Milli Məclisinin plenar iclası keçirilib Siyasət

Milli Məclisinin plenar iclası keçirilib

Milli Məclisinin növbəti plenar iclası keçirilib. İclasın gündəliyinə 19 məsələ daxil edilib. Millət vəkilləri əsasən Bələdiyyələrin fəaliyyətinə nəzarəti həyata keçirən olrqanın illik məruzəsi və "Ələt azad iqtisadi zonası haqqında" qanun layihəsinin müzakirəsinə diqqət ayırıblar.
Ədliyyə nazirinin müavini Vilayət Zahirov nazirlik yanında Bələdiyyələrlə iş mərkəzinin-bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsini açıqlayıb. O bildirib ki, ötən il Ədliyyə Nazirliyinin yanında Bələdiyyələrlə iş mərkəzinə 65 minə yaxın bələdiyyə aktı daxil olub: "Hər bir bələdiyyə aktı hüquqi ekspertizadan keçirilib, 1 978 aktın dəyişidirilməsi və ləğv edilməsi üçün bələdiyyələrə təkliflər verilib. Qanunvericiliyə uyğun olmadığı üçün 740 akt ləğv edilib, 714-ü isə dəyişdirilib". Nazir müavini bildirib ki, 2017-ci ildə 2 636 hektar torpaq sahəsinin qanunsuz istifadəyə verilməsi faktları aşkar olunub: "Həmin torpaq sahələrinin bələdiyyələrə qaytarılması istiqamətində iş aparılıb. Ötən il torpaq qanunvericiliyinin pozulması halları əvvəlki ilə nisbətən 3 dəfədən artıq azalıb".
Vilayət Zahirovun sözlərinə görə, ötən il bələdiyyə aktları vaxtında təqdim edilmədiyi üçün 98 inzibati xəta haqqında protokol tərtib edilərək müvafiq məhkəmələrə göndərilib. Həmin protokollar əsasında 78 bələdiyyə sədri məhkəmələr tərəfindən inzibati məsuliyyətə cəlb edilib, 20 işə isə hazırda baxılır.
O həmçinin əlavə edib ki, ötən il bələdiyyələrin fəaliyyəti ilə bağlı 2252 müraciət daxil olub ki, onlardan 1888-nə baxılaraq əsaslandırılmış cavab verilib: "41 müraciət üzrə inzibati nəzarət icraatı qaydasında araşdırma aparılıb. Daxil olmuş 51 müraciətdə qaldırılan məsələ öz müsbət həllini tapıb".
Nazir müavini qeyd edib ki, bəzi bələdiyyələrin fəaliyyətində çox ciddi qanun pozuntuları da müəyyən olunub: "24 belə fakt olub, həmin faktlara hüquqi qiymət verilməsi üçün prokurorluğa və müvafiq hüquq mühafizə orqanlarına göndərilib. Belə ciddi faktlar Tərtər rayonunun Ərkipara, Şəmkir rayonunun Yeni Həyat bələdiyyəsində, Ağstafa rayonunun Köçəsəsgər, Masallı rayonunun Qarğalıq, Bərdə rayonunun Qaradağlı, Zərdab rayonunda və başqa bələdiyyələrdə aşkar edilib. Bu faktlarla bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırmalar aparılıb və 15 fakt üzrə cinayət işi başlanılıb".
Vilayət Zahirov deyib ki, ötən il bələdiyyələrlə bağlı 3 halda məhkəmələrə müraciət olunub: "Bu da 2016-cı illə müqayisədə 7 dəfə azdır".
Daha sonra hesabatla bağlı müzakirələr aparılıb.
Deputat Qənirə Paşayeva deyib ki, bələdiyyələrin fəaliyyəti ilə bağlı şikayətlərin sayının azalmaması təəssüf doğurur. O qeyd edib ki, bələdiyyələrin fəaliyyəti ilə bağlı eyni məzmunlu şikayətlərin sayı azalmır. Deputat vurğulayıb ki, vətəndaşların müraciətlərinə daha çevik baxılması mexanizmlərini müəyyən etmək olar. O həmçinin bələdiyyə torpaqlarının əhəmiyyətindən danışıb və bildirib ki, həmin torpaqların səmərəli istifadə edilməsi ilə bağlı görülə biləcək işlərə baxmaq lazımdır. Deputat sonda qeyd edib ki, vətəndaşların bələdiyyələrdən gözləntiləri çoxdur, ona görə də bu qurumlara müraciətlər çox edilir.
Deputat Çingiz Qənizadə Milli Məclisdə"Bələdiyyələrin statusu haqqında" qanuna dəyişikliklərin müzakirəsi zamanı deyib ki, "İctimai iştirakçılıq haqqında" qanun qəbul edilməzdən 7-8 il öncə Ədliyyə Nazirliyində ictimai komitə yaranmışdı: "Burada aparılan islahatlar şəffaflıq, ictimai komitənin üzvlərinin iştirakı ilə həyata keçirilir. Ona görə də Ədliyyə Nazirliyinin digər orqanlarında müəyyən ictimai bnəzarəti həyata keçirməklə bağlı həm də bələdiyyələrin fəaliyyətinə ictimai nəzarəti həyata keçirən orqanın fəaliyyəti ilə də yaxından tanışam. Mən bugünkü hesabata qədər də müəyyən faktlara malik idim".
