“Azərbaycan Moskvaya etibar etmir...” Siyasət

“Azərbaycan Moskvaya etibar etmir...”

"İranda keçirilən üç liderin görüşü zamanı ABŞ-ın həm İrana, həm də Rusiyaya təzyiqinin artması qeydə alındı. Rusiya və İranın maraqları aşkardır. Belə bir vəziyyətdə onların birləşməsi zərurəti yaranıb".
Bu sözləri Rusiyanın Aktual İqtisadiyyat İnstitutunun direktoru Nikita İsayev "Eurasia Diary" saytına açıqlamasında deyib.
Onun sözlərinə görə, Tehranda səsləndirilən dollardan imtina etmək təklifi də qüvvələr balansında köklü dəyişikliyə səbəb olmayacaq. Rusiya və İran karbohidrogen bazarında rəqabətdən qaçmalıdırlar və xarici əmtəə bazarında fəaliyyətlərini əlaqələndirməyə çalışmalıdırlar.
"Azərbaycanın qərbyönümlü mövqe tutmasına və NATO ilə əməkdaşlığına baxmayaraq, Rusiya-İran əlaqələrinin inkişafında da maraqlıdır. Azərbaycan əlverişli coğrafi mövqeyə malikdir və yaxında çox mühüm nəqliyyat arteriyasının bir hissəsi olacaq. Azərbaycanın ərazisindən "Şimal-Cənub" dəmir yolu və Rusiyadan İranın şimalına gedən qaz borusu keçəcək. Bundan əlavə, Azərbaycan İrandan silah və ballistik raketlərin alınmasında maraqlıdır. Rusiya ilə belə bir müqavilənin bağlanması mürəkkəb bir prosesdir".
N.İsayevin sözlərinə görə, Rusiya KTMT-da müttəfiqi olan Ermənistana da maddi dəstək olur, İranın isə Azərbaycanla dost olan İsraillə münasibətləri gərgin olaraq qalır: "Azərbaycan vəziyyətin eləcə də qeyri stabil Yaxın Şərq regionuna yaxınlığını nəzərə alaraq, heç bir ölkədən, həmçinin NATO-dan da asılı olmamaq üçün tədarükləri diversifikasiya etməyə çalışır".
Onun fikrincə, bütün ölkələri birləşdirən amil Xəzər dənizindən qaz hasilat etmək və Avropaya yanacaq çatdırmaq istəyidir, ancaq Xəzər akvatoriyasının dəqiq sahələrə bölünməməsi buna mane olur.
"Trans-Anadolu qaz borusu ancaq Türkiyənin ərazisindən keçir və bu səbəbdən Ərdoğan öz şərtlərini yeridəcək. TANAP-dan isə təkcə Azerbaycan yox, Türkmənistan qazı da keçəcək".
Ekspertin sözlərinə görə, bunlara baxmayaraq, Rusiya-İran-Azərbaycan münasibətləri zəif olaraq qalır: "İran ABŞ-ın təsirinin olması ehtimalından dolayı Rusiya-İran münasibətlərinə şübhə ilə yanaşır, Azərbaycan isə Dağlıq Qarabağ münaqişəsində Rusiyanın Ermənistanı dəstəkləməsi ehtimalının böyük olduğunu anladığı üçün Rusiyaya etibar etmir".