“Ölkəmiz milli maraqlarımıza cavab verən, xoşməramlı istənilən təşəbbüsü dəstəkləməyə hazırdır” Siyasət

“Ölkəmiz milli maraqlarımıza cavab verən, xoşməramlı istənilən təşəbbüsü dəstəkləməyə hazırdır”

"Azərbaycan Respublikası müasir beynəlxalq münasibətlər sisteminin müstəqil və suveren aktoru kimi, regionda və ətraf coğrafiyada baş verən proseslərdə xüsusi çəkiyə və mühüm rola malikdir. Azərbaycanın beynəlxalq aləmdəki nüfuzu və mövqeyi ildən-ilə möhkəmlənir". Bunu millət vəkili Sahibə Qafarova deyib: "Hesab edirəm ki, 2017-ci ildə də xarici siyasətdə Azərbaycanın milli maraqlarının qorunması, beynəlxalq mövqelərimizin möhkəmləndirilməsi və ölkə həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində əsaslı uğurlar qazanılıb. Azərbaycan özünün balanslaşdırılmış xarici siyasət strategiyası ilə həm ikitərəfli, həm də çoxşaxəli əlaqələr fonunda mühüm əməkdaşlıq münasibətləri qura bilib".
Millət vəkili vurğulayıb ki, 2017-ci il də Azərbaycan Prezidentinin uğurlu xarici səfərləri, bir çox dövlət və hökumət başçılarının ölkəmizə səfərləri və aparılan ikitərəfli danışıqlar, dövlət başçıları arasında strateji əməkdaşlığa dair sənədlərin imzalanması ilə xarakterik olub: "Eyni zamanda, Azərbaycanın dövlət başçısı bir çox beynəlxalq tədbirlərdə iştirak edərək Azərbaycanın siyasətini, əldə etdiyimiz uğurları, Dağlıq Qarabağ problemini bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırıb".
S.Qafarovanın sözlərinə görə, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən mütərəqqi xarici siyasət kursunun nəticəsi olaraq bu gün Azərbaycan beynəlxalq aləmdə çox böyük nüfuza malik olan ölkə kimi qəbul olunur: "Azərbaycan işğalçı Ermənistan istisna olmaqla bütün dövlətlərlə bərabərhüquqlu, qaşılıqlı maraqlara söykənən uğurlu əməkdaşlıq əlaqələri qurub".
Sahibə Qafarova deyib ki, Azərbaycanın xarici siyasəti açıqdır, ölkəmiz milli maraqlarımıza cavab verən, xoşməramlı istənilən təşəbbüsü dəstəkləməyə hazırdır. "Azərbaycan dövlətinin qazandığı nailiyyətləri şərtləndirən mühüm amillərdən biri şübhəsiz ki, xarici siyasətlə daxili siyasətinin bir – birini uğurla tamamlamasıdır. Ölkə daxilində iqtisadi, sosial, siyasi, humanitar və digər bütün sektorlar üzrə qazanılan nailiyyətlərin xarici siyasətdə də ardıcıllıqla davam etdirilməsi Prezident İlham Əliyevin rəhbərliyi ilə reallaşdırılan siyasi kursun nə qədər əhəmiyyətli və praqmatik olduğunu göstərir. Azərbaycan bu gün sabit, dinamik inkişaf edən, dünyada sülh və təhlükəsizliyə, mədəniyyətlər, sivilizasiyalar arasında dialoqa mühüm töfhələr verən, müstəqil xarici siyasət həyata keçirən, bir çox mühüm beynəlxalq tədbirlərə uğurlu ev sahibliyi edən dövlət kimi özünü təsdiq edib. Təkcə 2017-ci ildə ölkəmizdə beynəlxalq humanitar forumlar, iqtisadi, siyasi mövzuda konfranslar, idman sahəsində mühüm yarışlar, İslam Həmrəyliyi Oyunları ən yüksək səviyyədə təşkil olunaraq bir daha Azərbaycanın gücünü, qüdrətini nümayiş etdirdi",- deyən millət vəkili Sahibə Qafarova ilin mühüm hadisələri sırasında Cocuq Mərcanlı kəndinin bərpası və böyük qayıdışın başlamasını da xüsusi qeyd edib.