“Cəbhə Azərbaycana yaxınlaşır” Siyasət

“Cəbhə Azərbaycana yaxınlaşır”

İrandakı teraktlar, Qətər ətrafındakı diplomatik böhran, bu ölkə şeyxinin bütün ərəb və sünni ölkələrinin şiə İranı ilə münasibətləri normallaşdırmaq çağırışı ilə bağlıdır. Bu, Rusiyanın Yaxın Şərqdə terrorla mübarizədəki ən yaxın tərəfdaşı olan rəsmi Tehrana təzyiq göstərmək zəncirinin halqasıdır.
Bu sözləri rusiyalı tarixçi və politoloq Oleq Kuznetsov son günlərdə Yaxın Şərqdə baş verən proseslər və onun doğura biləcəyi nəticələr haqda danışarkən deyib. Politoloq bildirib ki, əslində baş verənlər ərəb ölkələrinin qlobal terrora – İŞİD-ə olan dəstəyinin, şiəliyə və türk dünyasına qarşı mübarizəsinin əsas vasitəsidir:
"Qətər şeyxinin bəyanatının fonunda ərəb, əslində isə bütün semit dünyası birlik və əməkdaşlıq nümayiş etdirdi. Belə ki, o, bütün Yaxın Şərq regionunda şərtlərini diktə etməkdə özünü haqlı hesab edir: Özü də yalnız Suriyanın qanuni hakimiyyətinə deyil, həm də identikliyinə görə müvafiq gəlməyən digər xalqlara və dövlətlərə, ilk növbədə isə İrana, Türkiyəyə, onların dəstəklədiyi Yaxın Şərq qruplaşmalarına – konkret olaraq söhbətin onlardan hansı haqda getdiyinin əhəmiyyəti yoxdur, istər iranmeylli Hizbulla olsun, istərsə də türkiyəmeylli Azad Suriya ordusuna.
Ötən həftə baş verən hadisələr regionda gərginliyin kəskin dərəcədə artırması kimi qiymətləndirilməlidir.
Bununla yanaşı, unutmaq olmaz ki, dünya neft hasilatının 5 faizə qədəri hazırda İŞİD-in nəzarəti altındadır. Bu təşkilat əgər regionun neft hasil edən digər ölkələrinin siyasəti məcrasında davranarsa, "mülayim" adlandırılan Suriya müxalifəti vasitəsilə açıq-aşkar hərbi-texniki yardım göstərən Səudiyyə Ərəbistanı, BƏƏ və s. ölkələr kimi, karbohidrogen xammalı bazarında vəziyyətə təsir etməyə qadirdir. Belə olduqda biz Suriya və İraq ərazisində artan mübarizə intensivliyini gözləməliyik. İran və Türkiyə istər-istəməz beynəlxalq terrorizmə qarşı mübarizədə ön planda olacaq. Azərbaycan isə bu prosesdə ən yaxın arxa cəbhəyə çevriləcək, hətta nəinki hərbi-siyasi, ola bilsin, logistik mənada da".