“Kəşmir bizim üçün Dağlıq Qarabağdır” Siyasət

“Kəşmir bizim üçün Dağlıq Qarabağdır”

Said Xan Mohmand: "Biz Hindistanı BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirməyə çağırırıq"

Hər il olduğu kimi bu il fevralın 5-də də Pakistanda Kəşmirlə həmrəylik günü kimi qeyd edilib. Bununla bağlı Pakistanın Azərbaycandakı səfirliyində tədbir keçirildi. Əvvəlcə Qurani Kərimdən surə oxundu və Kəşmir faciəsini əks etdirən videoçarx nümayiş etdirildi. Daha sonra səfir Said Xan Mohmand çıxış etdi. O, Hindistan ordusunun uzun illər ərzində Kəşmirdə törətdiyi qətliam barədə məlumat verdi: "Kəşmir bizim üçün Dağlıq Qarabağdır. İki münaqişə arasında bir fərq görmürəm. Hindistan bütün beynəlxalq qaydaları pozaraq Kəşmirdə xalqın öz seçimini etməsinə imkan vermir".
Səfir həmçinin Pakistan prezidenti Məmnun Hüseynin və baş nazir Şahid Abbasın bu günlə bağlı mesajlarını səsləndirdi.
Qeyd etdi ki, bu münaqişə həll edilməsə regionda sülh və sabitlik olmayacaq. Pakistan münaqişənin beynəlxalq normalar çərçivəsində həlli ilə bağlı verdiyi sözə əməl etməlidir. 1989-cu ildən üzübəri Hinistar ordusu Kəşmirdə yüzlərlə insanı qətl edib, kəşmirlini şikəst dib. Odur ki, Pakistan Hindistanın Cammu-Kəşmirdə yürütdüyü işğalçılıq siyasətinə qarşı çıxır, Dehlini Kəşmir xalqının hüquqlarına sayğı göstərməyə çağırır. Səfirin sözlərinə görə, hind ordusu Kəşmirdə qadağan olunmyuş silahlardan istifadə edir ki, bunun da nəticəsində yüzlərlə insan öldürülüb və şikəst edilib. Eləcə də ötən ilin sentyabr ayından bəri hind əsgərlər evlərə soxularaq qadınların baş örtüyünü zorla açıb, cırırlar. Bu da müsəlman kəşmirli qadınların şərəf və ləyaqətini alçaldılması deməkdir.
Həmçinin vurğulandı ki, Hindistan tərəfinin 2016-cı ildən bu yana nümayişlərdə diyircəkli və gözyaşardıcı güllələrdən istifadə etməsi səbəbindən 200-dən çox insan kor edilib, hadisələr zamanı 20 min nəfərdən çox insan yaralanıb: "Biz Hindistanı BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirməyə çağırırıq".
Səfir dedi ki, son iki ildə Hindistan ərazini terror yuvasına çevirib, ərazidə 2016-cı ildən bu yana 200-dən çox dinc kəşmirli öldürülüb, qadınlara qarşı zorakılıq tətbiq edilir: "Bu hadisələri qınayırıq. Pakistan Kəşmir xalqına öz dəstəyini göstərməkdə davam edəcək".
Diplomat bu məsələdə Pakistana verdiyi dəstəyə görə Azərbaycana təşəkkürünü bildirdi.
Xatırladaq ki, ötən əsrin ortalarından başlayaraq Kəşmir xalqı öz milli azadlığı uğrunda mübarizə aparır. Azadlıq mübarizəsi yolunda minlərlə şəhid verib. 1991-ci ildən başlayaraq, hər il fevralın 5-də Kəşmir xalqı ilə həmrəylik nümayiş etdirmək üçün Pakistan xalqı işğal altında olan kəşmirlilərə öz siyasi, mənəvi və diplomatik dəstəyini nümayiş etdirir. Bununla bağlı seminarlar, konfranslar və nümayişlər keçirir, hind ordusunun Kəşmir xalqına tutduğu divandan söz açılır və digər addımlar atılır.
Tədbirdən sonra səfir həmçinin jurnalistlərin suallarını cavablandırdı. O bildirdi ki, Pakistanla Azərbaycan əməkdaşlığında hərbi sahə prioritet təşkil edir. Ötən il 10 təlim təyyarəsinin satışı ilə bağlı razılaşma əldə olunub. Səfirin sözlərinə görə, ötən il Pakistanın yüksək səviyyəli hərbçiləri Azərbaycana səfər ediblər: "Pakistanın hər zaman Azərbaycana dəstək verib və verməkdə davam edəcək".
Səid Xan Mohmand Pakistanla Azərbaycan XİN-ləri arasında siyasi məsləhətləşmələrin keçiriləcəyini də diqqətə çatdırdı. Bildirdi ki, məsləhətləşmələr 27-28 fevralda Bakıda keçiriləcək. Pakistanı görüşdə XİN rəhbərinin müavini Ehtizaz Əhmədin rəhbərlik edəcəyi nümayəndə heyəti təmsil edəcək.
Səfir həmçinin bildirdi ki, Pakistanla Azərbaycan arasında birbaşa reys açılacaq. O diqqətə çatdırdı ki, reysin iyun-iyul aylarında açılması nəzərdə tutulub. Turizmlə bağlı da danışan diplomat Pakistandan Azərbaycana gələn turistlərin sayının artmaqda davam etdiyini də vurğuladı: "Belə ki, 2 il əvvəl Pakistandan Azərbaycana 3 min, ötən il 17 min turist gəib. Bu il rəqəmin 25-30 minə yüksələcəyi gözlənilir. Bundan başqa Bakıda Pakistanın Ticarət Palatası sərgi keçirəcək".

Əli