“İlk dəfə idi ki, BMT kürsüsündən forpostbaşı Sarkisyanın kimliyi açıqlandı” Siyasət

“İlk dəfə idi ki, BMT kürsüsündən forpostbaşı Sarkisyanın kimliyi açıqlandı”

Sahib Alıyev: "Ermənistana qarşı beynəlxalq sanksiyalar qəbul edilməlidir"

"İlk dəfə idi ki, BMT kürsüsündən forpostbaşı Sarkisyanın kimliyi açıqlandı". Bu sözləri millət vəkili Sahib Alıyev deyib. Onun sözərinə görə, bunu BMT Baş Assambleyasının 72-ci sessiyasının açılışındakı tarixi çıxışında Azərbaycan Prezidenti cənab İlham Əliyev etdi: "Cənab Prezidentin tənqid hədəfi təkcə hərbi kriminal adlandırdığı Sarkisyan deyil, həm də haylara açıq və gizli dəstək verənlər idi. "Ermənistan azərbaycanlılara qarşı Ermənistanda, Dağlıq Qarabağda və Azərbaycanın digər 7 rayonunda etnik təmizləmə siyasəti həyata keçirib. Ermənistan Xocalıda azərbaycanlılara qarşı soyqırımı törədib. Xocalı soyqırımı 10-dan artıq ölkə tərəfindən rəsmən tanınıb. 1992-ci il fevralın 26-da Ermənistan Xocalının 613 dinc sakinini, o cümlədən 106 qadın və 63 uşağı qətlə yetirərək, hərbi cinayət törədib. Bəşəriyyətə qarşı bu dəhşətli cinayəti törədən hərbi kriminallardan biri Ermənistanın hazırkı prezidentidir. Ermənistan 24 ildir ki, BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymur və əfsuslar ki, o, buna görə cəzalandırılmır. Bəzi hallarda BMT-nin Təhlükəsizlik Şurasının qətnamələri bir neçə gün ərzində icra olunur. Bizə gəldikdə isə 24 ildir ki, qətnamələr icra olunmur. Bu, ikili standarta əsaslanan yanaşmadır. Bu yanaşma qəbuledilməzdir. Ermənistana qarşı beynəlxalq sanksiyalar qəbul edilməlidir. BMT-nin mühüm islahatlarından biri Təhlükəsizlik Şurasının qətnamələrinin icra mexanizminin yaradılması olmalıdır.
Ermənistan status-kvonun dəyişməz qalması üçün əlindən gələni edir, substantiv danışıqların qarşısını alır. ATƏT-in Minsk qrupunun həmsədrləri - Fransa, Rusiya və ABŞ dəfələrlə bildirmişlər ki, status-kvo qəbuledilməzdir.
Necə olur ki, despotik və orta əsrlər rejiminin idarə etdiyi bu cür korrupsiyaya uğramış, uğursuz dövlət uzun illər ərzində beynəlxalq hüququ pozmağa, BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə və dünyanın aparıcı ölkələrinin bəyanatlarına məhəl qoymamağa müvəffəq olur? Buna cavab isə ikili standartlardır. Təcavüzkara heç bir beynəlxalq təzyiq göstərilmir, Ermənistan diktatorluğuna heç bir beynəlxalq sanksiya tətbiq edilmir. Bu siyasətə son qoyulmalıdır".