“Cənubi Osetiya və ya Abxaziya ərazisində nəqliyyat vasitəsini hətta süni yolla sıradan çıxarmaq mümkündür” Siyasət

“Cənubi Osetiya və ya Abxaziya ərazisində nəqliyyat vasitəsini hətta süni yolla sıradan çıxarmaq mümkündür”

Mübariz Əhmədoğlu: "Bütün bunlar rəsmi Tbilisini separatçı qurumlarla məcburi əlaqəyə vadar edəcək"

"Gürcüstan Rusiya ilə danışıqlarında 2011-ci ildə imzalanmış müqaviləni aktuallaşdırır". Bunu politoloq Mübariz Əhmədoğlu deyib. O qeyd edib ki, rəsmi Tbilisi bu mövzuda danışıqları başlamaqla Rusiya-Gürcüstan sərhədinin harada, başqa sözlə 08.08.2008-ci il hadisələrinə qədərki yerdə olduğunu yada salmaq istəyir: "Adı çəkilən müqaviləyə görə Rusiya ilə Gürcüstan arasında yük daşımaların rəsmiləşdirilməsi yalnız Gürcüstanla Rusiyanın beynəlxalq aləmdə tanınmış sərhədlərində baş verməlidir. Gürcüstan bunu Rusiyaya qarşı təzyiq vasitəsi kimi görür. İş də burasındadır ki, bu mövzu yalnız sənədlərlə kifayətlənməlidir. Praktiki mərhələyə keçməməlidir. Çünki yük istər-istəməz real olaraq Abxaziyanın və ya Cənubi Osetiyanın ərazisindən daşınmalıdır".
Politoloq bildirib ki, bu zaman həmin nəqliyyat vasitələri, yüklər, sürücü və ya sərnişinlərlə bağlı hədsiz çox hallar baş verə bilər; Tutaq ki, daşınan ərzaq məhsulu avtomobilin xarab olması ucbatından Cənubi Osetiyanın və Abxaziyanın ərazisində maşından boşaldılmalıdır: "Gürcüstan nümayəndəsinin Abxaziya və Cənubi Osetiyanın ərazisinə girişi necə olacaq, gömrük və anbarlara yerləşdirmə sənədləşməsi nə qaydada aparılacaq. Bütün bunlar hamısı bir xeyli suallar yaradır. Cənubi Osetiya və ya Abxaziya ərazisində nəqliyyat vasitəsini hətta süni yolla sıradan çıxarmaq mümkündür. Bütün bunlar rəsmi Tbilisini separatçı qurumlarla məcburi əlaqəyə vadar edəcək".
M. Əhmədoğlu əlavə edib ki, belə əlaqələrin sayının çoxluğu həmin separatçı qurumların tanınması ilə nəticələnə bilər. Ona görə Ermənistanın ruhlanması əsassızdır: "Eyni zamanda Gürcüstan əgər Ermənistana doğru Rusiyaya kommunikasiya imkanı yaradacaqsa bu, Rusiyanın Cənubi Qafqazda gücünün artmasına səbəb olacaq. Bu həm Gürcüstanın, həm də onun Qərbdəki müttəfiqlərinin maraqlarına uyğun deyil".
O əlavə edib ki, gürcü rəsmilərindən ermənilərə meyl edən şəxslər az saylı deyil. Bu Azərbaycanda bizə bəllidir. Gürcüstanda anti-Azərbaycan və anti-Türkiyə əhval-ruhiyyənin güclənməsi də özbaşına baş vermir.
Politoloq vurğulayıb ki, amma indi aparılan danışıqların mahiyyətində ermənipərəstlik yoxdur: "Əksinə, Gürcüstanın kommunikasiyalarla başladığı iş elə həddə gəlib çata bilər ki, Moskva bunu Rusiya və Ermənistanın birgə maraqlarına təhlükə elan edə bilər. Bu halda Ermənistanda Birləşmiş Qoşun Qüvvələri fəaliyyətə başlaya bilər. Bir az da aydın desək, Rusiyaya təhlükə yaradan Gürcüstana Ermənistan ərazisindən hərbi əməliyyatlar başlaya bilər. Ermənistanın Rusiyanın əmrindən çıxmağa hüquqi baxımdan ixtiyarı yoxdur. Buna görə əsassız optimizmə alışmış Ermənistan üçün növbəti təhlükə yaranır. Bu təhlükənin mənbəyi Ermənistanın çoxdan arzuladığı və çalışdığı Gürcüstan ərazisi vasitəsilə Rusiya ilə əlaqə yaratmaqdır. Ən yaxşısı Ermənistanın Abxaziya və Cənubi Osetiya vasitəsi ilə marşrutun açılmasında maraqlı olmadığını açıq şəkildə bəyan etməsidir. Bunun əvəzinə Ermənistanın muzdlu ekspertləri Azərbaycanı şərləməklə məşğuldurlar".