Milli Qəhrəmanlar Azərbycan prezidentini təbrik ediblər Siyasət

Milli Qəhrəmanlar Azərbycan prezidentini təbrik ediblər

Azərbaycanın xidmətdə və fəaliyyətdə olan milli qəhrəmanları İlham Əliyevi yenidən prezident seçilməsi münasibətilə təbrik ediblər.
Təbrikdə deyilir: "Möhtərəm cənab prezident!
Sizi aprelin 11-də keçirilmiş Azərbaycan Respublikasının Prezidenti seçkilərində mütləq səsçoxluğu ilə inamlı qələbəniz münasibətilə bütün Azərbaycan xalqının yaşadığı böyük qürur, iftixar, sevinc hissinə və əsl bayram coşqusuna qoşularaq ürəkdən təbrik edir, Azərbaycanın müstəqilliyi, tərəqqisi və yüksəlişi naminə daha möhtəşəm uğurlar və zəfərlər diləyirik!
Müasir Azərbaycanın banisi Ümummilli Lider Heydər Əliyevin düşünülmüş və uzaqgörən siyasət xəttinin Sizin müdrik rəhbərliyinizlə dönmədən davam etdirilməsi sayəsində dövlət quruculuğunun yeniləşmə və müasirləşmə mərhələsində böyük nailiyyətlər qazanan, daha da çiçəklənən doğma Vətənimiz sürətlə inkişaf edir və günbəgün qüdrətlənir.
Həyata keçirdiyiniz son dərəcə inamlı və cəsarətli siyasət nəticəsində bölgədə lider və dünyada söz sahibi olan Azərbaycanın hər sahədə önəmli uğurları, Sizin təşəbbüsünüz və bilavasitə rəhbərliyinizlə gerçəkləşən, geniş coğrafi areal üçün mühüm əhəmiyyət kəsb edən siyasi-iqtisadi inkişaf, mədəniyyətlərarası dialoq, multikultural və humanitar dəyərlər, sülh və təhlükəsizlik naminə misilsiz strateji layihələr ölkəmizin beynəlxalq nüfuzunu durmadan yüksəldir.
Sizin ölçüyəgəlməz fədakarlığınız və məharətiniz sayəsində sabitlik və tərəqqi simvoluna çevrilmiş Azərbaycanda xalq-iqtidar həmrəyliyi gündən-günə möhkəmlənir, vətəndaşlarımızın sosial müdafiəsi və maddi rifahı yüksəlir, soydaşlarımız sabahını inamla qarşılayırlar. Qürurvericidir ki, iqtisadi potensialın ölkənin hərbi qüdrətinə çevrilməsi nəticəsində Azərbaycan Silahlı Qüvvələri dünyanın ən güclü orduları sırasında layiqli yerini tutmuşdur. Bu nailiyyətlər torpaqlarımızın işğaldan tam azad ediləcəyi, Azərbaycan Bayrağının Qarabağda dalğalanacağı günün heç də uzaqda olmadığına inamımızı daha da artırır. Bütün bunlar hər birimizdə fəxarət hissi doğurmaqla Sizə dərin hörmət və sonsuz ümumxalq sevgisi qazandırır.
Sizi əmin edirik ki, növbəti Prezidentliyiniz müddətində də hamımız müsəlləh əsgəriniz olaraq müstəqil və güclü Azərbaycan uğrunda, dövlət maraqlarının və mənafelərinin etibarlı qorunması üzrə siyasətinizin uğurla həyata keçirilməsi, Vətənin ərazi bütövlüyünün təmin olunması yolunda hər bir əmr və göstərişinizə daim hazırıq!
Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi bir daha səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, ailənizə xoşbəxtlik və səadət, Vətənimizin işıqlı sabahları naminə bütün zirvələri fəth etməyi diləyirik!"