Deputat qeyd edib ki, bu qurumda son illərdə aparılan işlər birdən-birə sıçrayışla özünü göstərməyə başladı: "Biz bir fakta nəzər salsaq görərik ki, 2017-ci ildə inzibati nəzarət qaydasında Ədliyyə Nazirliyinə daxil olmuş 62618 bələdiyyə aktının baxılması, buna qiymət verilməsi bu orqanda nə qədər ağır iş yükünün olması deməkdir. Yəni, bunlardan təxminən 60 mininə baxılıb və müsbət dəyərləndirilib. Amma yerdə qalan 740-ı ləğv edilib, 714-ü dəyişdirilib və bir neçəsi isə məhkəməyə göndərilib. 60 min ərizəyə bir orqan tərəfindən yoxlanılması ciddi faktdır".
Deputat Elmira Axundova bildirib ki, Azərbaycanın bölgələrində bələdiyyə sədri təyin olunan şəxslər əksər vaxtlarda bu vəzifələri icra etməyə hazır olmurlar. E.Axundova deyib ki, buna görə də bələdiyyə sədrləri təlimlərə cəlb edilməlidir: "Düzdür, ötən il təlimlərin sayı artsa da, tədris kursları da artırılmalıdır.Ötən ilki hesabatdan məlum olur ki, bələdiyyələrdən şikayətlər artsa da, əsaslandırılmış şikayətlərin təmin edilməsi halları azalıb. Vətəndaşların əsaslandırılmış müraciətlərinin nə üçün həllini tapmamasına cavab verilməlidir".
Millət vəkili onu da əlavə edib ki, bələdiyyələrin problemlərinin başlıca səbəbi onların icra hakimiyyətlərindən asılı olmalarıdır.
Daha sonra "Ələt azad iqtisadi zonası haqqında" qanun layihəsi müzakirəyə çıxarılıb. Qanun layihəsində Ələt iqtisadi zonasının səlahiyyətli qurumunun səlahiyyətləri, bu qurumun maliyyə mənbələri, developerin (Azad Zona səlahiyyətli qurumu tərəfindən Azad Zonanın fəaliyyət və inkişaf məqsədləri üçün təsis olunan Azad Zona inzibati müəssisəsi) hüquq və vəzifələri, developerin maliyyələşdirilməsi yolları, Azad Zona hüquqi şəxslərinin fəaliyyəti, lisenziyalaşdırma və icazə qaydaları, Azad Zonada vergi tənzimlənməsi, gömrük işinin təşkili, sərhəd rejimi və sair məsələlərlə bağlı hüquq və vəzifələr öz əksini tapıb.
Qanun layihəsində müvafiq icra hakimiyyəti orqanı tərəfindən Azad Zona səlahiyyətli qurumunun yaradılması təklif olunur. Səlahiyyətli qurum Azad Zona rezidentlərinin, hüquqi şəxslərinin və inzibati müəssisələrinin fəaliyyətini tənzimləyəcək və nəzarəti həyata keçirəcək. Bundan başqa, səlahiyyətli qurum Azad Zona ərazisi, burada yerləşən əmlak və aktivlər, eləcə də strateji məqsədlər ilə bağlı hər hansı digər məsələləri tənzimləyəcək və bu işlərə nəzarət edəcək.
Səlahiyyətli qurum Azad Zona üçün qabaqcıl beynəlxalq təcrübəyə və standartlara əsasən daxili qaydalar hazırlayacaq. Həmçinin, səlahiyyətli qurum beynəlxalq standartlara uyğun idarəetmə sistemini formalaşdırmaq məqsədi ilə Azad Zona inzibati müəssisələrini yaratmaq, maliyyələşdirmək, səlahiyyətləndirmək və yoxlamaq hüququna malik olacaq.
Azad Zona səlahiyyətli qurumu sahib olduğu səhmləri sata və ya onlar barəsində hər hansı digər şəkildə sərəncam verə bilər. Səlahiyyətli qurum dövlət maliyyələşməsi üçün müraciət edə və ya banklarda, maliyyə institutları və digər qurumlardan maliyyə vəsaiti almaq hüququna malikdir.
Layihəyə görə, Azad Zona səlahiyyətli qurumunun idarə olunması üçün İdarə heyəti formalaşdırılacaq.
Səlahiyyətli qurum tətbiq olunan rüsumlar və digər ödənişlərdən, developerlərdən və Azad Zona səlahiyyətli qurumuna məxsus digər hüquqi şəxslərdən alınan dividendlərdən, dövlət tərəfindən təmin olunan hər hansı digər mənbələrdən gəlir əldə edəcək.
