“Ermənistan Azərbaycanı qarşıdurmaya cəlb etmək niyyətindədir” Siyasət

“Ermənistan Azərbaycanı qarşıdurmaya cəlb etmək niyyətindədir”

"Ermənistan dəfələrlə bu tip atəşkəsin pozulması hallarına cəhd göstərdi. O bu cəhdlərin heç birində Azərbaycanı məğlub və yox etmək kimi bir məqsədinin olmadığını və ola bilməyəcəyini çox yaxşı bilir". Bu fikirləri türkiyəli politoloq Cağatay Balcı erməni silahlı birləşmələrinin Füzulidə 2 dinc sakini qətlə yetirməsi hadisəsini şərh edərkən deyib. Politoloq qeyd edib ki, Ermənistan çox yaxşı başa düşür ki, Azərbaycanı heç zaman məğlub edə və ona zərər verə bilməyəcək: "Ermənistan Füzulidə qətl törətməklə Azərbaycanı təhrik etmək və qarşıdurmaya cəlb etmək niyyətindədir. Amma bilmədiyi tək şey budur ki, Azərbaycan belə təhrik və qarşıdurmalara getməyəcək. Azərbaycanın öz planları var və bunları tətbiq edərək bir gün Qarabağı azad edəcək".
C. Balcı əlavə edib ki, bu məsələyə beynəlxalq təşkilatların susqunluq nümayiş etdirməsi təəccüblənəcək bir məsələ deyil: "Çünki nə zaman türklərə yönəlik bir cinayət olsa dünya həmişə susur. Bizdə buna alışqanlıq yaranıb və bu baxımdan beynəlxalq birliyin bizim üçün bir önəmi yoxdur".