Kaliforniya-Azərbaycan Dostluq Assosiasiyası təsis edilib Siyasət

Kaliforniya-Azərbaycan Dostluq Assosiasiyası təsis edilib

ABŞ-da Kaliforniya-Azərbaycan Dostluq Assosiasiyası (CAFA) təsis edilib.
Assosiasiyadan verilən məlumata görə, qurum dekabrın 20-də Los Anceles şəhərində təsis olunub. Tədbirdə Azərbaycan icmasının üzvləri ilə yanaşı, Kaliforniya ştat senatorları, şəhər merləri, şəhər şuralarının üzvləri, diplomatlar, tanınmış elm xadimləri (o cümlədən Nobel mükafatçısı Arieh Uorşel), həmçinin yəhudi, türk, Pakistan, İran, Koreya, Vyetnam və latino icmalarının rəhbərləri iştirak ediblər.
Hər iki ölkənin himnləri səsləndirildikdən sonra çıxış edən CAFA-nın icraçı direktoru Kimiya Məmmədova assosiasiyanın yaradılmasında əsas məqsədin Kaliforniyada yaşayan şimallı-cənublu bütün azərbaycanlıları birləşdirmək və Azərbaycanla Kaliforniya arasında ən müxtəlif sahələrdə əlaqələri daha da gücləndirmək olduğunu bildirib.
Sonra çıxış edən Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev müxtəlifliyi və multikulturalizmi, eləcə də iqtisadi göstəricilərinə görə ABŞ-ın ən qabaqcıl ştatlarından olan Kaliforniya ştatında belə bir təşkilatın yaradılmasını tarixi və əlamətdar hadisə adlandırıb. O, Kaliforniyada yaşayan Azərbaycan icması tərəfindən atılan bu addımı yüksək qiymətləndirdiyini, yeni təşkilatın soydaşlarımız arasındakı həmrəyliyin gücləndirilməsində önəmli rol oynayacağına ümid etdiyini bildirib.
Daha sonra Kaliforniya senatorları Ben Allen və Coş Nyuman, Kaliforniyanın Volnat (Walnut) şəhərinin meri Meri Su, Torrens Şəhər Şurasının üzvü Haydi Eşkraft və Los Anceles Dinlərarası Şurasının sədri Yepiskop Xuan Karlos Mendez çıxış ediblər.