“Ermənistan cəmiyyətinin gözləntisi bu deyildi” Siyasət

“Ermənistan cəmiyyətinin gözləntisi bu deyildi”

Qiyamla baş nazir postunu Serj Sərkisyandan almağı bacaran Nikol Paşinyan Ermənistanı təhlükə qarşısında qoyub. Yeni baş nazirin Azərbaycana yönəlmiş sərt ritorikası Ermənistana baha başa gələ bilər.
Ermənistan KİV-i Naxçıvanla sərhəddə Azərbaycan Silahlı Qüvvələri və erməni ordusu arasında baş vermiş silahlı qarşıdurma ilə bağlı bu cür ilginc iddiaları müzakirəyə çıxarıblar.
Erməni mənbələr Paşinyanın "demokrat" imicini axıradək qoruyub saxlaya bilmədiyinə və Naxçıvan ətrafında yaranmış gərginliyə diqqət çəkirlər:
"Nikol Paşinyan Sərkisyan əleyhinə başlayan nümayişlərin əvvəlində özünü "demokrat" kimi göstərə bilsə də, baş nazir postuna keçdikdən sonra bu təəssüratı alt-üst etdi. Bu, özünü onun istər hökumət quruculuğu yönündə fəaliyyətində, istərsə də Qarabağ məsələsinə yönəlik baxışlarında göstərir. Onun atdığı hər addım qıcıq yaradır. Lakin Ermənistan cəmiyyətinin gözləntisi bu deyildi.
Naxçıvan – Ermənistan sərhədində artan gərginlik də göstərir ki, Nikol Paşinyan idarəetmə məsələsində Serj Sərkisyandan naşıdır. Lakin onun bu naşılığı Ermənistana baha başa gələ bilər. İsti yay aylarının başlaması Dağlıq Qarabağda hərbi əməliyyatların başlanması üçün fürsət yaradır. Amma görünən budur ki, hələ də qələbə eyforiyasından çıxa bilməyən, Paşinyan bunu başa düşmür. O, közərən ocağın üstünə su yerinə benzin tökür. Öz vəzifəsinin icrasına başlayar-başlamaz Azərbaycanın əsəblərini tarım çəkəcək bəyanatlar verir. Hesab etmək olar ki, Rusiyanın İrəvana təzyiqlərinin artdığı bir vaxtda Paşinyanın özünü göstərmək üçün seçdiyi sərt ritorika Ermənistan üçün yaxşı nəticə verməyə bilər".