“Ermənistanla danışıq metodları dəyişməlidir” Siyasət

“Ermənistanla danışıq metodları dəyişməlidir”

Zaur Məmmədov: "Çox güman ki, biz 2019-cu ildə hansısa təzyiq gedişlərinin şahidi ola bilərik"

"Bütün görüşlərin əsas xətlərindən birini münaqişənin müzakirəsi tutur". Bunu politoloq Zaur Məmmədov bildirib. Onun fikrincə, lakin dövlət başçılarının Moskva səfərinin əsas məqsədi MDB-də Rusiyanın sədrlik etdiyi ilə yekun vurmaqdır: "Həmçinin növbəti il üçün qurulacaq planlar da müzakirə mövzusu olacaq. Hesab edirəm ki, ikitərəfli görüşlərin keçirilməsi istisna deyil".
Politoloq vurğulayıb ki, Sarkisyanı aprel ayında baş tutacaq prezident seçkiləri maraqlandırır. Z. Məmmədovun fikrincə, Sarkisyan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında əsl simasını dəfələrlə göstərib:"Rusiya yaxşı başa düşür ki, münaqişənin həll olunması üçün Ermənistanla danışıq metodlarını dəyişməlidir. Çox güman ki, biz 2019-cu ildə hansısa təzyiq gedişlərinin şahidi ola bilərik".
Millət vəkili Aydın Mirzəzadə isə deyib ki, MDB-yə daxil olan üzvlərin bir sıra məsələlər üzrə vahid mövqeyinin müəyyənləşməsinə çalışılacaq: "Ümumən götürdükdə dövlət rəhbərlərinin vaxtaşırı görüşməsi və dünyanı narahat edən problemlər üzrə fikir mübadiləsi aparması müsbət bir haldır...Təşkilatın üzvü olan Ermənistanın Azərbaycan torpaqlarının bir hissəsini indiyədək işğalda saxlaması bütün beynəlxalq hüquq normalarının kobud surətdə pozulmasıdır. Bu artıq tək Azərbaycanın deyil, elə Ermənistanın da özünün inkişafına çox ciddi təsir edir. Həmçinin birlik ona daxil olan ölkələrin beynəlxalq hüquq normalarına riayət etməsini daima diqqətdə saxlamalıdır və buna məsuliyyət daşımalıdır. Nəzərə alaq ki, Azərbaycan artıq regionun və dünyanın ən nüfuzlu dövlətlərindən biridir və onun bir sıra məsələlər üzrə mövqeyi həmişə gözlənilir, böyük hörmət bəslənilir. Azərbaycanın dövlətçilikdə qarşıya çıxan məsələlərin həllinə dair praktikası MDB üzvləri üçün də istifadə oluna bilən bir siyasi texnologiya hesab edilə bilər".