Milli Məclisdə AŞPA-nın uşaqlar üzrə alt komitəsinin iclası keçirilib Siyasət

Milli Məclisdə AŞPA-nın uşaqlar üzrə alt komitəsinin iclası keçirilib

Milli Məclisdə AŞPA-nın Sosial Məsələlər, sağlamlıq və dayanıqlı inkişaf komitəsinin uşaqlar üzrə alt komitəsinin iclası keçirilib.
İclas çərçivəsində "Rəqəmsal mühitdə uşaqların müdafiəsi və gücləndirilməsi" adlı parlament sessiyası təşkil olunub.
Milli Məclisin vitse-spikeri Bahar Muradova çıxış edərək bildirib ki, Azərbaycan insan hüquqları sahəsində hər zaman qanunvericilik təşəbbüsləri ilə çıxış edir. Onun sözlərinə görə, bu qanunlar bu sahədə olan məsələləri tənzimləmək üçün yaxşı imkanlar yaradır. Vitse-spiker bildirib ki, Azərbaycanda uşaqların informasiya sahəsində təhlükəsizliyi üçün də vacib addımlar atılır. O, bu sahədə AŞPA ilə əməkdaşlığın əhəmiyyətini vurğulayıb.
Alt komitənin sədri Baronessa Dorin Massey isə müasir dövrdə insanların internetin verdiyi imkanlardan yararlandığını bildirib. Onun sözlərinə görə, bununla yanaşı valideynlər anlamalıdır ki, bu imkanlar eyni zamanda uşaqlara mənfi təsir edə, onların istismarına gətirib çıxara bilər. D. Massey AŞPA-nın uşaq təhlükəsizliyi ilə bağlı sahəyə xüsusi önəm verdiyini vurğulayaraq uşaq hüquqları üzrə strategiyanın xüsusi komitə tərəfindən izləndiyini bildirib.
Milli Məclisin deputatı Sevinc Fətəliyeva iclasın Azərbaycanda keçirilməsinin böyük önəm kəsb etdiyini bildirib. Onun sözlərinə görə, bu məsələ Azərbaycan xalqının qəlbinə yaxın məsələdir. O bu sahədə əldə olunan təcrübənin paylaşılmasının vacibliyini qeyd edib.
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı isə bildirib ki, Azərbaycan əhalisinin 30 faizini uşaqlar təşkil edir. O bildirib ki, Azərbaycanda uşaq problemləri daim diqqət mərkəzindədir və ölkədə uşaqlara qayğı ildən-ilə artır. Millət vəkilinin sözlərinə görə, Azərbaycan uşaq hüquqları ilə bağlı bütün beynəlxalq sənədlərə qoşulub. O, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində də uşaqların hüquqlarının pozulduğunu qeyd edib: "Eyni zamanda Azərbaycanda 1 milyondan çox qaçqın və məcburi köçkün var. Onlardan 300 mindən çoxu uşaqlardır. Bu da uşaqların hüquqlarının pozulmasına gətirib çıxaran mühüm amillərdən biridir".
İclas gün ərzində davam edəcək.