“Prezidentin çıxışı İslam düşməni Ermənistanla əməkdaşlığa meyilli olan ölkələrə bir mesaj idi” Siyasət

“Prezidentin çıxışı İslam düşməni Ermənistanla əməkdaşlığa meyilli olan ölkələrə bir mesaj idi”

Telman Nüsrətoğlu: "Azərbaycan İslam ölkələriylə əlaqələrini inkişaf etdirir"

"Astanada keçirilən sammitdə İslam dünyasının içində bulunduğu bölünmüş durum və problemlər fonunda birlik çağrışlarının önəm qazandığını müşahidə etdik. Bu bir həqiqətdir ki, bu gün İslam aləminin bütün fərqliliklərini bir zənginlik olaraq görüb birlik olmasına, həmrəylik sərgiləməsinə hər zamankından daha çox ehtiyac var". Bunu Türk İslam Araşdırmaları Mərkəzinin sədri, tarixçi alim Telman Nüsrətoğlu bildirib: "Bir çox taleyüklü problemlərimizin də həlli o birlikdən keçir. Prezident İlham Əliyevin çıxışına, bir müsəlman ölkəsi olaraq Azərbaycanın Qarabağ məsələsində İslam ölkələrindən dəstək ummasına da bu konteksdə baxmaq lazımdır. Məncə prezidentin çıxışı həm də İran başda olmaqla təcavüzkar, İslam düşməni Ermənistanla əməkdaşlığa meyilli olan ölkələrə bir mesaj idi.
Azərbaycan öz davasında tamamən haqlıdır. Türkiyə, Pakistan, Səudiyyə Ərəbistanı kimi İran da bir müsəlman ölkəsi olaraq birmənalı şəkildə Azərbaycanın haqlı mövqeyini dəstəkləyər, İslam həmrəyliyi prinsipindən çıxış edərsə, bu, Qarabağın işğaldan azad edilməsində Azərbaycanın mövqeyini daha da gücləndirə bilər.
Azərbaycan son illər İslam ölkələriylə əlaqələrini daha da inkişaf etdirmək istiqamətində müəyyən addımlar atır. Hesab edirəm ki, media, qeyri-hökümət təşkilatları, universitetlər də aparılan bu siyasətə uyğun olaraq İslam dünyasıyla əlaqələri genişlədərək Azərbaycanın milli məsələsi olan Qarabağ məsələsində ciddi dəstək almalıdır. Məsələn, Qətərə məxsus qlobal bir media ağı olan Əl-Cəzirənin imkanlarından yararlanaraq Qarabağ həqiqətlərini daha intensiv bir şəkildə dünyaya, İslam ölkələrinə duyurmalıyıq.Yəni bu istiqamətlərdə fəaliyyətlərimizi daha da artırmalıyıq".