“Oqtay Əsədov ATƏT-in nümayəndəsini sərt tənqid edib” Siyasət

“Oqtay Əsədov ATƏT-in nümayəndəsini sərt tənqid edib”

"Azərbaycana qarşı ikili standartlar bizi yorub". Bunu Milli Məclisin spikeri Oqtay Əsədov parlamentin iclasında ATƏT PA-nın Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsinin fəaliyyətindən danışarkən deyib. Oqtay Əsədov Kristian Vigenini sərt tənqid edib. Spiker bildirib ki, ATƏT-in Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Kristian Vigenin bu yaxınlarda Bakıda oldu, sonra Ermənistana səfər etdi: "Burada dediyi sözlərin hamısı saxta və yalan oldu. O, bütün Ermənistan rəhbərliyi ilə görüşdü. Dağlıq Qarabağdakı separatçı rejimin nümayəndələri ilə bir stolda oturdu. Bu ikili standartlar həqiqətən də bizi yorur. Azərbaycan parlamentinin ATƏT PA-dakı nümayəndə heyəti tam tərkibdə Andorrada ATƏT-in iclasında iştirak edir. Orada Azərbaycanla bağlı təkliflər irəli sürəcəklər. Kristian Vigenin kimi insanların Cənubi Qafqaz üzrə xüsusi nümayəndə olması, düzgün deyil. Tərəfli mövqe tutan insanların bu cür postlarda vəzifə tutması səviyyəsizlikdir. Biz belə məsələlərə çox rast gəlmişik. Ölkəmizdə səfərdə olanda, təkliflə çıxış etdik ki, ATƏT-in Minsk qrupunun tərkibi genişləndirilsin, o da buna razılığını bildirdi. Azərbaycanda bir, Ermənistanda başqa söz danışırlar. Bunlar faktdır".
Spiker Azərbaycan prezidentinin BMT tribunasından çıxış edərkən Qərb təşkilatlarının ikili standartlara yol verdiyini bəyan etməsini də xatırladıb.