə müqayisədə dəfələrlə artıb. Hərbi insidentlərin kəsərliyi və istifadə olunan silahların çapı da getdikcə artır. ATƏT-in Minsk Qrupunun həmsədrləri isə 1997-ci ildə özləri üçün müəyyənləşdirdikləri metodlar köhnəlmiş, günün reallıqlarına cavab verməyən metodlardır. Bu metod regionda böyük müharibəni labüd edir. ATƏT MQ konseptual yanaşmasını, iş stilini dəyişməlidir. Qarabağ münaqişəsinin tənzimlənməsində son reallıqları əhatə edən, müasir standartlara cavab verən iş metodu hazırlamalıdır. ATƏT MQ "Sülh platforması"nı dəstəkləməlidir. Vətəndaş dialoqu belə başlayır. Bu qarşılıqlı inama aparan yoldur. ATƏT MQ Ermənistanda Azərbaycan almasına olan münasibəti ciddi təhlil etməli və uyğun nəticə çıxarmalıdır. ATƏT MQ ermənilərdə ictimai şüurun əyriliyini başa düşməli və dərk etməlidir. ATƏT MQ şəffaf və yeni metodologiya təqdim etməlidir".