Bundan başqa, qanun layihəsinə görə, Ələt azad iqtisadi zonasının səlahiyyətli qurumu, burada fəaliyyət göstərən inzibati müəssisələr, hüquqi şəxslər və onların işçiləri, rezidentləri Azad Zonada fəaliyyətlərinə aid olan bütün vergilərdən azad olunacaq.
Azad Zona hüquqi şəxsləri və ya Azad Zona rezidentləri əsas iqtisadiyyatdakı hər hansı vergi ödəyicisinə malları, işləri, xidmətləri təqdim edərsə, belə mallar, işlər, xidmətlər üzrə əsas iqtisadiyyatın vergi ödəyicisinə əsas iqtisadiyyat qanunvericiliyinin müddəaları tətbiq edilir.
"Əsas iqtisadiyyatda aid olan şəxslər Azad Zona hüquqi şəxslərinə və ya Azad Zona rezidentlərinə mallar, işlər, xidmətlər təqdim edərsə, əsas iqtisadiyyata aid olan şəxslərə belə mallar, işlər, xidmətlər üzrə əsas iqtisadiyyat qanunvericiliyinin müddəaları tətbiq edilir", - deyə layihədə qeyd olunub.
Bundan başqa, Azad Zonaya idxal edilən mallara, işlərə, xidmətlərə görə gömrük rüsumları və vergilər ödənilməyəcək. Layihəyə əsasən əsas iqtisadiyyat gömrük idarəsi Azad Zonada gömrük qaydalarının tətbiq edilməsi üçün gömrük idarəsi, əsas iqtisadiyyat sərhəd xidməti isə sərhəd idarəsi yaradacaq.
Eyni zamanda, layihəyə əsasən Ələt azad iqtisadi zonasında Biznes Xidmətləri Mərkəzi yaradılacaq. Mərkəz Azad zonada bütün lisenziyaların, icazələrin, vizaların, təsdiqlərin və digər rəsmi sənədlərin verilməsinə məsul olacaq və "bir pəncərə" qaydasında işləyəcək.
Bundan başqa, layihədə qeyd olunub ki, Azad Zona səlahiyyətli qurumu Azad Zona daxilində sahibkarlıq və investisiya fəaliyyətinin həyata keçirilməsi üçün lisenziyaları və icazələri müəyyən etmək, onlara dair tələbləri və onların verilməsi qaydalarını tənzimləmək məqsədilə daxili qaydalar formasında lisenziyalaşdırma və icazə qayaları qəbul edəcək. Lisenziyalaşdırma və icazə qaydalarında Azad Zonada lisenziyalaşdırma, icazə, viza və təsdiq tələblərinin, o cümlədən müvafiq lisenziyaların, icazələrin, vizaların və təsdiqlərin sayının, onların alınması xərclərinin və müddətinin, habelə hər bir müraciət üçün lazım olan sənədlərin sayının müəyyən edilməsi və Azad Zonanın strateji məqsədlərinə nail olmaq üçün digər məsələlər nəzərdə tutulub.
"Ələt azad iqtisadi zonası" haqqında qanunun birinci oxunuşda müzakirəsi zamanı deputat Aydın Hüseynov "təklif edirəm ki, Bakının Qaradağ rayonun adı dəyişdirilərək, ulu öndər Heydər Əliyevin adı verilsin", - deyə vurğulayıb. Deputat bildirib ki, həm eks-prezident Heydər Əliyevin, həm də prezident İlham Əliyevin Qaradağ rayonunun sosial-iqtisadi inkişafında önəmli rolu olub: "Ona görə də təklif edirəm ki, Heydər Əliyevin anadan olmasının 95 illiyi illiyi ələqdar Qaradağ rayonu Heydər Əliyev rayonu adlandırılsın".
Qeyd edək ki, millət vəkilləri qanun layihəsinin müzakirəsi zamanı öz iradlarını səsləndiriblər.
Millət vəkili Aqil Abbas isə "Qaz təchizatı haqqında" Qanuna dəyişikliklərin müzakirəsi zamanı deyib ki, Ağcəbədidə 10 min nəfərin təbii qazla bağlı şikayəti var. Onlar bu şikayəti sizə çatdırmağımı istədilər. Millət vəkili bildirib ki, hazırda Ağcəbədi rayonunda 135 min əhali yaşayır, onun 125 mini təbii qazla təmin edilib: "Ağcəbədi rayonunun Bayat kəndində illərdir təbii qaz yoxdur. Baxmayaraq ki, yaxınlıqda Ağdam və Ağcəbədinin digər kəndləri qazla tam təmin edilib. Təəssüf ki, Rövnəq müəllim burada deyil, bu məsələni ona şəxsən çatdırardım. Seçicilər həm Milli Məclisin spikerinə, həm də Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevə bu şikayəti çatdırmağımı istədilər. Bu problemin qısa zamanda həllinə dəstək verməyinizi istərdim".
Qanun layihələri səsə qoyularaq qəbul edilib.

Əli