“Gürcüstan Azərbaycanın ərazi bütövlüyünə qarşı diqqətsizlik nümayiş etdirir” Siyasət

“Gürcüstan Azərbaycanın ərazi bütövlüyünə qarşı diqqətsizlik nümayiş etdirir”

Mübariz Əhmədoğlu: "Vətəndaşlarının Dağlıq Qarabağla bağlı fəaliyyətlərinə dözümlülük göstərir"

"Gürcüstan ərazi bütövlüyü prinsipinə tam sadiqlik və dəstək nümayiş etdirmir. Gürcüstan üçün ərazi bütövlüyü prinsipi və onun tətbiq olunduğu dövlətlər siyahısı mövcuddur. Misal üçün baş nazir Q.Kvirikaşvili Davos forumunda Ukrayna və Gürcüstanın ərazi bütövlüyü məsələsini qabartdı. Amma birbaşa qonşusu, eləcə də ən böyük ticarət, investisiya və təhlükəsizlik ortağı olan Azərbaycanın ərazi bütövlüyü prinsipinin adını çəkmədi".
Bu fikirləri politoloq Mübariz Əhmədoğlu səsləndirib. O qeyd edib ki, Gürcüstan Azərbaycanın ərazi bütövlüyünə qarşı diqqətsizlik nümayiş etdirir və ya vətəndaşlarının Dağlıq Qarabağa səfərlərinə, Dağlıq Qarabağla bağlı fəaliyyətlərinə dözümlülük göstərir.
Politoloq vurğulayıb ki, gürcü rejissoru Aki Morçiladzenin (Gerorgi Axvledianin) "Qarabağda gəzinti" romanı əsasında Tbilisidə film çəkilib: "Roman və film gürcülər tərəfindən populyarlaşdırılır. Abxaziyada heç bir azərbaycanlı biznesə malik deyil. Amma gürcü mətbuatının yazdığına görə Pitsunda və Qaqra şəhərlərinin kurort zonası erməni biznesinin maraq dairəsindədir. Ermənistan və Rusiya biznesmenləri bu şəhərlərdəki mülkləri alıb, ev mehmanxanaları kimi istifadə edirlər".
M. Əhmədoğlu əlavə edib ki, Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyəndə Gürcüstan həmişə Ermənistan tərəfdən təzyiqə məruz qalıb. Amma Ermənistan özü isə heç vaxt Gürcüstanın ərazi bütövlüyünü dəstəkləməyib: " BMT-dəki çoxsaylı səsvermələr bunun sübutudur. İş də burasındadır ki, Gürcüstan onun ərazi bütövlüyünü tanımaqdan rəsmən imtina edən Ermənistana heç bir irad bildirməyib. Əgər Gürcüstan ərazi bütövlüyü prinsipinə görə Azərbaycan və Ermənistan arasında vahid siyasi həll tapmaq marağında deyilsə, iki qonşusu arasında marağını başqa variantda realizə edə bilər".
O vurğulayıb ki, Gürcüstan Ermənistanla Azərbaycan arasında dialoq yaratmaq potensialı olan qonşudur. Bu potensialından da istifadə etmir: "Ehtimal ki, bu təsadüfi deyil. Yaxınlarda erməni mətbuatı Gürcüstan ərazisində Çanaxçı adlı erməni kəndi barədə material dərc etdi. Çanaxçı kəndi Azərbaycan kəndlərinin əhatəsindədir. Bu kəndin erməni əhalisinin fikrincə, onlar gürcülərə nisbətən daha çox azərbaycanlılarla dostluq edirlər".
Politoloqun fikrincə, Gürcüstan ərazi bütövlüyü prinsipini bu qaydada alver predmetinə çevirməklə nəsə divident əldə etmək istəyir: "Gürcüstanın ərazi bütövlüyü prinsipinə mütləq sadiqliyinin olmaması onun Qərbdəki tərəfdaşları tərəfindən də sui-istifadə olunur. Heritage Foundation (ABŞ) xarici siyasət tədqiqat mərkəzinin yaydığı icmalda Gürcüstan rəsmilərinin Abxaziya və Cənubi Osetiyadan imtina etməklə NATO üzvlüyünə hazır olduğuna işarə vurdu. Gürcüstan XİN bunu təkzib etdi". O sonda bildirib ki, əslində Heritage Foundation Gürcüstanın ərazi bütövlüyü məsələsində kompromisi ağlına belə gətirməməli idi: "Rəsmi Tbilisinin ərazi bütövlüyü prinsipinə ikili standart tətbiq etməsi Qərb dünyasında da buna bənzər fikirlər yaradıb. Belə fikirlərin inkişaf edəcəyi istisna deyil. İlk növbədə Gürcüstan ərazi bütövlüyü prinsipinə qarşı ikili standartı aradan qaldırmalıdır".