“Cümhuriyyətin qurucuları ilə fəxr edirik” Siyasət

“Cümhuriyyətin qurucuları ilə fəxr edirik”

Azərbaycan prezidenti: "İlk dəfə Şərqdə Azərbaycan xalqı 100 il əvvəl demokratik cəmiyyət quruculuğunu həyata keçirib"

"Bu Forum artıq 6-cı dəfədir ki, keçirilir, nüfuzlu beynəlxalq platformaya çevrilib. Əminəm ki, Forumda beynəlxalq gündəliyin ən aktual məsələləri müzakirə edəcəyik, sabitliyi təmin etmək üçün təşəbbüslər irəli sürəcəyik".
Bunu dünən Azərbaycan prezidenti İlham Əliyev "İnklüziv cəmiyyətlərin qurulması üçün fərqliliklərin aradan qaldırılması" mövzusunda keçirilən VI Qlobal Bakı Forumunun açılış mərasimində deyib.
Bakıda keçirilən beynəlxalq tədbirlərdən, Avropa və İslam Həmrəyliyi oyunlarından söz açan prezident İlham Əliyev bildirib ki, bu tədbirlərdə müxtəlif millətlərin nümayəndələri, müxtəlif fikirli insanlar bir araya gəlir: "2008-ci ildən başlayan Bakı Prosesi çox mühüm prosesdir. Bakı Prosesi çərçivəsində xalqlar və dövlətlər arasında anlaşma yaranması üçün böyük işlər görülür. Səylərimiz sabitliyin, təhlükəsizliyin, qarşılıqlı anlaşmanın gücləndirilməsinə yönəlib".
Azərbaycanda tolerantlıq mühitindən söz açan dövlət başçısı qeyd edib ki, Azərbaycan bu sahədə dünyaya nümunə göstərir.
Dövlət başçısı VI Qlobal Bakı Forumunun həmsədrlərinə və iştirakçılarına təşəkkür edib.

"Status-kvo qəbuledilməzdir"

Prezident İlham Əluev Xocalı qətliamının azərbaycanlılara qarşı törədilmiş soyqırım olduğunu bildirib.
Dövlət başçısı deyib ki, azərbaycanlılar əsrlər boyu Dağlıq Qarabağda yaşayıb: "İndi bu ərazilər işğal olunub, tarixi, dini abidələrimiz dağıdılıb. ATƏT bu ərazilərə iki dəfə faktaraşdırıcı missiya göndərib və bu, təsdiqini tapıb. Münaqişə beynəlxalq hüquq normaları, ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır.
Ermənistan 20 ildən artıqdır, BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirmir.
Avropa Şurası və digər beynəlxalq qurumlar da müvafiq qərarlar qəbul edib.
Ermənistan isə işğal etdiyi torpaqları azad etmək istəmir. Ermənistan Dağlıq Qarabağ və ətraf 7 rayonu işğal edib. Lakin status-kvo qəbuledilməzdir. ATƏT-in Minsk Qrupunun həmsədr dövlətlərinin başçıları da bunu bəyan ediblər.
Ermənistan qoşunları dərhal işğal olunmuş torpaqlardan çıxmalı, azərbaycanlılar o torpaqlara qayıtmalıdır.
Münaqişə yalnız BMT qətnamələrinə, Helsinki Yekun Bəyannaməsinə uyğun həll edilməlidir".


"Azərbaycan aparıcı mövqedədir"


