“Avropanın özü istənilən vaxt Qarabağ sindromunu yaşaya bilər” Siyasət

“Avropanın özü istənilən vaxt Qarabağ sindromunu yaşaya bilər”

Aydın Mirzəzadə: "Buna görə də Avropa Azərbaycanın ərazi bütövlüyü problemini artıq önə çəkməyə başladı"

Fikrət Sadıqov: "Düşmən tərəf çıxılmaz vəziyyətdə olduğunu başa düşüb"

Ekspertlər Avropa İttifaqının "Şərq Tərəfdaşlığı" sammitinin yekun sənəndinin Azərbaycanın maraqlarına cavab verdiyini bildirir və bunu diplomatik uğur hesab edirlər. Burada xüsusilə ərazi bütövlüyü məsələsinin önə çəkilməsi xüsusi vurğulanır.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun dəvəti ilə noyabrın 24-də "Şərq Tərəfdaşlığı" sammitində iştirak edib.
Millət vəkili Aydın Mirzəzadə bildirib ki, Brüsseldə "Şərq Tərəfdaşlığı" sammitində bir çox məsələlərlə yanaşı, ərazi bütövlüyü məsələsi də önə çəkilib. Onun sözlərinə görə, yekun bəyannamədə problemlərin həllinin beynəlxalq hüquq normalarına uyğun, ərazi bütövlüyü çərçivəsində həll olunmasının vacibliyi bildirilib. Deputat deyib ki, vaxtilə Avropanın müəyyən dairələrin Azərbaycanın ərazi bütövlüyü məsələsini onlara yad olan bir məsələ kimi qiymətləndirsələr də, İspaniyanın Kataloniya vilayətində baş verənlər göstərdi ki, Avropanın özü istənilən vaxt Qarabağ sindromunu yaşaya bilər: "Buna görə də Avropa Azərbaycanın ərazi bütövlüyü problemini artıq önə çəkməyə başladı. Həmçinin, Azərbaycanın fəal iştirakçısı olduğu Cənub Qaz Dəhlizinə yüksək qiymət verilməsi onu göstərdi ki, bu gün dünya üçün sabitlik, ərazi bütövlüyü məsələsi prinsipialdır".
A.Mirzəzadənin sözlərinə görə, Prezident İlham Əliyevin sammitdə qətiyyətli mövqeyi, Azərbaycanın taleyüklü məsələlərinin Avropa İttifaqı rəhbərliyinin diqqətinə çatdırması, Ermənistanın Azərbaycan torpaqlarının işğalını davam etdirməsinə yol verilməsini qabartması yekun bəyannaməyə təsir etdi: "Ermənistan rəhbərliyi problem yaratmağa çalışsa da, cəhdlər uğursuz oldu. Dünya bu problemlərin beynəlxalq hüquq normaları ilə həll edilməsini vacib sayır. Bu, işğalçı Ermənistana xəbərdarlıqdır. Azərbaycan Dağlıq Qarabağ münaqişəsini hərb yolu ilə də həll etməyə hazırdır. Bunu aprel döyüşləri bir daha sübut etdi. Aİ-nin yekun sənədi isə Ermənistana son şansı verdi".
Politoloq Fikrət Sadıqov diqqətə çatdırıb ki, Avropa İttifaqının "Şərq Tərəfdaşlığı" sammitinin yekun bəyannaməsində bütün ölkələrin ərazi bütövlüyünun tanınması məsələsinin öz əksini tapması Azərbaycanın uğuru idi: "Çünki, keçmiş sammitdə bu məsələ gərginlik yaratdığı üçün Azərbaycan bəyənnaməyə imza atmamışdı". Azərbaycan-Avropa İttifaqı arasında ikitərəfli sənədin imzalanmadığını xatırladan politoloq söyləyib ki, buna səbəb həmin sənəddə Azərbaycanı qane etməyən məqamların olması idi: "Lakin Sammitin yekun bəyənnaməsində bütün məsələlər öz əksini tapdı. Bu da təbii ki, Azərbaycanın təkidi ilə həyata keçirildi. O ki qaldı ikitərəfli sazişə, bu sənəd mütləq imzalanacaq. Lakin bu, Azərbaycanın istədiyi formatda olacaq".
Yekun bəyənnamədə ərazi bütövlüyü ilə bağlı məsələnin Ermənistan tərəfindən narahatlıq doğurduğunu dilə gətirən F. Sadıqov söyləyib ki, artıq düşmən tərəf çıxılmaz vəziyyətdə olduğunu başa düşüb: "Ermənistan anlayır ki, əgər onlar bu bəyənnaməyə imza atmasalar, o zaman ikitərəfli sazişə də imza atmamalıdırlar. Bu da nəticə etibarı ilə Ermənistanın özünə zidd hərəkətdir. Bu baxımdan düşmən ölkə məcburiyyət qarşısında qalaraq sənədə imza atmış oldu".
Politoloq söyləyib ki, yekun sənəd Azərbaycanın maraqlarına tam şəkildə cavab verir.

