“Nəhəng layihə Azərbaycanı Avropa ilə daha sıx birləşdirir” Siyasət

“Nəhəng layihə Azərbaycanı Avropa ilə daha sıx birləşdirir”

"Cənub Qaz Dəhlizi Prezident İlham Əliyevin ideya müəllifi olduğu və geniş əməkdaşlıq nəticəsində reallaşdırılan böyük layihədir". Bu fikri Milli Məclisin deputatı Musa Qasımlı deyib. Musa Qasımlı bildirib ki, bu nəhəng layihə Azərbaycanı Avropa ilə daha sıx birləşdirir. Bundan başqa, Avropanın cənubunda yerləşən ölkələrin enerji təhlükəsizliyində Azərbaycanın əhəmiyyətini artırır. Həmin ölkələrin bir mənbədən asılılığının qarşısını alır. Cənub Qaz Dəhlizi Azərbaycanın geosiyasi, geoiqtisadi mövqelərini daha da möhkəmləndirəcək. Həmçinin dövlətimizin büdcəsinə xeyli gəlir gətirəcək, vətəndaşlarımızın sosial rifah halı daha da yaxşılaşacaq. Bu layihənin icrasında yeddi ölkə - Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan, Yunanıstan, Albaniya, İtaliya iştirak edir, eyni zamanda, üç Balkan ölkəsi - Bosniya və Herseqovina, Xorvatiya və Monteneqronun da növbəti mərhələdə bu layihəyə qoşulacağı gözlənilir. Bu, artıq layihənin qlobal xarakter daşıdığını və mühüm beynəlxalq əməkdaşlıq platforması olduğunu göstərir. Digər enerji layihələrində olduğu kimi, ABŞ da Cənub Qaz Dəhlizinin reallaşmasına dəstək verib. Bir sözlə, Cənub Qaz Dəhlizi Azərbaycanın böyük uğurlarından biridir və ölkəmizin beynəlxalq mövqelərini möhkəmləndirir.
""Cənub Qaz Dəhlizi" layihəsi Azərbaycanla Avropa ölkələri arasında ticarət tərəfdaşlığının genişlənməsinə xidmət edəcək".
Bunu-qlobal siyasət və transatlantik münasibətlər üzrə amerikalı ekspert Piter Teys deyib.
P.Teysin sözlərinə görə, "Cənub Qaz Dəhlizi"nin birinci mərhələsinin işə düşməsi Azərbaycanı təbii qazın etibarlı tədarükçüsünə çevirəcək layihənin reallaşdırılmasında ilk addımdır:
"Avropa ölkələrinin enerji tədarükünün şaxələndirilməsi ilə bağlı gözləntiləri hər zaman olduğundan daha yüksəkdir. Bundan başqa, layihənin işə salınması nəticəsində Azərbaycanla Avropa ölkələri arasında ticarət tərəfdaşlığı əhəmiyyətli dərəcədə genişlənəcək. Bu, Azərbaycan iqtisadiyyatına müsbət təsir göstərəcək, eləcə də azərbaycanlı və avropalı alimlərin rəhbərliyi altında elmi-tədqiqat layihələrinin reallaşdırılmasına təkan verəcək".