Prezident İlham Əliyev bildirib ki, işğal faktına baxmayaraq, Azərbaycan uğurla inkşaf edir:
O deyib ki, Azərbaycan yoxsulluq və işsizliyin aşağı olması baxımından dünyada aparıcı mövqedədir: "Ötən dövr ərzində 3000-dən artıq məktəb, 600-dən artıq xəstəxana tikilib və əsaslı təmir olunub".
İlkin dövrdə əsas diqqətin iqtisadi, siyasi müstəqilliyin təmin olunmasına yönəldiyini söyləyən dövlət başçısı qeyd edib ki, ölkə iqtisadi cəhətdən müstəqil olmasa, siyasi baxımından da müstəqil ola bilməz: "Yürütdüyümüz siyasət Azərbaycan xalqının maraqlarına söykənir. Son 10 ildə Azərbaycan iqtisadiyyatü 3,5 dəfə artıb. Bu, çox yüksək göstəricidir. Davos İqtisadi Forumunun rəqabət qabiliyyətinə görə hesabatına əsasən Azərbaycan 35-ci yerdədir. Davos İqtisadi Forumunun hesabatına əsasən Azərbaycan inklüziv inkişaf seqmentində isə dünyada 3-cü yerdədir".
Prezidentin sözlərinə görə, Azərbaycan adambaşına düşən sərmayələrə görə aparıcı yerdədir: "Son 10 ildə Azərbaycana 230 milyard dollar sərmayə yatırılıb. Biz nəinki öz ölkəmizə, region ölkələrinə də sərmayə yatırırıq".


"Azərbaycan regionda sabitləşdirici rol oynayır"


Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan Gürcüstan və Türkiyə ilə birgə Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəməri layihələrini uğurla həyata keçirib.
Dövlət başçısı bildirib ki, hazırda 7 ölkəni birləşdirən Cənub Qaz Dəhlizi layihəsi uğurla icra olunur: "Bu layihəyə 40 milyard dollar sərmayə qoyulacaq. Boru kəmərləri Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsinə öz töhfəsini verir. Milli təhlükəsizlik bir çox hallarda enerji təhlükəsizliyindən asılıdır. Azərbaycan nefti Avropada bəzi ölkələrini neftə tələbatının 40 faizini təmin edir. Biz bu il "Şahdəniz-2" fazasını istifadəyə verəcəyik. Biz inanırıq ki, yaxın tarixdə bu fazanın açılışını edəcəyik".
Prezident İlham Əliyev deyib ki, Azərbaycan, Gürcüstan və Türkiyənin regional əməkdaşlığı uğurla davam edir: "Keçən ilin oktyabrında Bakı-Tbilisi-Qars dəmir yolunun açılışını etdik. Bu xətdən istifadə etməklə iki həftə ərzində Asiyadan Avropaya yüklər daşına bilər. Asiya və Avropadan olan tərəfdaşlarımız bu dəmir yolundan istifadə etməkdədir və dəmir yoluna maraq artmaqdadır. Bu layihə üzrə marşrutun təşviq olunmasına çalışırıq".

Dövlət başçısı qeyd edib ki, Azərbaycanın məramı Asiya və Avropa, müsəlman və xristian dünyası arasında anlaşmanı gücləndirməkdir: "Həyata keçirdiyimiz layihələr nəticəsində regionda 10 minlərlə iş yeri açılır. Azərbaycan regionda sabitləşdirici rol oynayır və onun bu rolu yüksək qiymətləndirilir".


"Cümhuriyyətin qurucuları bu gün Azərbaycanı görsələr, fəxr edərdilər"

Dövlət başçısı gələn ay Azərbaycanın Qoşulmama Hərəkatının xarici işlər nazirlərinin toplantısına ev sahibliyi edəcəyiniu xatırladıb: "Azərbaycan İslam Əməkdaşlıq Təşkilatı ilə sıx əməkdaşlıq edir. Azərbaycan hazırda Avropa İttifaqı ilə yeni əməkdaşlıq sənədi üzərində işləyir. Bütün bunlar Azərbaycanın məqsədinin dostluq və tərəfdaşlığa yönəldiyini göstərir. Nailiyyətlər göstərir ki, Azərbaycan düzgün yoldadır".
Prezident qeyd edib ki, bu il Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qeyd ediləcək: "İlk dəfə Şərqdə Azərbaycan xalqı 100 il əvvəl demokratik cəmiyyət quruculuğunu həyata keçirib. İlk dəfə Şərqdə qadınların səsvermə hüququ təmin edilib və bir çox Avropa ölkələrindən əvvəl qadınlara səs hüququ verilib. Ancaq təəssüf ki, iki il sonra Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyinə son qoyulub. Müstəqilliyi qorumaq qazanmaqdan daha çətindir. Bu gün Cümhuriyyətin qurucuları Azərbaycanı görsələr, fəxr edərdilər. Biz də Cümhuriyyətin qurucuları ilə fəxr edirik".