“İqtisadi islahatların həyata keçirilməsi üçün gənclər irəli çəkilməlidir” Siyasət

“İqtisadi islahatların həyata keçirilməsi üçün gənclər irəli çəkilməlidir”

Qüdrət Həsənquliyev: "Bu istiqamətdə ciddi addımlar atılmalıdır ki, real nəticələrə nail ola bilək"

"İndi müəyyən olunur ki, işəgötürənlə işçi arasında razılaşma əsasında müddət müəyyənləşib. Yəni bu, tamamilə normaldır. Amma 77-ci maddəyə edilən dəyişikliyi qətiyyən qəbul etmək olmaz. Bu ayrı seçkiliyə yol açır və hörmətli Hadi müəllim niyə belə normaların müəyyən olduğunu bizim üçün əsaslandırmadı".
Bu fikirləri Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev Milli Məclisin plenar iclasında Əmək Məcəlləsinə dəyişikliklərlə bağlı qanun layihəsinin müzakirəsi zamanı deyib.
O "1 ildən 5 ilə qədər əmək stajı olduqda qeyd olunur ki, azı 2 təqvim həftəsi öncədən həmin işçiyə işdən çıxarılacağı ilə bağlı məlumat verilməlidir",- deyə əlavə edib: "Amma 1 ildən 5 ilədək əmək stajı olduqda qeyd olunur ki, 4 təqvim həftəsi, 5 ildən 10 ilə qədər olduqda azı 6 təqvim həftəsi, 10 ildən çox olduqda isə azı 9 təqvim öncəsi işdən çıxarılma ilə bağlı məlumat verilməlidir. Bu ayrı seçkilik nəyə laızmdır? 3 il əmək stajı olanın da ailəsi, uşaqları var. O da maaş alır və ailəsini dolandırmalıdır. Niyə biz fərq qoymalıyıq? Onsuz da müəssisənin rəhbəri əvvəlcədən bilir ki, onun müəssisəsinin iqtisadi durumu nədən ibarətdir, o ixtisarlara getməlidir. Bu barədə də xeyli öncədən həmin işçilərə ixtisar olunacağı ilə bağlı məlumat verilməlidir ki, onlar da özlərinə iş axtarsınlar. Hesab edirəm ki, burada diskriminasiya var. Tutaq ki, gənc işçi işdən çıxarılanda deyir ki, sənə az, çox işləyənə isə daha çox vəsait ödəyəcəyik. Özü də bu pensiya məsələsi deyil ki, ödənişlərə görə daha çox pensiya alsın. Şəxs işə düzələnə qədər həmin vəsait işçiyə verilir ki, o ailəsini dolandıra bilsin. Ona görə də hesab edirəm ki, 77-ci maddə əsaslandırılmayıb və biz bunu qəbul edə bilmərik. Əvvəlki variant daha ədalətlidir və işçilərin maraqlarına daha çox xidmət edir. Biz də düşünürəm ki, sadə insanların, işçilərin hüquuqlarını qorumalıyıq, nəinki ayrı ayrı şirkətlərin, iş adamlarının".

"Xərcləri həddindən artıq şişirdirlər"

