“Rusiya enerji məsələsindən siyasi məqsədər üçün istifadə edirdi” Siyasət

“Rusiya enerji məsələsindən siyasi məqsədər üçün istifadə edirdi”

İlham Şaban: "Avropa ilk növbədə bu baryeri aradan qaldırmalı idi"

"Əslində, ABŞ və Avropanın qitənin enerji təhlükəsizliyi ilə bağlı atdıqları addımlar bir-biri ilə ziddiyyət təşkil etmir". Bunu Almaniyanın öz ərazisində "Şimal axını-2" layihəsinin inşasına icazə verməsini şərh edən "Neft" Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban bildirib.
Qeyd edək ki, "Nord Stream" kompaniyası Almaniyanın dəniz sularında və Lyubmin rayonunda yerüstü qaz kəmərinin çəkilişinə razılıq alıb. "Şimal axını-2" magistral qaz kəməri Rusiya ərazisindən start götürəcək. Layihə Finlandiya, İsveç və Danimarkanın ərazi sularından keçməklə Rusiya mavi yanacağını Almaniyaya, ordan da Avropanın digər ölkələrinə çatdıracaq. ABŞ, Polşa və Ukrayna ciddi-cəhdlə bu layihənin əleyhinə çıxış edirlər. Almaniya, Fransa və Avstriya isə layihənin aktiv dəstəkçisidir.
İ.Şaban qeyd edib ki, Avropa İttifaqının 2005-ci ildə qitənin enerji bazarının şaxələndirilməsi ilə bağlı qəbul etdiyi qərar və onun icrasını Avropa Komissiyasına həvalə etməsindən ötən 13 il ərzində çoxlarında Avropanın məqsədinin Rusiya qazından xilas olması illüziyasını yaratmışdı: "Əslində, dünyanın ən böyük enerji istehlak edən bazarı Avropadır. Dünyanın ən böyük enerji ehtiyatlarına malik ölkəsi də Rusiyadır. Keçmiş sovet respublikalarını nəzərə almasaq, Rusiya və Avropa həmsərhəddir. Birinin enerjiyə tələbatı, digərinin isə enerjini satmağa meyli var. Hansı məntiqlə bunlar qarşılıqlı sövdələşmədən imtina etməli və dünyanın başqa regionlarında enerji axtarışına çıxmalı, yaxud alternativ energetika axtarışına çıxmalıdırlar?
İqtisadiyyatın inkişafı üçün enerji lazımdır. Demək, Avropanın enerji siyasəti qarşısında iki fundamental məsələ dayanırdı. Hamıya bəllidir ki, "soyuq müharibə" illərində olduğu kimi Rusiya enerji məsələsindən siyasi məqsədər üçün istifadə edirdi. Yəni, keflərinə düşəndə ondan kimlərsə qarşı təzyiq vasitəsi, kimlərəsə qarşı bazarda qiymətlərin aşağı salınması kimi istifadə edirdilər. Beləcə, təlatümlər yarada bilirdilər. Avropa ilk növbədə bu baryeri aradan qaldırmalı idi. Aparılan son danışıqlarla Rusiyanın qaz satışı üzərində qiymət yaratma siyasəti, obrazlı desək bu "silahı" əlindən alındı. Spot bazarı, yəni birjalarda qazın qiymətinin müəyyən edilməsi daha çox gündəmə gətirildi".
Avropanın Rusiya qazı ilə bağlı qarşısında dayanan ikinci məsələnin nədən ibarət olduğuna aydınlıq gətirən İ.Şaban qeyd edib ki, Brüssel bir sıra alternativ layihələr ortaya qoymaqla Moskvanı enerji siyasətini yumuşaltmağa sövq etdi: "Ona görə də hələ 2005-ci ildə "Nabukko" kimi mifik, ancaq çox böyük miqyaslı layihə ortaya atıldı. Bundan başqa, alternativ enerji həddən artıq reklam edildi. Halbuki reallıq bir başqadır. Qısa müddətdə Avropada alternativ energetika, onun perspektivləri ilə bağlı 2020-ci il strategiyası yürüdülməyə başladı. Həmin strategiyaya görə Avropanın əksər ölkələrində alternativ enerjinin payı 20 faizə çatdırılmalı idi. Bu da Rusiyanı qorxutdu və bir vaxtlar qazın min kubmetrini Avropanın sərhədində 500 dollara satdığı halda 2016-cı ildə 179 dollara salmalı oldu. İndi də 200 dollar ətrafındadır". İ.Şaban illik ötürmə gücü 55 milyard kubmetr olan "Şimal axını-2" layihəsinin həyata keçiriləcəyinə ümidvar olduğunu vurğulayıb: "Beləliklə, Rusiya Avropaya illik ötürmə gücü 55 milyard kubmetr olan "Şimal axını-1" layihəsi ilə birgə ildə 110 milyard kubmetr qaz çatdıra biləcək. Prosesdən daha çox qazanclı çıxan tərəf Avropadır. Avropa bir tərəfdən Rusiyaya sanksiya tətbiq edir, bir tərəfdən Rusiya mavi yanacağının qiyməti aşağı salıb onu alır. Bu, adi bazarlarda klassik qiymətöldürmə siyasətinə bənzəyir. Rusiya az qala deyir ki, təki qazımı sata bilim".