“Gələn il ərzində Aİ ilə Azərbaycan arasında yeni saziş üzrə danışıqları bitirmək olar” Siyasət

“Gələn il ərzində Aİ ilə Azərbaycan arasında yeni saziş üzrə danışıqları bitirmək olar”

"Bir neçə həftədir Brüsseldə keçiriləcək Avropa İttifaqının "Şərq tərəfdaşlığı" sammitinin bəyannaməsi üzərində danışıqlar aparılır".
Bunu xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev deyib. O bildirib ki, zirvə toplantısına hələ bir həftə qalıb və bəyannamə ilə bağlı danışıqlar davam edir: "Bəyannamənin ilkin versiyası ilə çoxdan tanışıq. İşlər gedir. Görüşlər keçirilir. Azərbaycanın mövqeyinin öz əksini tapması üçün çalışırıq".
Nazir müavini qeyd edib ki, aviasiya sazişi üzərində də işlər davam etdirilir: "Bir-iki məsələ həll olunsa, sazişi sammitdə imzalamaq olmasa da, paraflamaq olar. Bu, Azərbaycan üçün maraqlı sazişdir. Sazişdə insanlar arasında ünsiyyət, gediş-gəliş və sair məsələlər olacaq. Bu, əlbəttə ki, yaxşı saziş olmalıdır".
"Düşünürəm ki, çalışsaq, gələn il ərzində Avropa İttifaqı ilə Azərbaycan arasında yeni saziş üzrə danışıqları bitirmək olar"-deyən nazir müavini bildirib ki, saziş üzrə növbəti görüş noyabrın 27-28-də olacaq: "Görüş siyasi və təhlükəsizlik məsələləri bloku üzrə olacaq. Ardınca video konfrans ola bilər. Sonra hamı istirahətə gedir. İnanmıram ki, ilin sonunadək sazişi razılaşdırmaq olar, bu, real görünmür. Orada bir neçə ciddi məsələ var. Ticarət, investisiya, sektoral, siyasi və təhlükəsizlik kimi ciddi bloklar müzakirə olunur".
Diplomat qeyd edib ki, Azərbaycan tərəfi sazişin adı ilə bağlı məsələni hələ qaldırmır: "Hər iki tərəf adla bağlı öz versiyasını irəli sürüb. İstəyirik ki, bu, vacib, hərtərəfli və dərin saziş olsun. Adının müəyyənləşməsi ilə bağlı sonuncu mərhələdə danışmaq olar".
"Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlıq üzrə sonuncu alt komitənin iclası dekabr ayında Brüsseldə keçirilməlidir"-deyən Məmmədquliyev vurğulayıb ki, artıq 3 alt komitənin iclası keçirilib: "Yalnız Humanitar və sosial məsələlər üzrə alt komitənin iclası qalıb. Ondan sonra alt komitələr bitəcək və Əməkdaşlıq Komitəsinin iclası olacaq. Əməkdaşlıq komitəsinin iclası gələn il olacaq".