“Minsk qrupu daxilində baş verən dəyişikliklər yeni yanaşma ortaya qoydu” Siyasət

“Minsk qrupu daxilində baş verən dəyişikliklər yeni yanaşma ortaya qoydu”

Mübariz Əhmədoğlu: "Son zamanlar həmsədrlərin ortaya qoyduğu mövqe Azərbaycanın lehinədir"


Siyasi İnnovasiyalar və Texnologiyalar Mərkəzinin (SİTM) rəhbəri, politoloq Mübariz Əhmədoğlu dünən mətbuat konfransı keçirib.
Dağlıq Qarabağ məsələsi ilə bağlı aktiv dinamizmin oldiğunu deyən ekspert bildirib ki, ATƏT-in Minsk qrupu daxilində baş verən dəyişikliklər, yəni həmsədr postuna yeni diplomatların təyin edilməsi yeni yanaşma ortaya qoydu: "Son zamanlar həmsədrlərin ortaya qoyduğu mövqe Azərbaycanın lehinə, Ermənistanın əleyhinədir. Hətta hakimiyyət yönlü erməni ekspertlər ölkələrinin Dağlıq Qarabağ siyasətinin iflasa uğradığını deyirlər".
Politoloq deyib ki, Azərbaycan və Ermənistanın XİN rəhbərlərinin Nyu-York görüşünə qədər həmsədrlər Vyana və Sankt-Peterburq razılaşmalarına əməl olunmalıdır deyirdilər: "Lakin Nyu-York görüşündən sonra həmsədrlər bu razılaşmalara münasibətlərini dəyişdilər. Ermənilər tələb edirdi ki, təmas xəttində atəşkəsin pozulması hallarını müəyyən edən qurğu yerləşdirilsin. Həmsədrlərin mövqeyinin dəyişməsi Azərbaycanın təzyiqinin nəticəsidir".
Politoloq əlavə edib ki, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı yeni model ortaya qoyulub. Belə ki, bu modelə əsasən 5 rayon və Laçının yarısı Azərbaycana qaytarılmalıdır. Yeni təmas xəttində atəşkəsin pozulmasını müəyyən edən mexanizm yerləşdirilməlidir: "Cenevrə görüşünün məqsədi yeni modellə bağlı inam yaradılması idi. Qoşunların təmas xətti məsələsinə və Vyana, Sankt-Peterburq razılaşmasına həmsədrlərin mövqeyinin dəyişməsi realdır və ermənilər üçün gözlənilməzdir". Politoloq deyib ki, digər tərəfdən Cenevrə görüşündən sonra həmsədrlərin yaydığı bəyanatda birinci yerdə danışıqların intensivləşməsi məsələsi dayanır, daha sonra gərginliyin azaldılması məsələsi qeyd edilir: "Bunlar hamısı ermənilərin ziyanınadır".
"Ümummilli lider Heydər Əliyev Rusiya ilə münasibətlərin inkişafında maraqlı olsa da, Dağlıq Qarabağ məsələsində Moskvaya inanmayıb",- deyən politloq bildirib ki. o, ATƏT-in Minsk qrupunda həmsədr postunda 3 diplomatın olmasının təşəbbüskarıdır. Mübariz Əhmədoğlu qeyd edib ki, Fransa dövlət olaraq Minsk qrupunda təmsilçi deyil: "Fransaya bu səlahiyyət Avropa İttifaqı tərəfindən verilib". Politoloq həmçinin münaqişənin həlli ilə bağlı irəli sürülən təkliflərdən də danışıb. O qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin paket həlli variantına Azərbaycan etiraz etdi. Sonra isə mərhələli həll planı təklif edildi, buna Ermənistan etiraz etdi. Politoloq həmçinin əlavə edib ki, 2007-ci ildən bu yana münaqişənin həlli ilə bağlı hər hansı təklif ortaya çıxıbsa, orada Dağlıq Qarabağa "dövlət" kimi yanaşılmayıb. M. Əhmədoğlu Rusiyanın sabiq prezidenti Dmitri Medvedev tərəfindən hazırlanan Yenilənmiş Madrid Prinsiplərinin əhəmiyyətindən də danışıb. O qeyd edib ki, Medvedev tərəfindən hazırlanan sənədi Minsk qrupuna həmsədr digər 2 dövlətin prezidentləri də imzaladı, lakin sənədi Ağ Ev yaydı: "Ermənilər isə buna etiraz etdi. Sonra isə həmsədrlərin təzyiqi ilə Ermənistan bu sənədi müzakirə etməyə razı oldu. Ermənistan prezidenti Serj Sarkisyan nə qədər çalışdı ki, Medvedev mövqeyini dəyişsin, amma dəyişmədi. Sarkisyan hətta Medvedevə ən böyük rüşvəti təklif etdi. Belə ki, Medvedevə Rusiyanın Ermənistandakı hərbi bazasının müddətinin 25 il uzadılması təklif edildi. Medvedev bu məsələ ilə bağlı anlaşmanı imzalasa da, Dağlıq Qarabağ məsələsi ilə bağlı mövqeyini dəyişmədi".
Politoloq həmçinin Kazan sənədlərinin də mahiyyətindən danışıb. O qeyd edib ki, Azərbaycan prezidenti İlham Əliyev sözügedən sənəddə 10 dəyişik etdi, lakin Ermənistan bunu qəbul etmədi. Ermənistan bildirdi ki, Azərbaycan prezidenti İlham Əliyev 10 dəyişikliyi geri çəkməyənə qədər ermənilər danışıqlar masası arxasında oturmayacaq. Lakin onlar bu sözlərini cəmi iki il tutdu".
Mübariz Əhmədoğlu onu da əlavə edib ki, fakt olaraq Kataloniya və İraq Şimali İraqda keçirilən referendumları Dağlıq Qarabağda keçirilən referendumlarla müqayisə etmək olmaz. O qeyd edib ki, katalonlar və kürdlər heç kimi qovub sonra referendum keçirməyib. Lakin ermənilər Dağlıq Qarabağda yaşayan azərbaycanlıları deportasiya etdikdən sonra 1991-ci "referendum" keçirdilər. Politoloq həmçinin vurğulayıb ki, Kataloniya və Kürdüstanda keçirilən referendumdan sonra dünya dövlətləri İspaniya və İraqın ərazi bütövlüyünə dəstək verdiklərini bildirdilər.