“2017-ci ilin on ayı ərzində Ermənistan ordusunda 60 ölüm halı baş verib” Siyasət

“2017-ci ilin on ayı ərzində Ermənistan ordusunda 60 ölüm halı baş verib”

Mübariz Əhmədoğlu: " Bunlardan 44 nəfər qeyri-döyüş itkisidir"


"Prezident Serj Sərkisyan "Ermənistan" telekanalına müsahibəsində Dağlıq Qarabağ tənzimlənməsində Ermənistanın yeni mövqeyini açıqladı. Yeni mövqeyə görə qoşunların təmas xəttində itkilər istisna edilməlidir və yalnız bu müəyyən etimad mühiti yarada bilər".
Bu fikirləri Siyasi İnnovasiyalar və Texnologiyalar Mərkəzinin (SİTM) sədri, politoloq Mübariz Əhmədoğlu deyib. O qeyd edib ki, Azərbaycan ərazisində Ermənistanın işğalçı ordusunda baş vermiş ölümlərin statistikasının təhlili ortalığa maraqlı nəticələr qoyur: "I. 2017-ci ilin on ayı ərzində Ermənistan ordusunda 56-60 arası ölüm halı baş verib. Bunlardan yalnız 12-si və ya 15-ini Azərbaycan hərbçiləri məhv ediblər. Qalan 41-44 nəfər qeyri-döyüş itkisidir. Ermənistan ordusunda baş verən nizamnamədən kənar hərəkətlər və kriminallıq Azərbaycan ordusunun öldürdüyündən təxminən 4 dəfə çox erməni öldürüb.
II. Həmin ölümlərə görə 10 nəfər erməni hərbçiləri həbsdədirlər. Bu 10 nəfəri də itkilər siyahısına əlavə etsək, statistika daha dəhşətli alınır.
III. İşğalçı Ermənistan ordusunda son ölüm hadisəsi olan N.Adibekyanın xidmət yoldaşı tərəfindən öldürülməsi bütövlükdə erməni cəmiyyətinin daxilində mənəviyyatsızlıq və sivilizasiya uçurumunun olduğunu göstərir. Tərcümeyi-halından N.Adıbekyanın "küçə uşağı" olmadığı bəlli olur; RF vətəndaşıdır, Rusiyada hərbi xidmətini çəkib. Ermənistana isə ali təhsil almağa gəlibmiş. Dərhal orduya aparıblar və öldürülüb.
S.Sərkisyan beynəlxalq ictimaiyyəti inandırmaq istəyir ki, belə orduda itkilər olmayacaq. Nonsensdir. Hər il buna bənzər statistika var. Gələcəkdə statistika daha da pisləşəcək".
Politoloq əlavə edib ki, işğalçı Ermənistan ordusunda baş verənlər fonunda prezident S.Sərkisyanın dediklərindən çıxan nəticələr bunlardır:
I. S.Sərkisyan işğalçı Ermənistan ordusunda ölümlərdə maraqlıdır, ermənilərin ölümü Ermənistan ordusunun Azərbaycan ərazisində qalmasının əsas səbəbidir.
II. S.Sərkisyan yalnız bu qaydada özünün hakimiyyətini uzada bilər. Hər halda on illik prezidentliyi dövründə S.Sərkisyan görünür, daha bir rekord vurmaq istəyir. Onun prezidentliyi dövründə Ermənistanı tərk edənlərin sayı və Ermənistanın xarici borcu tarixi maksimumdadır. Ermənistan ordusu qeyri-döyüş itkilərinə görə də tarixi maksimumu əldə edə bilər.