Yekun Bəyənnamədə ATƏT-in Minsk Qrupunun adının çəkilməməsi məsələsinə toxunan F. Sadıqov vurğulayıb ki, vasitəçilər bundan nəticə çıxarmalıdırlar: " İlk dəfədir ki, yekun bəyənnamədə ATƏT-in Minsk Qrupunun adı çəkilmir. Çox güman ki, bu, Avropa İttifaqının məsələ ilə daha ciddi şəkildə məşğul olması deməkdir. Aİ-nin ATƏT-in MQ-nu uzaqlaşdırmaq niyyətində olduğunu düşünmürəm. Çünki, ATƏT də Avropanın təşkilatlarından biridir və bu təşkilatda da Aİ-yə daxil olan ölkələr təmsil olunur. Lakin hər kəs anlayır ki, ATƏT-in MQ-nun fəaliyyyəti fəaliyyətsizliyə bərabərdir. Çünki, uzun illərdir ki, onların fəaliyyəti heç bir nəticəyə malik deyil və hətta beynəlxalq hüquq normaları yerinə yetirilmir. Təşkilat indiyədək heç bir qətnaməni yerinə yetirə bilməyib və məsələyə biganəlik nümayiş etdirir. Belə olan halda vasitəçilər bundan nəticə çıxarmalıdırlar. Əgər Aİ kimi nüfuzlu bir təşkilat ATƏT-in adını çəkmir, inkar edirsə, bunun özü onların fəaliyyətinin yüksək təqdir olunmadığının göstəricisidir. Belə olan halda, ATƏT-in MQ-u fəaliyyətini gücləndirməli və problemin həlli istiqamətində ciddi addımlar atmalıdır".
Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu bildirib ki, Avropa İttifaqının "Şərq Tərəfdaşlığı" sammitinin yekun bəyannaməsi Dağlıq Qarabağ tənzimlənməsi prizmasından böyük mübahisə vəd verirdi: "Vilnüs – 2013 və Riqa – 2015 sammitlərində bu mövzuda gərginlik yaranmışdı. Amma bu dəfə əvvəldən görülən işlər Ermənistanı neytrallaşdırdığı üçün mübahisə yaranmadı".
Aİ Dağlıq Qarabağ münaqişəsi kontekstini sadalayan ekspert bildirib ki, ATƏT MQ formatı ilk dəfədir ki, ciddi şəkildə silkələndi: "Əgər vasitəçilər bundan nəticə çıxarmayacaqlarsa Aİ Dağlıq Qarabağ tənzimlənməsində səylərini gücləndirəcəkdir. "Vyana və Sankt-Peterburq razılaşmalarına əməl edilməsi" tezisi yoxa çıxdıqdan sonra ATƏT MQ-yə istinad da tədricən sıradan çıxır".
M. Əhmədoğlu bildirib ki, Aİ-nin sonradan yaydığı bəyanatda Dağlıq Qarabağ və ətraf ərazilər Azərbaycanın tərkib hissəsi göstərilməklə həmin ərazilərdə Aİ şirkətlərinin fəaliyyətinin cinayət məsuliyyəti riski yaradacağını bildirir: "Bununla da Aİ Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində dəstəklənməsi istiqamətində güclü siyasi iradə nümayiş etdirir.
Azərbaycan Prezidentinin sammitdəki çıxışını xatırlayan mərkəz sədri deyib: "Prezident İlham Əliyev Aİ-dəki çıxışında Avropa məkanında separatizmin bütün təzahürlərinə vahid yanaşmanı aktuallaşdırdı. Yada salaq ki, İlham Əliyev "Şərq Tərəfdaşlığı" məkanındakı münaqişələrin həllinə və ərazi bütövlüyünə vahid yanaşılması ideyasının da müəllifidir. İndi onun bu tezisi Aİ-nin yekun sənədində öz əksini tapıb. Yaxın zamanlarda Aİ Kataloniya separatçılarının lideri K. Puçdemonun başına gətirilənləri B.Saakyan və digərlərinin də başına gətirilməsini təşviq edəcəkdir".
