“ Ermənistan cinayətkar rejiminə qarşı hansısa tədbirlər görülmür və cəzalar tətbiq edilmir” Siyasət

“ Ermənistan cinayətkar rejiminə qarşı hansısa tədbirlər görülmür və cəzalar tətbiq edilmir”

"Ermənistan tərəfi bütün hallarda danışıqları pozmaqda maraqlıdır. Çünki rəsmi İrəvan istəyir ki, status-kvo qorunub saxlanılsın. İşğalçı dövlət hər dəfə məğlub olduqda isə bunun əvəzini yenidən çıxmaq istəyir". Bunu Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin (TOHGMİB) sədri, hərbi ekspert Emin Həsənli deyib. Onun sözlərinə görə, Ermənistan cinayətkar rejiminə qarşı hansısa tədbirlər görülmür və cəzalar tətbiq edilmir: "Belə olan halda bütün beynəlxalq hüququn normaları pozulur. 2016-cı ilin aprel döyüşləri işğalçı ölkəyə ağır zərbə vurdu. Amma Azərbaycan tərəfi istəyir ki, bu məsələ sülh yolu ilə həll olunsun". E.Həsənli əlavə edib ki, Azərbaycan ordusu həqiqətən də günün tələblərinə cavab verir: "Cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin birbaşa diqqəti ilə ordumuz ən müasir texnika ilə təchiz olunub. Ordumuz müasir silahlarla təmin edilib. Bu işlər peşəkar mütəxəssislər tərəfindən aparılır. Yəni ən qabaqcıl ölkələrin istehsalı olan və Azərbaycan ərazisinə, döyüş mövqelərinə uyğun müasir hava hücumundan müdafiə sistemi, artilleriya qurğuları üçün və s. silahlarımız var. Bu gün çox sevindirici haldır ki, hər il keçirilən Müdafiə Nazirliyinin, daxili qoşunların, sərhəd qoşunlarının birgə əməliyyat təlimləri çox yüksək səviyyədə keçirilir.Ölkədə yeni yaradılan Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidməti öz işini müasir tələblərə uyğun qurub. Beləcə koordinasiya olunmuş şəkildə bir neçə saatın içində on minlərlə gənc səfərbər olunur. Bu Azərbaycan gəncliyinin nə qədər vətənpərvər olmasının göstəricisidir. Biz mütləq yaxın zamanda Azərbaycanın ərazi bütövlüyün bərpa edəcəyik".