Millət vəkili 2016-cı il dövlət büdcəsinin icrası haqqında qanun layihəsinin müzakirəsi ilə bağlı da fikirlərini bölüşüb: "Hökumətin hesabatı və Hesablama Palatasının rəyi ilə tanış oldum. Əlbəttə təəssüf doğuran haldır ki, ümumdaxili məhsul 2015-ci illə müqayisədə 2016-cı ildə 3,1 faiz azalıb. Bundan başqa ikinci təəssüf doğuran hal odur ki, baxmayaraq qeyri neft sektorunun inkişafı üçün hökumət müəyyən səylər göstərir, amma yenə də ümumdaxili məhsulda qeyri neft sektorunun payı 4,5 faiz azalıb. Əksinə, neftin qiymətinin aşağı düşməsinə baxmayaraq neft-qaz sektorunun payı 3, 4 faiz artıb. Bu da onu göstərir ki, bizim neft və qazdan asılılığımız azalmaq əvəzinə, 2016-cı ildə bir qədər də artıb. Hesablama Palatasının sədrinin də çıxışında bu qeyd olundu. Ciddi narahaetdici məqamlardan biri odur ki, büdcə gəlirlərinin yerinə yetirilməsində səhm paketinə dövlətin nəzarət etdiyi səhmdar cəmiyyətlər proqnozlar üzrə 8 dəfə az vergi ödəyiblər. Bu nə 8, nə də 80 faiz deyil. Hesablama Palatası bəzən büdcədən məsələn, 1 milyon vəsait ayrılmış idarə, müəssisə və təşkilatda aylarla yoxlama aparır. Bu araşdırılmalı idi. Bizə məlumat verilmədi ki, niyə proqnozlaşdırılandan büdcəyə 8 dəfə az vəsait ödəyiblər? Düşünürəm ki, hökumət bu barədə ictimaiyyətə və millət vəkillərinə ciddi məlumat verməlidir. Burada ən çox narahatlıq doğuran məqam büdcədən ilbəil borclar və borclar üzrə fazilər ödəməsidir. Bu il də 2 milyarddan çox vəsait ödənilib. Məsələn, mən bir neçəsinin adını çəkmək istəyirəm. Dövlət zəmanəti ilə götürülmüş borclara görə AZAL-ın maliyyə borcunu ödəmək üçün 624, Şahdağ Turizm Mərkəzinə 36, Azəralüminiuma 272 milyon və.s. vəsait sərf olunub. Yəni bu qədər pul ödənilir. Əvvəla, bunlar niyə özəlləşdirilmir? Hökumət bu barədə də ciddi düşünməlidir. Biz hər dəfə bu məsələni qaldırırıq. Dövlətin nəyinə lazımdır ki, özü üçün turizm mərkəzi saxlasın? Niyə Şahdağ Turimz Mərkəzi kredit götürməlidir, sonra da dövlət büdcədən onun borcunu ödəməlidir? Bunların hamısının özəlləşdirilməsi lazımdır ki, dövlət bu xərclərdən azad olsun. Düşünürəm ki, biz bunu etmədikcə bu vəziyyət çətin olaraq qalacaq. Səhmdar cəmiyyətlər niyə bunu ödəyə bilmirlər? Ona görə ki, xərcləri həddindən artıq şişirdirlər. Buna görə də gəlir az olur və vergini ödəyə bilmirlər. Məsələnin kökündə dayanan budur. Ona görə səhmdar cəmiyyətlərin də böyük əksəriyyətini mütləq özəlləşdirmək lazımdır. Məsələn, xəstəxanaların saxlanılmasına dövlət ötən il 342 milyon, polikilinika və ambulatoların saxlanmasına 107 milyon manat pul xərcləyib və.s. Mən əvvəl də söyləmişdim. İllər keçdikcə oradakı avadanlıqlar köhnələcək. Təzə xəstəxanalar tikilir. Onların saxlanılması xərcləri artacaq, dövlət bu işin öhdıəsindən gələ bilməyəcək və bunlar dağılıb gedəcək. Ora yeni cihazlar alına bilməyəcək. Ona görə də onları özəlləşdirmək lazımdır.
Niyə indiyə qədər icbari tibbi sığorta həyata keçirilməyib? Burada da qeyd olunub ki, hökumət bu istiqamətdə hazırlıq aparır. 13 ildir ki, qanunu qəbul etmişik. 13 il ərzində bizim hökumətimiz hazırlığı başa çatdıra bilmədi? Hadi müəllim dünya təcrübəsindən danışır. Axı dünya təcrübəsində çoxdan icbari tibbi sığortaya keçilib. Yeri gəlmişkən, onu da qeyd edim ki, dünyanın hər yerində gənclər arasında işsizliyin səviyyəsi digər kateqoriyadan olan insanlar arasında işsizliyin səviyyəsindən çoxdur. Çox təəssüf ki, bu dünyada və o cümlədən bizdə də belədir. Nəzərə alsaq ki, ötən il əməkhaqqı cəmsi 6,9 faiz artıb, inflayasiya isə 12, 4 faiz təşkil edib. Bu da onu göstərir ki, doğrudan da iqtisadi islahatların həyata keçirilməsi üçün gənclər irəli çəkilməlidir və bu istiqamətdə ciddi addımlar atılmalıdır ki, real nəticələrə nail ola bilək".

Pivənin reklamına niyə icazə verilməlidir?

Millət vəkili digər qanun layihəsinin müzakirəsi zamanı isə "mən başa düşmürəm spirtliliyi 5 fazidən aşağı olan içkilərin lobbiçiliyini kim edir?" – deyə vurğulayıb: "Pivənin faiz dərəcəsi 4,5; 4; 3,5 olur. Amma pivə də 5 faizdən az olanda spirtli içki sayılır. İnsanın sağlamlığına ziyandır. Həm qaraciyəri korlayır, həm də piylənmə, şişmanlıq yaradır. Niyə telekommunikasiyada pivənin reklamına icazə verə bilərik, digərlərinə yox? Ona görə də düşünürəm ki, əgər burada yeni bir maddə əlavə ediriksə spirtli işkilər buradan tamamilə çıxarılmalıdır. Nəinkki 5 faizə qədər, ümumiyyətlə sıfırdan başlayaraq. Əgər içərisində spirt varsa və spirtli içki sayılırsa o çıxarılmalıdır. Yaxud 15-1.1-ci maddə. Yenə də eyni qaydada. Ona görə də bu barədə ciddi düşünməliyik. Hesab edirəm ki, bütün spirtli içkilər çox içiləndə ziyan verir, o cümlədən də pivə. Niyə bura 5 faizə qədər daxil edilib? Yəqin bu pivə istehsalçılarının marağını nəzərə almaq üçün nəzərdə tutulub və biz bunu çıxarmalıyıq".

