Çexiya Səlim Müslimi Türkiyəyə ekstradisiya edəcəkmi? Siyasət

Çexiya Səlim Müslimi Türkiyəyə ekstradisiya edəcəkmi?

Elxan Şahinoğlu: "Avropadakı PKK dəstəkçiləri əllərindən gələn hər şeyi edəcəklər ki, Səlim Müslüm Türkiyəyə göndərilməsin"

Türkiyə ordusu Afrində davam edən "Zeytun budağı" əməliyyatı çərçivəsində 2059 terrorçunu məhv edib. Bu barədə ölkənin Silahlı Qüvvələrin Baş Qərargahı açıqlama yayıb. Türkiyə tərəfi əməliyyat çərçivəsində 33 hərbçisini itirdiyini, 150-yə qədər yaralısının olduğunu açıqlayıb.
Türkiyə Silahlı Qüvvələri və ASO-nun Afrində inamlı şəkildə irəliləməsi PKK-PYD terror qruplaşmasında daxili çəkişmələrə səbəb olub. Afrin əməliyyatı başladıqdan sonra yaranan qruplaşmadaxili münaqişələrdə terrorçuların 30-dan çox nüfuzlu üzvü edam edilib.
Məlumata görə, Afrindəki məğlubiyyətin səbəbini elə Afrin qrupunda görən Qəndil qrupu artıq əraziyə yeni rəhbərlər göndərib. Terrorçuların liderlərindən sayılan Cəmil Bayık Raco bölgəsinə Hüseyn Qabarı, Cinderes üçün isə Mani Aqid adlı şəxsi rəhbər təyin edib.
PKK-ya daha bir zərbə isə Kürd Şahinlər Briqadası ilə bağlıdır. Azad Suriya Ordusunun tərkibindəki Kürd Şahinlər Briqadası YPG-PKK terror təşkilatına qarşı savaşmaq üçün Afrinə girir. "Qırmızı berelilər" kimi tanınan briqadanın Afrinin mərkəzinin mühasirəsində və buradakı əməliyyatlarda yer alacağı gözlənilir. Briqadanın tərkibində olan hərbçilərin 400-ü kürd, 200-ü isə ərəbdir.
Kürd Şahinlər Briqadasının komandanı Həsən Abdullah əməliyyatla bağlı danışarkən "Biz Azez bölgəsinin kürdləriyik. İnşallah, Afrinə gedib çatacağıq. Tezliklə oradakı xalqımızı PKK zülmündən xilas edəcəyik" deyib.
Sözügedən hərbi birləşmənin Afrin əməliyyatında mühüm rol oynayacağı, Türkiyə ordusuna böyük dəstək verəcəyi bildirilib.
Qeyd edək ki, bir qədər əvvəl Kürd Şahinlər Briqadasının son hazırlıqları tamamlaması və Afrin əməliyyatına qoşulmağı gözləməsi haqda xəbərlər yayılmışdı.
Bu arada isə Birləşmiş Millətlər Təşkilatı (BMT) Suriyada atəşkəslə bağlı maraqlı addım addıb. Türkiyədən NMT-nin bu qərarına cavab gecikməyib. Türkiyə Baş nazirinin müavini Bəkir Bozdağ bildirib ki, BMT Təhlükəsizlik Şurasının Suriyada bir aylıq "Humanitar atəşkəs" elan etməsi "Zeytun budağı" əməliyyatına təsir göstərməyəcək: "Bu haqda müzakirə aparmağa belə dəyməz. BMT-nin bu qərarı terror təşkilatlarına şamil olunmur. Ona görə də qərarın Türkiyənin Afrində apardığı hərbi əməliyyatlara təsir göstərməsi müzakirə mövzusu belə deyil. Çünki biz bölgədə təkcə PKK-YPG-PYD ilə deyil, həm də İŞİD-lə savaşırıq. Bizim əməliyyat apardığımız ərazilərdə humanitar yardımla bağlı heç bir problem yaşana bilməz".
Qeyd edək ki, Küveyt və İsveç tərəfindən hazırlanan qətnamə layihəsi başda Şərqi Quta olmaqla, bütün Suriya ərazisində humanitar yardımların ünvanına rahat çatdırılması üçün atəşi bir aylıq dayandırmağı nəzərdə tutur. Bu qərardan sonra Türkiyənin Afrin əməliyyatınlarını dayandırması məsələsi sual altında idi.
Türkiyə üçün daha bir uğur PYD rəhbəri Səlim Müslimin Çexiyada yaxalanmasıdır. Rəsmi Ankara terrorçubaşının Türkiyəyə verilməsini istəyir. Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan Şanlıurfada çıxışı zamanı deyib ki, PYD-nin rəhbəri yaxalandı: "İstəyimiz odur ki, Çexiya onu bizə təslim etsin və ədalət yerini tapsın". "Bunlar ümməti bölüb, parçaladılar. Ona görə biz terrorçulara qarşı mübarizə aparırıq. Bizim kürd qardaşlarımızla problemimiz yoxdur. Afrin yavaş-yavaş təslim olur. Fəth yaxındır. İnşallah, Afrinin fəthini gözləyirik. Biz həmişə "Ey Amerika, bu adamı deportasiya et. Bu adamı saxlasan, ittifaqımıza xələl gələr" demişik. İndi də deyirik", - dövlət başçısı bildirib.
Politoloq Elxan Şahinoğlu deyib ki, əlbəttə, PKK/PYD terrorçu təşkilatının keçmiş lideri Səlim Müslimin İnterpolun xətti ilə Çexiyada həbsi Türkiyənin uğuru sayıla bilər: "Ancaq məsələ heç də sadə deyil. İndi əsas sual budur: Çexiya Səlim Müslümü Türkiyəyə ekstradisiya edəcəkmi? Məsələ burasındadır ki, Avropadakı PKK militanları və onların Avropanın siyasi kuluarlarındakı dəstəkçiləri əllərindən gələn hər şeyi edəcəklər ki, Səlim Müslüm Türkiyəyə göndərilməsin.
Abdullah Öcalanın həbsi yadıma düşdü. Neçə ölkə PKK-nın liderini Türkiyəyə təhvil verməmək üçün Öcalanı ölkədən ölkəyə göndərdilər, onu əvvəlcə Suriyadan qovdular, keçdi Rusiyaya, oradan İtaliya və Yunanıstana və ən nəhayət Keniyaya getdi və gizli şəkildə həbs olunub Türkiyəyə gətirildi. Onu da nəzərə almaq lazımdır ki, Çexiyadakı müəyyən mərkəzlərin PKK/PYD militanları ilə əlaqələrinə dair informasiyalar illərdir dolaşır. Elə Səlim Müslüm də Praqaya getməklə arxayın olub ki, Çexiya polisi onu həbs etməz".

Əli