“Ermənistan hökumətinin tutduğu mövqe ATƏT rəhbərliyini qətiyyən qane etmir” Siyasət

“Ermənistan hökumətinin tutduğu mövqe ATƏT rəhbərliyini qətiyyən qane etmir”

Elman Nəsirov: "Ənənəvi qeyri-konstruktiv mövqe diqqətdən yayınmır"

Zaur Məmmədov: "Ermənistan təşviş içərisindədir"


"ATƏT-in baş katibi Lamberto Zanyerin Yerevan səfəri asan olmayacaq, artıq Ermənistan KİV-i kifayət qədər mürəkkəb danışıqların gedəcəyi ilə bağlı mövqeyini bildirib". Bu fikri deputat Elman Nəsirov deyib.
O qeyd edib ki, nəzərə alsaq ki, tək Ermənistanın XİN rəhbəri deyil, prezidenti də Zaynerlə görüşəcək, ilkin proqnozlar nikbin deyil. Deputat qeyd edib ki, ATƏT-in Yerevan ofisinin fəaliyyəti ilə bağlı Ermənistan hökumətinin tutduğu mövqe ATƏT rəhbərliyini qətiyyən qane etmir: "Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Ermənistanın tutduğu ənənəvi qeyri-konstruktiv mövqe də diqqətdən yayınmır". E. Nəsirov əlavə edib ki, bütövlükdə səfər çərçivəsində danışıqların iki istiqamətdə aparılacağını demək mümkündür: "Birincisi, ATƏT-Ermənistan ikitərəfli münasibətləri və onun bugünkü reallıqları və perspektivləri. Onu da qeyd etmək lazımdır ki, reallıqlar ürəkaçan deyil və buna görə də perspektivlər də yaxşı heç nə vəd etmir. Bu baxımdan bu məsələnin diqqətdə olacağı istisna deyil". O qeyd edib ki, danışıqların gedişində münaqişənin həlli ilə bağlı Ermənistanın mövqeyinin dəqiqləşdirilməsi məsələsi də gündəmdə ola bilər: "Qondarma Dağlıq Qarabağda keçirilən referendum və ATƏT-in obyektiv mövqe, referendumun nəticələrini rədd etməsi rəsmi Yerevanın diqqət mərkəzindədir. Biz düşünmürük ki, səfər çərçivəsində Ermənistanın mövqeyində köklü dəyişikliklər olacaq. Bunu düşünmək sadəlövhlük olardı. Hər halda ATƏT rəhbərliyi üçün səfərin əhəmiyyəti var. ATƏT rəhbərliyi Ermənistan hakimiyyətinin fəaliyyətindən narazılığını ifadə edib, indi isə Yerevanda bu narazılığı ifadə edəcək".
Politoloq Zaur Məmmədov isə bildirib ki, Ermənistan ATƏT-in Yerevandakı ofisinin bağlanması ilə bağlı ciddi təşviş içərisindədir. O qeyd edib ki, bu təşviş Ermənistan hakimiyyəti ilə yanaşı, ermənipərəst politoloqların çıxışlarında da hiss olunur. Azərbaycan ATƏT qarşısında məsələ qaldıraraq, ofisin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar fəaliyyət göstərməsindən, dolayı və birbaşa yollarla Azərbaycanın işğal olunmuş ərazilərində layihələr həyata keçirməsindən narahatlığını dəfələrlə ifadə edib və ofisin mandatına aydınlıq gətirilməsi məsələsini qaldırıb.
O qeyd edib ki, ATƏT-in Yerevan ofisi onun üçün müəyyən edilmiş mandatdan kənara çıxaraq Azərbaycanın işğal olunmuş ərazilərində "mina təmizləmə" prosesinə cəlb olunub və bu işə xeyli miqdarda vəsait xərclənib: "Bu isə təşkilatın prinsiplərinə ziddir. Erməni tərəfi isə xəbərdarlıqlara məhəl qoymadılar. Hesab edirəm ki, ermənilər həyasızlıq nümayiş etdirirdilər, əl-ayağa düşərək müxtəlif yollar axtarırlar".
Politoloq həmçinin əlavə edib ki, Ermənistanın tutduğu mövqe hamıya məlumdur". Onun sözlərinə görə, daxildə gərginliyi aradan qaldırmaq, cəmiyyəti iqtisadi problemlərdən yayındırmaq üçün son zamanlar Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına olduqca böyük xələl gətirirlər: "Bununla da Ermənistan hakimiyyəti daxildə vəziyyəti öz xeyirlərinə sabitləşdirməyə cəhd edərək hakimiyyətdə daha çox oturmaq istəyırlər. Lakin, medalın iki tərəfi var. Tezliklə, Azərbaycan bir-bir rayonları geri alarkən Sarqsyan İrəvandan birbaşa qaçmağa vadar olacaq. Çünki, erməni əhalisi münaqişənin davam etməsindən bezib, onları sosial və iqtisadi rifahları maraqlandırır".