"Bəzi hakimlər məhkəmə proseslərini hərraca çevirirlər"

Cinayət Məcəlləsinə dəyişikliklər edilməsi haqqında qanun layihəsinin müzakirəsi zamanı isə millət vəkili bildirib ki, hazırda Azərbaycanda cinayətkarlığa qarşı mübarizənin effektivliyini artırmaq üçün cəzaları müəyyən məsələlər üzrə sərtləşdirməyə ehtiyac var: "Amma onu da qeyd etmək istəyirəm ki, ümumiyyətlə, cəzanın sərtləşdirilməsi cinayətkarlığa qarşı mübarizədə kiçik bir zaman ərzində effektli olur. Sonradan insanlar öyrəşirlər. Əgər hesab edirlərsə ki, onlar məsuliyyətdən yayına biləcəklər, o zaman cəzanın sərtliyinin cinayətkarlığın qarşısının alınmasında heç bir rol oynamır. Onun üçün düşünrəm ki, cəzanın labüdlüyünün təmin olunmasına diqqət yetirməliyik. Çalışmalıyıq ki, cəzalar ədalətli olsun. Orada yüzlərlə normaya əlavə və dəyişikliklər edilir. Amma mən sadəcə bir norma haqqında danışmaq istəyirəm. Ona görə də hesab edirəm ki, bu, məsələni bir daha geri qaytarmağımız və üzərində yenidən işləməyimiz üçün kifayət edir. Məsələn, maddə 295. Bilərəkdən ədalətsiz hökm, qətnamə və ya qərar çıxrtmaq. Hakimlərin bilərəkdən ədalətsiz hökm, qətnamə və ya qərar çıxartması üçün 5 min manatdan 8 min manata qədər cərimə alternativ cəza kimi nəzərdə tutulur. Yaxud da üç ilədək müddətdə azadlıqdan məhrum etməklə cəzalandırılır. Bilirsiniz, hakim bilərəkdən ədalətsiz hökm, qətnamə və ya qərardad çıxarırsa, bu dövlətin birbaşa əsaslarını dağıdır, vətəndaşın dövlətə və öz xalqına olan inamını itməsinə səbəb olur. İnsanlar da düşünürlər ki, axı biz necə millətik ki, bir-birimizə münasibətdə bu qədər ədalətsiz qərarlar qəbul edirik. Ona görə də bu cür hallara qarşı cərimələr cəza növü kimi ümumiyyətlə, çıxarılmalıdır. Əvəzində isə bu cür cinayətlər ağır cinayət kateqoriyasına aid edilməlidir. Ən azından bilərəkdən ədalətsiz qətnamə, hökm çıxaran hakimlərə qarşı cəzalar ən azı 7 ildən 15 ilədək olmalıdır".
Qüdrət Həsənquliyev əlavə edib ki, bəzi hakimlər, xüsusilə də mülkü işlərdə məhkəmə proseslərini hərraca çevirirlər: "Sonra da kim çox pul versə onun xeyrinə qərar çıxarırlar". Onun sözlərinə görə, bu cür hakimləri 5-8 min manat cərimə etsələr belə heç bir təsiri olmayacaq: "Vaxtı ilə mərhum prezident Heydər Əliyevin göstərişi ilə Azərbaycanda hüquqi islahatların həyata keçirilməsi üçün xüsusi komissiya yaratmışdıq. O komissiyanın işi yenidən təçkil olunmaldıır. O cümlədən də biz Cinayət Məcəlləsinin üzərində yenidən ciddi şəkildə işləməliyik və bu sənədə müəyyən düzəlişlər etməliyik. Mən bir normanı ona görə xatırlatdım. Yəni bu əsasdır ki, biz bu məsələlər üzərinə yenidən qayıtmağa nail ola bilək. Ölkədə iki dəfə devalvasiya baş verib. Onsuz da əhalinin sosial vəziyyəti ağırlaşıb. Büdcənin icrası ilə bağlı qanun müzakirəsi zamanı söylədim ki, əməkhaqqı 6,9 faiz artıb, amma inflyasiya 12,4 faizdir. Yəni indi əvvəlki cərimələr də vətəndaşlar üçün onsuz da müəyyən məhrumiyyətlər yaradır. Belə bir cəza onu törədən şəxs üçün həmdə məhrumiyyət yaratmalıdır. Əgər belə bir məhrumiyyət yaradırsa bu məbləğin kəskin şəkildə, bəzi hallarda 20, bəzi hallarda 10 dəfəyə qədər artırılması da indiki şəraitdə doğru addım olmaz. Təklif edirəm ki bu məsələni geri qaytaraq və üzərində yenidən işləyək".