Tiflis Sərkisyanın ümidini öldürdü Siyasət

Tiflis Sərkisyanın ümidini öldürdü

Gürcüstanın Rusiya tərəfindən işğal olunmuş əraziləri üzərindən Ermənistan və Rusiyanı birləşdirən dəmir yolu xəttinin açılması, əslində, Tiflisin özünə qarşı bir təhqir olardı.
Bu sözləri açıqlamasında millət vəkili Asim Mollazadə deyib.
"Ermənistan Prezidenti Serj Sərkisyanın Gürcüstana səfəri çərçivəsində Abxaziya dəmir yolu məsələsinin müzakirə olunmaması Tiflisin mövqeyindən qaynaqlanırdı. Gürcüstan sözügedən yolun açılışına qatılmır. Rəsmi Tiflis beynəlxalq hüquq normalarının bərpasını və işğala son qoyulmasını istəyir. Düzdür, Sərkisyan Tiflisdə istəyinə nail olmasa da, özlüyündə bu məsələnin gündəmə gətirilməsi bir növ Rusiyanın Gürcüstan üzərində təzyiqinin güclənməsi və hədə-qorxu siyasətinin davamı kimi qəbul olunmalıdır", - deputat bildirib.
Qeyd edək ki, işğal altında olan Abxaziya üzərindən Ermənistan və Rusiyanı birləşdirən dəmir yolu xəttinin açılmasının mümkünlüyü barədə məlumatlar mütəmadi olaraq yayılır. Bu dərmiyol xətti ilə Ermənistana silah daşınacağı isə narahatlıq yaradır. Lakin Gürcüstan tərəfi Bakının da narahatlığına səbəb olan bu məsələ ilə bağlı iki gün öncə bir daha rəsmi açıqlama verdi və bu məsələnin müzakirə mövzusu olmadığını bildirdi.