Politoloq deyib ki, sammit zamanı və ərəfəsində bir sıra əlavə diqqət çəkən hadisələr də baş verdi:
I. Prezident S. Sərkisyan BMT TŞ-nin 4 qətnaməsinin Dağlıq Qarabağ tənzimlənməsi üçün nəzərdə tutulmadığını bəyan etdi. Onun bu bəyanatı Avropa ölkələrinin prezidentləri komandasında neandertal düşüncəli şəxsin olduğunu göstərdi. Dağlıq Qarabağdan və ətraf ərazilərdən erməni işğalçı qoşunlarının çıxarılması BMT TŞ-nin 4 qətnaməsinin əsas mahiyyətidir. S. Sərkisyan Ermənistan ordusunu Dağlıq Qarabağa toplamaq üçün əlindən gələn hər şeyi edir.
II. Ermənistanın böyük bir qrup siyasətçisinin çəkdiyi zəhmət sıfır oldu. Yalnız Avropa Xalq Partiyası S. Sərkisyanın tezisini olduğu kimi dəstəklədi. Qalan heç kim Ermənistanın mövqeyinə dəstək vermədi.
III. Bir qrup erməni ekspertlərinin, o cümlədən Armen Aşotyan və Kayts Minasyan kimi ekspertlərin cılızlığı aşkarlandı. Bu ekspertlər hətta informasiyanı ilkin mənbədən əldə edib, onu emal edə bilmirlər".
Ermənistanın siyasəti ciddi iflasa uğradı – deyən siyasi şərhçi bildirib ki, bu iflasın Avropa məkanında baş verməsi daha təsirlidir: "Avropa Ermənistanın yalançı xristianlığına, miflər üzərində qurulmuş tarixinə və saxta siyasətinə münasibət göstərdi. S. Sərkisyanın 10 illik prezidentliyinin ən vacib yekunlarından biridir. Çünki antiRusiya mahiyyətli "Şərq Tərəfdaşlığı" Proqramının ortalığa çıxmasında S. Sərkisyanın müstəsna rolu olmuşdu. Həm "Şərq Tərəfdaşlığı" antiRusiyaçılıqdan imtina etməklə reallığa yaxınlaşır, həm də S. Sərkisyanın prezidentliyi məntiqi sonluğunu əldə edir".
Siyasi şərhçi Azər Həsrət deyib ki, ümumiyyətlə Azərbaycan Prezidenti İlham Əliyevin Brüsselə səfəri əlamətdar oldu: "Çünki dövlət başçısının Şərq Tərəfdaşlığı Sammitində iştirakı, eyni zamanda Prezidentimizə olan diqqət baxımından əlbəttə, Azərbaycan üçün faydalı görüşlər, söhbətlər və danışıqlar aparıldı". Onun sözlərinə görə, digər tərəfdən də Avropa İttifaqının Şərq Tərəfdaşlığı Sammiti çərçivəsində imzalanan bəyannamə Azərbaycanın böyük uğuru kimi qiymətləndirilə bilər: "Çünki Ermənistanın işirakı etdiyi, razılaşdığı müddəanın orada yer alması artıq bizim diplomatik uğurlarımızın zirvəsindən xəbər verir. Yəni konkret dövlətlərin ərazi bütövlüyü ilə bağlı müddəanın orada əks olunması və təsbit edilməsi təbiidir ki, Ermənistanın narahatlığına səbəb ola biləcək bir addımdır. Amma görünür Ermənistan elə bil gerçəklik qarşısında qalıb ki, o maddəyə qarşı çıxa biləcək gücdə olmayıb. Əlbəttə ki, indiki mərhələdə bu yaxşı addımdır. Ermənistan da yəqin ki, boş oturmayacaq bu və ya digər şəkildə sabotaj etməklə məşğul olacaq. Hər nə etsə də düşünürəm ki, maddənin orada yer alması ümumiyyətlə, dövlətlərin ərazi bütövlüyünün bir daha ayrıca vurğulanması artıq işğalçı ölkənin məğlub durumda olmasının göstəricisidir. Yəni Ermənistanın bundan sonra atacağı bütün addımlar daldan atılan daş sayağı topuğa dəyəcək və heç bir effekt verməyəcək".

Əli