“Poroşenko Türkiyə ilə mümkün olan bütün sahələrdə əməkdaşlıq etmək istəyir” Siyasət

“Poroşenko Türkiyə ilə mümkün olan bütün sahələrdə əməkdaşlıq etmək istəyir”

Elxan Şahinoğlu: "Bu mənada Türkiyə-Rusiya əməkdaşlığından geri qalmamağa çalışır"

"Türkiyə Cumhurbaşqanı Rəcəb Təyyub Ərdoğan Ukraynaya səfər etdi. Hiss olunur ki, Ukrayna prezidenti Petro Poroşenko Türkiyə ilə mümkün olan bütün sahələrdə əməkdaşlıq etmək istəyir və bu mənada Türkiyə-Rusiya əməkdaşlığından geri qalmaq istəmir. Buna nail olmaq çətindir. Çünki Rusiyanın xarici siyasət və təhlükəsizlik siyasətinin qatı tənqidçilərindən olsam da, bu dövlətin Türkiyə ilə əməkdaşlığındakı potensialının Ukraynanın potensialını dəfələrlə üstələdiyini vurğulamaq məcburiyyətindəyəm. Məsələn, Rusiya Türkiyədə dəyəri on milyardlarla dollar həcmində atom elektrik stansiyası tikəcək. Ukraynanın oxşar investsiya imkanları yoxdur". Bu fikirləri "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu səsləndirib. Onun sözlərinə görə, buna baxmayaraq, Türkiyə bütün yumurtaları eyni səbətə yığmamalı, Rusiya ilə böyük ortaq layihələrin olmasına rəğmən, Ukrayna ilə əməkdaşlığın bütün sahələrində irəriləyiş əldə etməyin hesablarını diqqətə almalıdır: "Ukrayna böyük bazardır, Türkiyə şirkətləri üçün bu bazarda böyük imkanlar var. Prezidentlər Kiyevdəki görüşdə qarşılarında böyük hədəf qoydular: İki ölkə arasında ticarət mübadiləsi 10 milyard dollara çatdırılmalıdır. Ərdoğanın Ukraynaya səfərinin nəticəsi olaraq Kiyedə Yunus Əmrə Mədəniyyət Mərkəzi fəaliyyətə başlayacaq. Ümumiyyətlə prezidentlər Kiyevdə 9 saziş imzaladılar.
Krım Ukrayna qədər Türkiyə üçün də qırmızı çizgidir, Ankara yarımadanın Rusiyaya "məxsusluğunu" heç zaman qəbul etməyəcək, bunu Türkiyə Cumhurbaşqanı Kiyevdə bir daha təkrarladı, ayrıca ortada hər iki dövləti dərin tellərlə bağlayan Krım türkləri amili var. Bu arada, Ukrayna xarici işlər naziri Pavlo Klimkinlə Bakıda fikir mübadiləm zamanı Ukrayna-Türkiyə-Azərbaycan üçlü formatının yaradılmasıyla bağlı fikilərin də qısa zamanda reallaşmasını gözləyirəm".